Məhkəmə qərarları › İş №2-1(114)-433/2022

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-433/2022

01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-433/2022 01.02.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətinə qarşı dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyən edilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq vakant vəzifə yarandıqda həmin vəzifəyə təyin olunmaq üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə (bundan sonra mətndə cavabdeh) qarşı 23.09.2009-cu il tarixdən 18.01.2019-cu il tarixədək Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətində dövlət qulluğunda inzibati vəzifə tutmağı və dövlət qulluğunda ixtisas dərəcələrinin verilməsi barədə məlumatların Dövlət Reyestrinə daxil edilməsi üçün Azəbaycan Respublikası Prezidentinin Adminitrasiyası və X2 göndərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 23.09.2009-cu il tarixdən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətinin 1 saylı regional sektorunun aparıcı məsləhətçi vəzifəsinə təyin olunmuş, 20.06.2011-ci il tarixdə ona “kiçik dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. 07.01.2014-cü il tarixdə “3-cü dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmiş, 27.05.2014-cü il tarixdə isə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətinbin 1 saylı regional sektorunun müdiri vəzifəsin təyin olunmuşdur. 01.01.2016cı il tarixdə ona “2-ci dərəcə dövlət qulluqçusu” ixtisas dərəcəsi verilmişdir. 18.01.2019cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin 17.01.2019-cu il tarixli, 479 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətininin ləğv edilməsi ilə əlaqədar “Dövlət qulluğu haqqında“ Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. 01.05.2019-cu il tarixdə ləğv edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətinin Ləğvetmə Komissiyasında mütəxəssis vəzifəsinə təyin olunmuşdur, 19.06.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı 27.10.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşməsi barədə ərizə verərək onun Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətində 23.09.2009-cu il tarixdən 18.01.2019-cu il tarixədək iş stajı nəzərə alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidməti ilə həmin tarixlər üzrə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən edilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq onun vakant vəzifə yarandıqda həmin vəzifəyə təyin olunmaq üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətinin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5739/2021 nömrəli 27.10.2021-ci il tarixli qərardadı ilə həmin ərizə icraat qəbul edilmişdir. Həmin məhkəmənin eyni tarixli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə iddia mümkün sayılmamalıdır. Belə ki, işdə olan iddiaçıya məxsus olan ******* nömrəli əmək kitabçasının 13-cü səhifəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 17.01.2019-cu il tarixli, 479 nömrəli Fərmanının 3-cü bəndinə görə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidməti ləğv edildiyindən iddiaçının dövlət qulluğuna xitam verilmişdir. Belə olan halda mövcud olmayan inzibati orqanın üzərinə öhdəliyin qoyulması mümkün deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər”. Hazırki mübahisədə cavabdeh inzibati orqan artıq mövcud olmadığından iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1, 35, 80, 81, 85-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidmətində 23.09.2009-cu il tarixdən 18.01.2019-cu il tarixədək iş stajı nəzərə alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və X1 Dövlət Xidməti ilə həmin tarixlər üzrə etibarlı dövlət qulluğu münasibətinin mövcudluğunun müəyyən edilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq onun vakant vəzifə yarandıqda həmin vəzifəyə təyin olunmaq üçün ehtiyat kadrlar siyahısına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar