Məhkəmə qərarları › İş №2-1(114)-4331/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4331/2023

25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4331/2023 25.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı "xxxx" MMC-nin vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********176106 nömrəli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul olunmuş **********176106 saylı qərara əsasən "xxxx" MMCyə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci və 57.1-ci maddələrinə əsasən ümumilikdə 262073,4 manat məbləğində əlavə vergi hesablanmış, 137717,44 manat məbləğində isə maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi məsuliyyətinə səbəb xx.xx.2022ci il tarixdə başlamış və xx.xx.2023-cü il tarixdə başa çatmış "xxxx" MMC-də vergi orqanı əməkdaşları tərəfindən keçirilmiş səyyar vergi yoxlaması tədbiri olmuşdur. Müabhisələndirilən qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, "xxxx" MMC-də xx.xx.2020-ci tarixdən, xx.xx.2022-ci il tarixədək olan dövr üzrə səyyar vergi yoxlaması zamanı istehsal olunmuş məhsulların topdan və pərakəndə satışının real bazar qiymətinin, enerji sərfiyyatı və avadanlıqların istehsal gücü əsas götrülməklə yoxlanılan dövrdə aylar üzrə istehsal həcminin müəyyən edilməsi tamamilə qanunsuzdur. Səyyar vergi yoxlaması zamanı bazar qiymətinin və istehsal həcminin müəyyənləşdirilməsi üçün "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin müvafiq mütəxəssisi yoxlama prosesinə cəlb edilmiş və cavabdeh orqan "xxxx" MMC barədə müvafiq qərar qəbul edərkən xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsaslanmışdır. Mütəxəssis kimi cəlb edilən şəxsin istehsal sahəsində təhsilini, iş təcrübəsini təsdiq edən sənədlər xx.xx.2023cü il tarixli mütəxəssis rəyinə əlavə edilmədiyindən və "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin istehsalat sahəsinə dair uyğun rəy vermək səlahiyyətinə malik olmaması verilmiş mütəxəssis rəyinin bir daha qanunsuz olduğunu təsdiqləyir. Azərbaycan Pespublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Fərmanı ilə "Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması" Qaydası təsdiq edilmişdir. Həmin Fərmanın 4.1. Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa apartının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Qeyd olunur ki, mövcud vergi qanunvericiliyi ilə topdansatış və və pərakəndə satış ticarət fəaliyyətinin vergitutma məqsədləri üçün gəlirlərin və xəclərin uçotunun aparılması qaydasında fərqlər müəyyən edilsədə, həmin ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi, başqa sözlə hədd meyarı müəyyən edilməmişdir. Lakin cavabdeh orqan mübahisəli qərarada göstərmişdir ki, cəmiyyət aylar üzrə müəyyən edilmiş həmin istehsal həcmlərindən elektron qaimələr üzrə təqdim olunmuş malların miqdarı (ayın əvvəlinə və sonuna qalıqlar nəzərə alınmaqla) çıxıldıqdan sonra yerdə qalan miqdar pərakəndə satış kimi götürülməklə cəmi aylıq və illik dövriyyələr müəyyən edilmişdir. Bu səbəbdən də cəmiyyətin 2020-2021-ci illər üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək olmamışdır. Mənfəət vergisinin və ƏDV üzrə verginin hesalanması ilə bağlı qeyd olunur ki, cavabdeh 2020-2021-ci illər üzrə cəmiyyətin əldə etdiyi mənfəəti birbaşa müəyyən edə bilmədiyi üün VM-nin 67.1-və 83.9-cu maddəsinin müddəlarına müvafiq olaraq şərti rentabellik norması 20% səviyyəsində götürülərək mənfəət vergisi hesablamış və yayındırılmış vergi məbləğinin 50% miqdarında maliyyə sanksiyası tətbiq etmişdir. “İNANC-İS" MMC-nin 2020-2021-ci illər üzrə əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkündür və bunun hesablanması üçün heç bir mətəxəssis və ekspertə ehtiyac yoxdur. Belə ki, mövcud qanunvericilik səyyarvergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən zəruri sənədlər təqdim olunmadığı halda vergi orqanına əlaqəli məlumatlar, o cümlədən xronometraj metodu ilə müşahidənin nəticələri üzrə vergiləri hesablamaq hüququ verir, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün müvafiq meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından da istifadə edilməsi nəzərdə tutulmuş, həmin vasitələrlə müəssisənin istehsal həcmi daha dəqiq müəyyənləşdirilə bilər. Lakin cavabdeh orqan müvafiq əlaqəli məlumatlardan istifadə etməmiş və yalnız ehtimallara əsaslanan mütəxəssis rəyi əsasında müəssisədə istehsal həcmini müəyyənləşdirərək istehsal həcmi və buna münasib də vergi məbləği hesablamışdır. Səyyar vergi yoxlaması zamanı cavabdehə cəmiyyətin müvafiq dövrlərə aid əmlak vergisi, torpaq vegisi, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburu dövlət sosial sığorta, işsizlikdən sığorta,və icbari tibbi sığorta haqları bəyannamələri və xarici iqtisadi əlaqələr haqqında gömrük məlumatları və s. məlumatlar təqdim olunmuş və həmin bəyannamələr və təqdim edilmiş sənədlər ilkin sənədlərlə yoxlanılarkən kənarlaşma aşkar olunmamışdır. Bundan başqa mütəxəssis və ekspert rəyində istehsal olunan malınlkq-nın ədv-siz bazar qiyməti şişirdilmiş şəkildə və bütün dövrlər üçün eyni qiymətə hesablanmışdır. İstehsal olunan malın 13-14% hissəsi(yəni qulp yeri) kəsilərək təkrar istehsala qaytarılır. Həmin hissə isə xammala çevrilir və yenidən istehsal olunur. Bütün bu proseslərin həyata keçirilməsi üçün əlavə elektrik energisi sərf olunur. Yenidən istehsal olunan həmin məhsulun satış qiyməti isə daha ucuz olur. Məhkəmə ekspertizası Haqqında" Qanunun 11-ci maddəsinə görə özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən internet informasiya ehtiyatı vasitəsilə təşkil edilən məhkəmə ekspertizası fəaliyyətinə dair qanunvericiliyin ümumu tələbləri, ekspert rəyinin tərtib edilməsi qaydaları və etik davranış kodeksinin müddəlarına dair icbari təlimdə iştirak etməlidir. Həmin şəxslərlə müvafiq icra hakimiyyəti orqanında müsahibələr keçirilir və onlara şəhadətnamələr təqdim olunur. Mütəxəssis və ekspert rəyləri mötəbər olsa belə, həmin rəy vergi hesablanması üçün yetərli hesab oluna bilməz. Formalaşmış vahid məhkəmə təcrübəsinə görə, vergi ödəyicisinin istehsal həcmini və və bunun üzərindən vergiyə cəlb edilən dövriyyənin yalnız mütəxəssis rəyi ilə hesablanması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır. Yəni, qeyd olunan yanaşma vergi ödəyicisinə əlavə verginin hesablanması zamanı yeganə əsas kimi çıxış edə bilməz. Ümumiyyətlə, hazırki mübahisə üzrə ƏDV və mənfəət vergisinin hesablanmasının əsasını "xxxx" MMC tərəfindən təqdim edilən rəyin təşkil etməsi, həmin rəyin isə mütəxəssis və ekspert olmayan şəxs tərəfindən verilməsi, verilmiş rəydə göstərilmiş rəqəmlərin düzgün hesablanmaması və şişirdilmiş şəkildə təqdim edilməsi cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarın qanunsuz olmasını əks etdirir. Bundan başqa “İNANC-İS" MMC istehsal firmasına məxsus təsərrüfat subyektində müvafiq dövr ərzində sərf olunan elektrik enerjisi sərfiyyatı istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilməz. Elektrik enerjisinin sərfiyyatı avadanlıqların istismar müddəti,avadanlıqların yoxlamanın keçirildiyi vaxtdan əvvəlki dövrdə qoşulması, hazırki vəziyyətdə məhsulun itkiyə getməsi və digər hallardan aslı olaraq müxtəlif həcmdə ola bilər. İddiaçının vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, səyyar vergi yoxlaması ilə 2020-2021-ci illər üzrə mənfəət vergisinin düzgünlüyü yoxlanılmışdır. Vergi ödəyicisi tərəfindən həmin dövr üzrə mənfəət vergisi bəyannamələri Vergi Məcəlləsinin 149.2-ci maddəsində göstərilən müddətdə vergi orqanına təqdim edilmişdir. Belə ki, istehsal ehtiyatlarının və eləcə də hazır məhsulların təsərüffatdaxili yerdəyişmələri (anbardan istehsala və istehsaldan satış mağazasına təhvili) təhvil-qəbul aktları ilə "xxxx" MMC-dən daxil olmuş 09 iyun 2023-cü il tarixli məktubla mütəxəssis rəyi verilmişdir. Rəyə əsasən mütəxəssis tərəfindən müəyyən edilmiş məhsullar üzrə istehsal həcmi ilə vergi ödəyici tərəfindən təqdim edilmiş hesabat (xammalmaterial, istehsal, satış mağazasına təhvili) təhvil-qəbul aktları ilə rəsmləşdirilməmiş və müvafiq mühasibat müxabirləşmələri verilməmişdir. Səyyar vergi yoxlaması aktında göstərildiyi kimi, yoxlanılan dövrdə cəmiyyət sellofan paketlərin istehsalı ilə məşğul olmuşdur. Cəmiyyət istehsal etdiyi həmin paketlərin bir hissəsini elektron qaimələr əsasında müxtəlif şəxslərə təqdim etsə də, bir hissəsini isə cəmiyyətin istehsal sahəsinin olduğu eyni ünvanda yerləşən satış mağazasında pərakəndə qaydada müxtəlif şəxslərə təqdim etmişdir. İstər təqdim edilmiş elektron qaimələrdə, istərsə də nağd satış zamanı NKA-nın qəbzlərinə təqdim edilmiş malların çeşidləri qeyd edilməmşdir.məlumatlan müqayisə edilmişdir. Yoxlanılan dövrdə cəmiyyət tərəfindən sellofan istehsalı sexində real istehsal həcmini müəyyən etmək məqsədi ilə 12 saylı ƏVBİ-nin xx.xx.2022-ci il tarixli **********165700 saylı Qərarına əsasən "xxxx" MMC-dən mütəxəssis qismində X3 dəvət edilmişdir. Həmçinin xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixdək olan yoxlama dövründə istehsal olunmuş məhsulların topdan və pərakəndə satışının real bazar qiymətini müəyyənləşdirmək üçün ekspert qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən X3 təyin edilmişdir. Mütəxəssis tərəfindən enerji sərfiyyatı və avadanlıqların istehsal gücü əsəs götürülməklə yoxlanılan dövrdə aylar üzrə istehsal həcmi müəyyən edilmişdir. Aylar üzrə müəyyən edilmiş həmin istehsal həcmlərindən vergi ödəyicisinin özü tərəfindən electron qaimələr üzrə təqdimolunmuş malların miqdarı ( ayın əvvəlinə və sonuna qalıqlar nəzərə alınmaqla) çıxıldıqdan sonra yerdə qalan miqdar pərakəndə satış kimi götürülməklə cəmi aylıq və illik dövriyyələr müəyyən edilmişdir. Mütəxxəsis rəyində həmin hesablamalar öz əksini tapmışdır. 2020- 2021-ci illər üzrə cəmiyyətin əldə etdiyi mənfəəti (gəlir) birbaşa müəyyən etmək mümkün olmadığı üçün yoxlama ilə həmin illər üçün cəmiyyətin əldə etdiyi mənfəət Vergi Məcəlləsinin 67.1 və 83.9 maddəsinin müddəalarına müvafiq olaraq "Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydalarının təstiq edilməsi barədə" Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarının 6.1.3-cü maddəsinə əsasən şərti rentabellik norması 20 % səviyyəsində götürülərək aşağıdaki kimi müəyyən edilmişdir. 2020-ci il üçün mənfəət vergisinin hesablanması:- 2020-ci ildə cəmiyyət uçotu kassa metodu ilə apardığı üçün həmin il üçün təqdim etdiyi mallara daxil olmuş 1758487,43 manat vəsait (o cümlədən malların təqdim edilməsindən gəlir 1756961,99 manat, icarə gəliri 1525,44 manat (1756961,99+1525,44=1758487,43)) ümymi gəlir kimi götürülərək ( mütəxəssis rəyi nəzərə alınmaqla, ƏDV nəzərə alınmadan) hesablanmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, “İNANC-İS" MMC-nin sahibkarlıq fəaliyyətində yanvar 2020sentyabr 2022-ci illəri əhatə edən dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. -surəti işə əlavə edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********176106 nömrəli qərarının məzmunundan görünür ki, “İNANC-İS" MMC mənfəət və əlavə dəyər vergisi borcuna görə 275.434,82 manat və vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası qismində 137.717,44 manat məbləğində məsuliyyətə cəlb edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti İnzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən vergi orqanının əməkdaşları tərəfindən “İNANC-İS" MMC-nin sahibkarlıq fəaliyyətində yanvar 2020-sentyabr 2022-ci illəri əhatə edən dövr üzrə növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. İddiaçı cəmiyyətdə aparılmış səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2023-cü il tarixli **********172276 nömrəli "Səyyar vergi yoxlaması" aktla rəsmiləşdirilmişdir. Bundan sonra 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********176106 nömrəli qərarına əsasən “İNANC-İS" MMC vergi borcuna görə 275.434,82 manat və vergi qanunvericiliyinin pozulmasına görə maliyyə sanksiyası qismində 137.717,44 manat məbləğində məsuliyyətə cəlb edilmişdir. İddiaçı hazırki tələblə qeyd olunan qərarı mübahisələndirmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********176106 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə cavabdehin mübahisələndirilən qərarının qanuni olub-olmadığını müəyyənləşdirmək üçün vergi sahəsindəki müvafiq normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -14.6.3. maddəsinə əsasən Eyni xüsusiyyətli və ya eyni cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu malların (işlərin, xidmətlərin) bazar qiymətləri haqqında məlumat toplamaq mümkün olmadıqda, aşağıdakı qiymətləndirmə üsullarından istifadə edilə bilər: 14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə əsasən. Malların (işlərin, xidmətlərin) bazar qiyməti həmin malların (işlərin, xidmətlərin) sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən olunur. Bazar qiyməti sonrakı satış qiymətindən tətbiq olunmuş əlavələr çıxılmaqla müəyyənləşdirilir. 14.6.3.2. Dəyərin toplanması üsuluna əsasən. Bazar qiymətləri malları (işləri, xidmətləri) təqdim edənin əsaslandırılmış xərclərini və mənfəətini toplamaqla hesablanır. 14.6.3.3. Malların (işlərin, xidmətlərin) bazar qiymətlərini bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. -16.1.3. maddəsinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq vergi ödəyicisinin vəzifəsidir. -23.1.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -23.1.2. maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüququdur. -36.3. maddəsinə əsasən Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. -38.1. maddəsinə əsasən Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. -38.7.3. maddəsinə əsasən vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək səyyar vergi yoxlaması dayandırılır. -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi)istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (maddə 67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (maddə 67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (maddə 67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (maddə 67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; (maddə 67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (maddə 67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (maddə 67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (maddə 67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (maddə 67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: (maddə 67.2.1) eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (maddə 67.2.2) eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (maddə 67.2.3) fəaliyyət göstərilən ərazi. Məcəllənin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Məcəllənin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Qeyd edilməlidir ki, səyyar vergi yoxlaması zamanı istehsal edilmiş məhsulların həcminin aylar üzrə elektrik enerjisinin sərfinə, avadanlığın istehsal gücünə uyğun müəyyənləşdirilməsi üçün "xxxx" MMC Konsaltinq və Qiymətləndirmə şirkətinin müvafiq mütəxəssisi yoxlama prosesinə cəlb edilmiş və cavabdeh orqan iddiaçı barədə müvafiq qərar qəbul edərkən mütəxəssis rəyinə əsaslanaraq iddiaçını vergi məsuliyyətinə cəlb etmişdir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, hər hansı bir vergi ödəyicisinin (fiziki və hüquqi şəxsin) gəlirlərinin elektrik enerjisinin sərfiyyatına görə hesablanması və yoxlanılması vergi qanunvericiliyində ümumiyyətlə nəzərdə tutulmamışdır. Yəni gəlirlərinin belə metodla hesablanması hər hansı maddi və prosessual hüquq normasına əsaslanmadığından qanuni sayıla bilməz. Eyni zamanda qeyd edilməlidir ki, Vergi Məcəlləsinin “Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi Qaydaları” adlanan 67-ci maddəsi mövcuddur ki, həmin hüquq norması 67.1-67.15-ci maddələrini əhatə edir. Həmin maddəyə əsasən vergi yoxlamasının aparılması zamanı vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı səbəblərdən mümkün olmadıqda, ödənilməli olan verginin məbləği əlaqəli məlumatlardan istifadə edilməklə hesablana bilər. Lakin hazırkı mübahisəyə münasibətdə vergilər cavabdeh tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin müəyyən etdiyi qaydada deyil, həmin Məcəllənin birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmışdır. Halbuki həmin Məcəllənin 67-ci maddəsinin tətbiqinin mümkünlüyünü, o cümlədən əlaqəli məlumatlardan istifadə etməklə ödənilməli verginin məbləğinin hesablanılması qaydasının tətbiqini istisna edən əsasların mövcud olduğu cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş sənədlərlə və iş üzrə materiallarla təsdiq olunmur. Vergi Məcəlləsinin 83.9-cu maddəsinə görə vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları»nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmışdır və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Göründüyü kimi, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl olunmadan, cavabdeh tərəfindən birbaşa olaraq həmin Məcəllənin 83.9-cu maddəsinə istinadən Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixi 55 saylı Qərarı ilə təsdiq olunmuş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”na əsasən şərti rentabellik norması tətbiq edilməklə vergi ödəyicisinə vergi məbləği hesablanmışdır. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni verginin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur Bundan əlavə qeyd edilməlidir ki, iddiaçıya məxsus təsərrüfat subyektində müvafiq dövr ərzində məhsulların istehsal həcmi bu istehsal zamanı sərf olunan elektrik enerjisi sərfiyyatı ilə müəyyən qədər mütənasiblik təşkil etsə də, bu dövriyyə üçün istehsal həcmini müəyyən edən yeganə göstərici kimi əsas götürülə bilməz. Həmçinin elektrik enerjisinin sərfiyyatı avadanlıqların istismar müddəti, o cümlədən avadanlıqlarla işləyən məsul şəxslərin peşəkarlıq səviyyəsindən və digər hallardan və xüsusatlardan asılı olaraq müxtəlif həcmdə ola bilər. Bununla yanaşı mövcud qanunvericilik səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən zəruri sənədlər təqdim olunmadığı halda vergi orqanına əlaqəli məlumatlar, o cümlədən xronometraj metodu ilə müşahidənin nəticələri üzrə vergiləri hesablamaq hüququ verir, vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün müvafiq meyarlar (eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı və s.) nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından da istifadə edilməsi nəzərdə tutulmuş, həmin vasitələrlə müəssisənin istehsal həcmi daha dəqiq müəyyənləşdirilə bilər. Lakin vergi orqanı müvafiq əlaqəli məlumatlardan istifadə etməmiş və yalnız formal şəkildə ehtimallara əsaslanan mütəxəssis rəyi əsasında müəssisədə istehsal həcmini müəyyənləşdirərək istehsal həcmi və buna münasib də vergi məbləğləri hesablamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********176106 nömrəli qərar qəbul olunarkən əsassız vergi məbləğləri hesablanmış, eləcə də müvafiq maliyyə sanksiyaları tətbiq edilmişdir. Qeyd olunan hal isə vergi orqanının mübahisələndirilən qərarının ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 67, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən tərtib edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********176106 nömrəli qərar ləğv edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar