Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-434/2020 06.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə İlham qızının katibliyi, X1, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X3 iştirakları ilə X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı müharibə veteranı kimi pul müavinəti fərqinin hesablanıb ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən X5 xx xxxxxx 1998-ci il tarixdə 012691 nömrəli müharibə veteranı vəsiqəsi və müvafiq status verilmişdir və bununla da o, qanunvericiliklə müharibə veteranları barədə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ əldə etmişdir. İddiaçı müharibə veteranı kimi pul müavinəti fərqinin hesablanıb ödənilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh isə xx xxxxxx 2019-cu il tarixli məktubla müraciəti təmin etməkdən imtina etmişdir. Bundan sonra, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli, 012691 nömrəli vəsiqəyə əsasən Qarabağ müharibəsi veteranı kimi 2001-ci ilin iyul ayından 2019-cu ilin mart ayına qədər kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətinin cavabdeh tərəfindən verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qarabağ müharibəsinin iştirakçısı kimi müharibə veteranı adını daşıyır və ona müharibə veteranı vəsiqəsi verilmişdir. X9 işlədiyi müddətdə və təqaüdə buraxılandan sonra müharibə veteranları üçün verilən müavinət pulunu almışdır. Lakin 2001-ci ilin iyul ayından 2019-cu ilin mart ayına qədər həmin müavinət pulu verilməmişdir. 2001-ci ilin iyul ayından 2019-cu ilin mart ayına qədər verilməmiş müavinətin verilməsi ilə əlaqədar olaraq Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə ərizə və sənədlərlə müraciət etmişdir. Lakin onun ərizəsi nəzərə alınmamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş xx xxxxxx 1998-ci il tarixli vəsiqədə müharibə veteranlığı barədə göstərilən məlumatlar DSMF Bərdə rayon şöbəsi tərəfindən təsdiq edilməmiş və nəzərə alınmamışdır. Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin ona göndərdiyi xx xxxxxx 2019-cu il tarixli məktubunda göstərilmişdir ki, Qarabağ müharibəsi veteranı kimi kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət təyin edilməsindən imtina edilmişdir. O, 1991-ci il tarixdən 2001ci il tarixə kimi X9 xidmət etmiş və həmin ildən təqaüdə buraxılmışdır. Xidmət ili 10 il təşkil edir. X9 xidmət etdiyi müddətdə 1992-ci ildən 1994-cü ilə qədər Azərbaycan Respublikasının suverenliyi vəərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməklə, Qarabağ müharibəsinin iştirakçısıdır. Ağdərə, Ağdam, Goranboy uğrunda gedən döyüşlərdə iştirak etmişdir. DSFM-nin Bərdə rayon şöbəsi tərəfindən onun 2001-ci ilin iyul ayından 2019-cu ilin mart ayına qədər Qarabağ müharibəsi veteranı kimi kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət pulunun verilməməsi hüquqlarının pozulmasına səbəb olur. Odur ki, hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X2 şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin etibarnamə üzrə nümayəndəsi X6 iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikasının “Sosial müavinətlər haqqında” Qanunu Respublikada sosial müavinətlərin təyin edilməsi və verilməsinin hüququ əsaslarını müəyyən edir. Qanunun 7-ci maddəsinin 7.0.6 bəndində bəzi kateqoriyalı şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət, vətəndaşın əmək pensiyası hüququ olmadıqda və veteran vəsiqəsi təqdim edildikdə, veteran vəsiqəsinin təsdiq edildiyi tarixdən təyin edilməsi nəzərdə tutulmuşdur. Yəni, sosial müavinəti şəxs əmək pensiyası almaq hüququ olmadıqda ala bilər. İddiaçı isə tələb etdiyi illərdə əmək pensiyası aldığından ona sosial müavinətin ödənilməsi mümkün deyildir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin və xx.xx.1998-ci il tarixli, 012691 nömrəli vəsiqənin təsdiqlənmiş surətləri, xx.xx.2019-cu il tarixli, 7053 nömrəli arayış və Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin xx.xx.2019-cu il tarixli, ********** nömrəli məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, iddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbindən məlum olur ki, iddiaçı xx.xx.2019-cu ildən sosial müavinətin əvəzi kimi ödənilən Prezident təqaüdü almasına istinad edərək, əvvəlki 2001-ci ilin iyul ayından 2019-cu ilin mart ayına qədər ona ödənilməyən sosial müavinətin ödənilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəifndən verilmiş 012691 nömrəli, xx xxxxxx 1998-ci il tarixli vəsiqədən məlum olur ki, X5 müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Məhkəmə hazırkı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. 11.1.5. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət - onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda müavinətin ödənilməsi dayandırılır. "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli, 311 nömrəli qərarının 1.1. maddəsində qeyd edilir ki, bu Qaydalar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzləri tərəfindən sosial sığorta ödəyicisi və əmək pensiyası hüququ olmayan şəxslərə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (dövlət qulluqçularına ömürlük müavinət və işsizlik müavinəti istisna olmaqla) sosial müavinətlərin, ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və kompensasiyanın təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarını tənzimləyir. 1.3. maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin edilir. 1.4. maddəsinə əsasən birdəfəlik müavinət istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət, təqaüd və kompensasiya təyin edilməsi üçün müraciət edilmə vaxtından asılı olmayaraq, onu almaq hüququ yaranan gündən təyin olunur. Məhkəmə iddiaçının hazırda Prezident təqaüdü alması ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasında ayrı-ayrı vətəndaşların ölkə qarşısında xidmətlərinin qiymətləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müxtəlif fərman və sərəncamlarına əsasən onlara Azərbaycan Respublikası Prezidentinin təqaüdləri hüququn yarandığı tarixdən təyin olunaraq ödənilir və təqaüdün Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri, fəxri adlara görə aylıq təqaüdlər, Azərbaycan Respublikası Milli Qəhrəmanlarına və onların ailə üzvlərinə verilən Prezident təqaüdü, 20 Yanvar şəhidinin ailə üzvlərinə Prezident təqaüdü, şəhid ailə üzvlərinə Prezident təqaüdü, müharibə əlillərinə Prezident təqaüdü, 20 Yanvar əlillərinə Prezident təqaüdü, Böyük Vətən Müharibəsi əlillərinə Prezident təqaüdü kimi növləri vardır. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanının 1, 2 və 5-ci hissələrinə əsasən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 80 manat müəyyən olunmuş, Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilməsi və Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilməsi qərara alınmışdır. Qanunvericiliyin tələbindən göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə iştirakçılarına həmin sosial müavinətin əvəzinə verilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanı ilə sosial müavinət Prezident təqaüdü ilə əvəz edildiyindən və prezident təqaüdünün ödənilməsi əmək pensiyası hüququnun olması ilə məhdudlaşdırılmadığından iddiaçıya ödənilməsi qanuni və əsaslıdır. Lakin o da qeyd edilməlidir ki, Prezident təqaüdünün əvvəlki illər üçün ödənilməsi nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçıya əmək pensiyası təyin edildiyindən və bu sosial müavinətin ödənilməsini istisna etdiyindən, Azərbaycan Respublikası Prezidentinin təqaüdününisəəvvəlkiillərüçünödənilməsinəzərdatutulmadığındancavabdeh inzibati orqanın imtinası qanunamüvafiq hesab edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı müharibə veteranı kimi pul müavinəti fərqinin hesablanıb ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı müharibə veteranı kimi pul müavinəti fərqinin hesablanıb ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-434/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-434/2020
06.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver