Məhkəmə qərarları › İş №2-1(114)-433/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-433/2021

18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-433/2021 18.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, X1 iştirakı ilə, X1 cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı qanun pozuntularına yol verdiklərinə, qanunla müəyyən olunmuş vəzifə borclarını yerinə yetirmədiklərinə və səlahiyyətlərini aşaraq cinayət törətdiklərinə görə qanunun tələblərinə uyğun olaraq icra məmurları Ülvü Quliyev, Ayxan Mənsurlu və Cavid Qasımovun barələrində tədbir görülməsi və onların bu hərəkətləri barədə MPM-nin 265.4-cü maddəsinin tələbinin tətbiq edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: X2 (bundan sonra mətndə iddiaçı) cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, qanun pozuntularına yol verdiklərinə, qanunla müəyyən olunmuş vəzifə borclarını yerinə yetirmədiklərinə və səlahiyyətlərini aşaraq cinayət törətdiklərinə görə qanunun tələblərinə uyğun olaraq icra məmurları Ülvü Quliyev, Ayxan Mənsurlu və Cavid Qasımovun barələrində tədbir görülməsi və onların bu hərəkətləri barədə MPM-nin 265.4-cü maddəsinin tələbinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2016-cı il tarixli 2(104)-2668/2016 nömrəli qətnaməsi icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə verilmiş icra vərəqinin icrası Ülvü Quliyevə həvalə edilmişdir. Ülvü Quliyev icra sənədinin icra edildiyi barədə saxta qərar qəbul edərək işə xitam verildiyini bildirmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icraya yönəldikdən sonra bir ay müddətində icra olunmalı olduğu halda icra məmurları qanunun tələblərini kobud səkildə pozaraq süründürməçiliyə yol verərək, məhkəmə qərarlarını vaxtında yerinə yetirməyərək cinayət törədirlər və onları məlumatlandırmırlar. Dəfələrlə rəsmi qaydada bu özbaşınalıqlar haqda Gəncə şəhəri üzrə İcra İdarəsinin keçmiş rəisi Nizami Qocayevə müraciət etsə də heç bir məlumat və cavab almamışdır. Özü şəxsən dəfələrlə Gəncə şəhəri üzrə İcra İdarəsinə gedərək işin gedişatı haqda məlumat almaq istəsə də icra idarəsinin rəhbərliyi və məmurları onu yalançı vədlərlə aldadaraq ona heç bir məlumat verməmişlər, bəhanə edərək işi tapa bilmədiklərini bildirmişlər. O, icra məmuru Ülvü Quliyev tərəfindən işə xitam verməsi haqda qəbul edilmiş qeyri-qanuni qərarından, Gəncə Apelyasiya Məhkəməsinə şikayət vermiş və Gəncə Apelyasiya Məhkəməsi həmin qərarı ləğv edərək icranın davam etdirilməsi haqda xx xxxxxx 2019-cu il tarixdə qərar qəbul etmişdir. Həmin qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru Xəqani Məmmədova həvalə edilsə də, o işi aylarla yubatdıqdan sonra pensiyaya çıxdığından işin icrası Ayxan Mənsurluya tapşırılmış, lakin o da öz növbəsində birincinin saxtakarlığını örtbasdır edərək onun verdiyi qərarın tarixini dəyişdirərək saxta qərar qəbul edərək işə xitam vermişdir. Ayxan Mənsurlu vətəndaşları aldatmaqla yanaşı dövlətin qanunlarını kobud şəkildə pozaraq qanunla müəyyən olunmuş vəzifə borcunu yerinə yetirməyərək səlahiyyətini aşmış və cinayət törətmişdir. İcra məmurunun qanunsuz hərəkətlərinə icra idarəsinin rəisi vəzifəsini icra edən Ələmdar İbrahimov da göz yumaraq ona heç bir məlumat verməmişdir. Qərarın icra olunmaması ilə bağlı Gəncə şəhər Prokurorluğuna müraciət olunmuş, prokurorluğun yazılı cavabında inzibati qaydada məhkəməyə müraciət olunması göstərilmişdir. Ayxan Mənsurlunun saxta qəbul etdiyi qərarından o, məhkəməyə şikayət vermiş və məhkəmə icra məmurunun işə xitam verməsi haqqında qərarını ləğv edərək icranın davam etdirilməsi haqda xx xxxxx 2019-cu ildə qərardad qəbul etmişdir. İcra idarəsi işin icra olunmasını icra məmuru Cahid Qasımova həvalə etsə də, bu günə qədər əvvəlki məmurların hərəkətlərindən çəkinərək məhkəmənin qərarını ümumiyyətlə yerinə yetirməyərək ciddi qanun pozuntusuna yol verərək işin icrasından imtina etmişdir. 2019-cu ildən bəri dəfələrlə onun rəsmi müraciətlərinə məhəl qoymayaraq ona cavab vermirlər. Süründürməçi hərəkətlərlə onu aldadaraq işi tapa bilmədiklərini, işi tapdıqdan sonra cavab verəcəklərini bildirmişlər. İcra İdarəsinə gedib-gəlməsinə, rəsmi müraciətlər etməsinə baxmayaraq heç bir cavab ala bilməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində göstərdikləri ilə eyni məzmunlu izahat verdi. İddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk öncə nəzərə alınmalıdır ki, mübahisənin ümumi (publik) hüququn nizama salma predmetinə aid olduğu müəyyən edilməlidir. Ümumi (publik) hüquq, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq İcra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia növlərinin dairəsi müəyyən edilmişdir. Hazırki işdə iddiaçının tələbi icra məmurları Ülvü Quliyev, Ayxan Mənsurlu və Cavid Qasımovun barələrində tədbir görülməsi və onların bu hərəkətləri barədə MPM-nin 265.4cü maddəsinin tələbinin tətbiq edilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Göründüyü kimi maddənin dispozisiyasında məhkəmənin işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa bu barədə xüsusi qərardad çıxarması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə tərəflər arasında mübahisə inzibati mübahisə hesab edilmədiyindən ona inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. İnzibati iddiaların ilkin ümumi mümkünlük şərti İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır. Göstərilən prosessual hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, hazırki tələb publik hüquq münasibətlərini tənzimləyən hüquq normaları ilə nizama salına bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, qərara aldı: X1 cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı qanun pozuntularına yol verdiklərinə, qanunla müəyyən olunmuş vəzifə borclarını yerinə yetirmədiklərinə və səlahiyyətlərini aşaraq cinayət törətdiklərinə görə qanunun tələblərinə uyğun olaraq icra məmurları Ülvü Quliyev, Ayxan Mənsurlu və Cavid Qasımovun barələrində tədbir görülməsi və onların bu hərəkətləri barədə MPM-nin 265.4-cü maddəsinin tələbinin tətbiq edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar