Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-434/2021 18.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı Cavabdeh xx.xx.2021-ci il tarixli qərarı ilə 11426 manat vəsaitin tutulması üçün «ASC Meqa Sığorta» şirkətinə əmək haqqından hər ay 50 faiz pulun tutulması barədə müvafiq qərarın qanunsuz olduğu üçün ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı Cavabdeh xx.xx.2021-ci il tarixli qərarı ilə 11426 manat vəsaitin tutulması üçün «ASC Meqa Sığorta» şirkətinə əmək haqqından hər ay 50 faiz pulun tutulması barədə müvafiq qərarın qanunsuz olduğu üçün ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə İnzibati-İqtisadi məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2-2(83)-1154/2015 saylı qətnaməsi ilə ondan 16851 manat məbləğində pulun tutularaq «xxxx» Sığorta şirkəti ASC-nin xeyrinə ödənilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsinin icra mərhələsində o, şirkətə dəvət olunmuş, şirkətin əməkdaşları «xxxx» SŞ ASC-nin adından onunla danışıqlar aparmış «xxxx» SŞ ASC ilə onun arasında qarşılıqlı razılaşmaya əsasən xx xxxxxx 2015-ci il il tarixli 2-2(83)- 1154/2015 saylı qətnamə üzrə «xxxx» SŞ ASC-yə olan borcunu yəni 5525 manat hissəsini ödəmiş, həmin şirkətdə işlədiyinə görə ona ödənilməli olan əmək haqqının əvəzləşdirilməsi müqabilində yerdə qalan məbləğ isə ona güzəşt edilmişdir. Bu qarşılıqlı razılaşma ilə əlaqədar olaraq Gəncə şəhəri üzrə İcra İdarəsinə və tələbkar X1 cənab Selçuk Adıgüzel tərəfindən xx.xx.2020-ci il tarixli, 15/4070 reyestr nömrəli məktubla bildirmişdir ki, «xxxx» SŞ ASC-nin İddiaçı qarşı yuxarıda qeyd olunan qətnamə üzrə heç bir tələbi qalmamışdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən (yəni icra icra sənədi tam icra olunduğuna görə) icra işinə xitam verilməsi ilə əlaqədar rəsmi məktub daxil olmuşdur. Bundan sonra o, dəfələrlə Sığorta Şirkətinin rəsmi reyestrində olan məktubun ona verilməsini tələb etsə də həmin şirkətin əməkdaşları bu günə qədər həmin məktubu ona verməkdən imtina edirlər. Nəticədə Gəncə şəhər icra idarəsi xx xxxxxx 2021ci il tarixli müvafiq qərarı ilə 11426 manat vəsaitin tutulması üçün işlədiyi «ASC Meqa Sığorta» şirkətinə məktub göndərərək əmək haqqından hər ay 50 % pulun tutularaq tələbkar «xxxx» SŞ ASC-yə yönəldilməsini göstərmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin bu qərarı qanunsuzdur. O, ailəlidir, himayəsində 3 yetkinlik yaşna çatmayan övladı var, səhhətində isə ciddi problemləri olduğu üçün daimi həkim nəzarətində olmaqla müalicə olunur. 5 nəfər ailə üzvündən 3 nəfəri yetkinlik yaşına çatmayan uşaqlardan ibarət olan ailənin 1 ay müddətində yaşaması üçün minumum 939 manat pul vəsaiti tələb olunur. Gəncə şəhəri üzrə İcra İdarəsi bütün bunları nəzərə almadan qanunsuz olaraq qərar qəbul etmişdir. Ona görədə Cavabdeh xx.xx.2021-ci il tarixli qərarının qanunsuz olduğu üçün ləğv edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş materialları araşdırıb hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair xx xxxxxxxx 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair iş lərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair xx xxxxxxx 2017-ci il tarixli qərarında isə göstərilmişdir ki, "...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra, edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, «icra haqqında» Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, «İcra haqqında» Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Məsələn, «İcra haqqında» Qanunun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etmək hüququna malikdir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin «İcra haqqında» Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir». Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli (İş № 2-1(102)-2042/2017) və xx.xx.2019-cu il tarixli (İş № 2- 1(102)-2242/2019) nömrəli qərarlarında qeyd edilmişdir ki, İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. Kollegiya qeyd edir ki, «İcra haqqında» Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. «İcra haqqında» Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. «İcra haqqında» Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, «İcra haqqında» Qanun məcəlləşdirilmiş prosessual normativ hüquqi aktlardan fərqli olaraq məhkəmə aidiyyəti qaydalarını müəyyən edə bilməz. Ümumi prinsipə görə işlər üzrə məhkəmə aidiyyəti qaydaları müvafiq sahələrə mülki prosessual, cinayət-prosessual, inzibati prosessual, habelə inzibati xətalar haqqında qanunvericiliyə) aid prosessual qanunvericiliklə tənzimlənir. Ona görə də, hazırkı halda icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə dair işlərin məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı nəzərə alınmalı olan normativ-hüquqi akt kimi «İcra haqqında» Qanun deyil, Mülki Prosessual və İnzibati Prosessual Məcəllələr çıxış edir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi ilə bağlı mübahisələrə inzibati iddia kimi baxa bilmək üçün ilk növbədə münasibətlərin inzibati hüquqla bağlı yaranması tələb olunur. Eləcə də, qaldırılmış iddia da İPM-in 2.2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən hansısa birinə aid edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin icra Xidməti Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli 136 nömrəli Qərarı ilə təstiq edilmiş «İnzibati orqanların Təsnifatı»nın İİ hissəsinin 2.1.1-ci bəndinə müvafiq olaraq inzibati orqanlara aid edilsə də, bu xidmətin icra məmurlarının icra sənədlərinin icrası ilə əlaqədar həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilməməli, müvafiq olaraq həmin fəaliyyətin gedişində qəbul etdikləri qərarlar da inzibati akt hesab olunmamalı, eləcə də edilmiş hərəkətlər inzibati orqanın inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilməməlidir. Sözügedən fəaliyyət zahirən inzibati hüquq sahəsinə aid fəaliyyət kimi görünsə də, belə deyildir. İcra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (edilən hərəkət və ya hərəkətsizliyə) məhkəməyə müdafiəsi hüququnun reallaşdırılmasının tərkib hissəsi və davamı kimi yanaşılmalıdır. Çünki məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Qanunvericilik isə icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının xüsusi qaydasını müəyyən etmişdir. MPM-in 228-232-ci maddələrindəki tənzimləmələr də bunu təsdiq edir. Beləliklə, icra sənədinin icra olunması ilə bağlı icra məmuru tərəfindən qəbul edilən qərarlar və hərəkətlər (o cümlədən hərəkətsizliklər) inzibati hüquq sahəsinə aid məsələlərin tənzimlənməsinə yönəlmədiyindən onların inzibati iddia qaydasında ayrıca iddia verməklə inzibati məhkəmə icraatında mübahisələndirilməsi mümkün deyildir. Bununla yanaşı, icra məmurunun icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan qanunsuz qərarları, eləcə də hərəkət və ya hərəkətsizliyi nəticəsində hər hansı bir tərəfə (borclu və ya tələbkara, eləcə də üçüncü şəxslərə) ziyan vurulduğu iddia edilirsə, həmin mübahisələrə İPM-ə müvafiq olaraq inzibati məhkəmədə baxıla bilər. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından kollegiya hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru tərəfindən güman edilən hərəkətsizliyə yol verildikdə, onun müahisələndirilməsi məsələsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən həll edilməli məsələdir. Ona görə də, iddiaçı (icra icraatında tələbkar) müvafiq əsasların mövcudluğunda icra məmurunun hərəkətsizliyi məsələsinə qiymət verilməsi üçün icra icraatına nəzarət edən məhkəməyə müraciət etməlidir. İddiaçı isə bu qaydada icra sənədini vermiş və icraya nəzarət edən Gəncə Kommersiya Məhkəməsinə müraciət etməmiş, Gəncə İnzibati Məhkəməsində ayrıca inzibati iddia qaldırmışdır. Yuxarıda qeyd olunduğu kimi belə iddialar inzibati mübahisə hesab edilmədikləri üçün ona inzibati məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir, inzibati iddiaların ilkin ümumi mümkünlük şərti isə İPM-in 1.1-ci maddəsində təsbit edilmiş qaydaya görə mübahisənin inzibati hüquq münasibətləri ilə bağlı yaranmış olmasıdır». Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda şərh olunan mövqelərindən çıxış edərək qeyd olunanları hazırki işə tətbiq edərək hesab edir ki, iddiaçı sözügedən qətnamənin icrası ilə bağlı icra məmurunun hərəkətindən qətnaməni qəbul etmiş Gəncə Kommersiya Məhkəməsinə şikayət etməlidir. «İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2019-cu il №1325 Sərəncamına əsasən Gəncə İnzibati Məhkəməsi və Gəncə Kommersiya Məhkəməsi təşkil edilmişdir. Göstərilənlərə əsasən iddiaçının tələbi kommersiya mübahisəsi üzrə qəbul olunmuş qərardan irəli gəldiyindən iddiaçı Gəncə Kommersiya Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunuəsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı : İddiaçı cavabdeh Gəncə şəhəri üzrə İcra İdarəsinə qarşı Cavabdeh xx.xx.2021-ci il tarixli qərarı ilə 11426 manat vəsaitin tutulması üçün «ASC Meqa Sığorta» şirkətinə əmək haqqından hər ay 50 faiz pulun tutulması barədə müvafiq qərarın qanunsuz olduğu üçün ləğv edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apellyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-434/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-434/2021
18.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver