Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4325/2025 31.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-ə qarşı “işinə bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1991-ci il tarixdə ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçı işlə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı bir çox dövlət qurumlara müraciət etmişdir. İddiaçının Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 3-17/1-B-7184/2/2025 nömrəli müraciətinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 baxılmışdır. Sonuncu iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-2/2-B-19314/2/2025 nömrəli məktubunda bildirmişdir ki, müraciətin araşdırılması və dəqiqləşdirilməsi məqsədilə Gəncə-Daşkəsən regional məşğulluq filialının əməkdaşı tərəfindən iddiaçı ilə əlaqə saxlanılmış, iddiaçı müraciət etməkdə məqsədinin yalnız Goranboy rayonunda qaz ixracı sahəsində bağban işi ilə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı olduğunu bildirmişdir. İddiaçı "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemtinin “Əmək və məşğulluq” altsistemində (ƏMAS) 15 avqust 2024-cü il tarixindən işsiz kimi qeydiyyata alınmışdır. Halhazırda ƏMAS-da formalaşdırılmış vakansya bankında Qanunun 6.1-ci maddəsinə əsasən iddiaçıya uyğun münasib iş yeri olmadığına görə Filialın əməkdaşı tərəfindən məşğulluğun təmin edilməsi üçün digər məşğulluq tədbirləri barədə məlumat verilmiş, lakin iddiaçı yalnız işlə təmin olunmaq istədiyini bildirərək digər məşğulluq tədbirlərinə cəlb olunmaqdan imtina etmişdir. Eyni zamanda, Nazirlik tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) DOST İş Mərkəzinin məlumatına əsasən, iddiaçı xx.xx.2021-ci il tarixində Mərkəz arasında əmək müqaviləsi bağlanılaraq SOCAR-ın "Qaz İxracı"İdarəsinin magistral qaz kəmərlərinin Ağdaş rayonunun Goranboy rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsinə təhkim olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) uyğun olaraq sizinlə Mərkəz arasında bağlanılmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam verilmiş, son haqq-hesab ödənilmiş və həmin gün Mərkəzin əməkdaşı tərəfindən lcraçı quruma bu barədə elektron məktubla məlumat verilmişdir. Bildirilir ki, hazırda Mərkəzdə Goranboy rayonu üzrə sosial işçi vəzifəsinə vakansiya mövcud deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli, 3-17-5/2-B- 39363/2025 nömrəli məktuba əsasən iddiaçının müraciəti ilə əlaqədar ətraflı izahat verilməsi məqsədi ilə ünvanına (Goranboy rayonu, Səməd Vurğun küçəsi, ev 91) xx.xx.2025-cü il tarixli 3-17-5/2-B-27485/2025 nömrəli məktub göndərilmiş, lakin iddiaçı izahatını araşdırmaya təqdim etmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş sənədlərdən və məktubdan məlum olmuşdur ki, iddiaçı ilə xx.xx.2021-ci il tarixindən 1 aylıq əmək müqaviləsi bağlanılaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nəzdində "Qaz İxrac" İdarəsi üzrə X10 X3 rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsinə təhkim olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2002-ci il tarixli 84 nömrəli Qərarı ilə təsdiqlənmiş "Haqqı ödənilən ictimai işlərin təşkili Qaydaları"nın 1.2-ci bəndinə əsasən haqqı ödənilən ictimai işlər işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək məqsədi ilə "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil edilən ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləridir. "Haqqı ödənilən ictimai işlərin təşkili Qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı"nın 2.6-cı bəndinə əsasən ictimai işlər, bir qayda olaraq, 2 aya qədər müddətə təşkil olunur. Təqdim edilmiş sənədlərdən və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və məşğulluq" altsisteminə baxış keçirilərkən iddiaçı ilə xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verildiyi məlum olmuşdur. Əmək müqaviləsinə xitam verildiyi tarixdə qüvvədə olan qanunvericiliyə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəinə əsasən müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət quratardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müraciətdə 5 il fasiləsiz işləməsinə baxmayaraq müddətsiz əmək müqaviləsinə keçirilməməsi ilə əlaqədar bildirilmişdir ki, iddiaçı ilə xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC əmək münasibətləri formalaşdığından və 5 il tamam olmadığından müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilməsində qanunvericiliyin tələbləri pozulmamışdır. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsində işəgötürən tərəfindən (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsi) əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar müəyyən edilmiş olsa da, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən xitam verilmişdir. Həmçinin, "xxxx" MMC tərəfindən təqdim edilmiş sənədlərdən iddiaçı ilə son haqq-hesab olaraq 836.20 (səkkiz yüz otuz altı manat 20 qəpik) manat vəsaitin hesablandığı və təqdim olunan məktubda son haqq-hesabının ödənildiyi bildirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin "a" və "b" bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aiddir. Müraciətinizdə qeyd etdiyiniz məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17/2-B-4496/4/2025 nömrəli məktubunda bildirmişdir ki, "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununun 6.1-ci maddəsinə uyğun olaraq MEİS-də formalaşdırılmış vakansiya bankında münasib iş yeri olmadığına görə Filialın əməkdaşı tərəfindən iddiaçıya məşğulluğunun təmin edilməsi üçün digər aktiv məşğulluq tədbirləri barədə məlumat verilmişdir. Lakin iddiaçı yalnız Goranboy rayonunda X11 bağban işi ilə təmin edilmək istədiyini bildirərək, digər məşğulluq tədbirlərinə cəlb olunmaqdan imtina etmişdir. MEİS-də formalaşdırılmış vakansiya bankında münasib iş yeri yaranacağı təqdirdə iddiaçının işlə təmin olunması istiqamətində müvafiq tədbirlərin görülməsi təmin ediləcəkdir. İddiaçı Cavabdeh MMC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək işinə bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə qeydiyyata alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlayaraq "AzəriQaz" X4 X8 İdarəsinə Goranboy rayonu üzrə qaz avadanklıqlarının istismarı və təmiri üzrə çilingərin yanında yardımçı fəhlə vəzifəsinə təhkim olunmuşdur. xx.xx.2024-cü ildə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən işdən azad edilmişdir. Bundan sonra iddiaçı təkrar olaraq işə bərpa olunması üçün həmin təşkilata müraciət etmiş, lakin verilən cavab hesab edir ki, doğru deyil və təşkilat qərarını düzgün qəbul etməmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci tarixli, 3-17-7/2-20352/2025 nömrəli vəsatətində bildirmişdir ki, İddiaçı iddia tələbinə inzibati icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılmalıdır. Belə ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılaraq SOCAR-ın "Qaz İxrac" İdarəsinə Ağdaş Magistral X9 üzrə Goranboy rayonu ərazisində ictimai işlər üzrə köməkçi vəzifəsinə təhkim edilmiş, xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” (əmək müqaviləsinin müddətinin qurtarması) bəndinə əsasən iddiaçı ilə Mərkəz arasında bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İddia tələbindən göründüyü kimi tərəflər arasında yaranmış münasibətlərin əsası əmək müqaviləsi olmuş, həmçinin iddiaçı Cavabdeh MMC-də dövlət qulluqçusu olmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən bildiririk ki, Cavabdeh MMC inzibati orqan olaraq qeyd edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir, lakin hazırkı iddia tələbi üzrə mübahisə inzibati deyil, mülki-hüquqi xarakterlidir. Bu səbəbdən də hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı çərçivəsində baxıla bilməz. Əmək müqaviləsi mülki-hüquqi münasibətlərindən əmələ gələrək həmin münasibətlərin nəticəsi kimi ifadə olunur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarının 15.3-cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Qeyd olunanlara əsasən hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərardad qəbul edilməlidir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraz əsaslarını müdafiə edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edir ki, hazırkı iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının əsas niyyəti işə bərpa olunmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 nömrəli Qərarına əsasən: 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarının 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunun 2.2-ci maddəsinə əsasən publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsinə əsasən Agentlik aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində (bundan sonra - müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvələ əsasən, mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq aşağıdakı tələblərə ümumi məhkəmələr baxır: - Əmək münasibətlərindən irəli gələn tələblər; Məhkəmə müəyyən edir ki, cavabdeh inzibati orqan olsa belə, ümumi (publik) hüquq sahəsindəki fəaliyyətindən, yaxud cavabdehin hakimiyyət səlahiyyətlərinin subyekti kimi yalnız ona xas olan fəaliyyəti həyata keçirməsindən deyil, iddiaçı ilə ehtimal olunan işəgötürəni arasındakı işə qəbul tələbindən irəli gəlir. Belə ki, mübahisə dövlət qulluğuna qəbulla bağlı deyil və ya xidməti hüquq münasibətlərindən irəli gəlmir. X5 inzibati orqan hesab olunsa belə, dövlət orqanı deyil və nəticə etibarilə işə qəbul proseduru “Dövlət qulluğu haqqında” qanunla tənzimlənmir. İddiaçının işə qəbul edilməsi, onunla əmək bağlanması cavabdeh orqanın deyil, işəgötürənin səlahiyyətlərinə aid məsələdir, onun hüququdur. Müqavilə azadlığı prinsipi isə əmək müqaviləsinin məcburi bağlanmasına yol vermir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 15.3-cü bəndində ifadə olunmuş hüquqi mövqeyə görə, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır Məhkəmə iddiaçı tərəfin nəzərinə çatdırır ki, iddiaçı hazırki tələb üzrə mülki məhkəmə icraatı qaydasında baxılması üçün aidiyyəti üzrə səlahiyyətli rayon məhkəməsinə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC-ə qarşı “işinə bərpa olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Zəfər Quliyev