Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-434/2023 11.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin dövlət qeydiyyatında düzəliş edilməklə çıxarışın verilməsi tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 1963-1965-ci illərə aid təsərrüfatbaşına kitaba əsasən X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş Ağstafa rayon, Dağkəsəmən kəndində yerləşən 0,25 ha torpaq sahəsinin ölçüsünə uyğun olaraq onun mülkiyyətində olan 0,12 ha torpaq sahəsinin dövlət qeydiyyatında düzəliş edilərək, 0,19 ha qeyd edilməklə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, müvafiq çıxarışa əsasən mülkiyyətinə 0.12 ha torpaq sahəsi verilmişdir. Arxiv arayışına əsasən isə 1963-1965-ci illərə aid təsərrüfatbaşına kitaba əsasən X1 və onun ailə üzvlərinin mülkiyyətində Ağstafa rayon, Dağkəsəmən kəndində 0,25 ha torpaq sahəsi olmuşdur. Həmçinin Torpağın mülkiyyətə verilməsinə dair JN-461A nömrəli şəhadətnaməyə görə Ağstafa Rayon AİK-nın xx.xx.2000-ci il tarixli qərarı ilə 0.25 ha torpaq sahəsinin 0.06 ha hissəsi X1 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Göründüyü kimi ona çıxarış verilərkən torpaq sahəsinin ölçüsü 0.19 yazılmalı olduğu halda 0.12 ha yazılmışdır. İddiaçı qeyd olunan səhvin düzəldilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X4 əvvəlki məhkəmə iclasında iddianı qəbul etməmiş və bildirmişdir ki, iddiaçının mülkiyyətinə 0.12 ha torpaq sahəsi Ağstafa Rayon AİK-nın xx.xx.2000-ci il tarixli, 05 saylı qərarı və həmin qərar əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-461A nömrəli şəhadətnaməyə əsasən verilmişdir. Arxiv arayışında qeyd olunan 0.25 ha sahənin iddiaçının mülkiyyətinə verilməsi idarənin səlahiyyətində deyil. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş sənədlərdən görünür ki, Ağstafa Rayon AİK-nın xx.xx.2000ci il tarixli, 05 saylı qərarı əsasında verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-461A nömrəli şəhadətnaməyə əsasən X1 və X2 mülkiyyətinə 0.12 ha torpaq sahəsi verilmiş, həmin sənədə əsasən Ağstafa rayon, Dağkəsəmən kəndində yerləşən fərdi yaşayış evi və yerləşdiyi 0.12 ha torpaq sahəsi onların paylı mülkiyyətinə verilmiş, X1 ölümü ilə əlaqədar həmin əmlak xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmişdir. -surəti işə əlavə edilmiş Ağstafa rayon Dövlər arxivinin xx.xx.2022-ci il tarixli, 67 nömrəli arayışında bildirilir ki, 1963-1965-ci illərə aid təsərrüfatbaşına kitaba əsasən X1 və ailə üzvlərinin istifadəsində 0.25 ha torpaq sahəsi qeyd edilmişdir. -işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli imtina aktından görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. -işə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, **********06 nömrəli məktubuna əlavə edilmiş Ağstafa rayon, Dağkəsəmən kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından çıxarışdan görünür ki, X3 və ailə üzvlərinə 0.06 ha torpaq sahəsi verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçının valideynlərinə AİK-nın qərarı ilə 0.06 ha torpaq sahəsi verilmiş, iddiaçı arxiv arayışına əsasən valideynlərinin faktiki sahibliyində 0.25 ha sahə olması əsası ilə mülkiyyətinə verilmiş torpaq sahəsinin ölçsü ilə bağlı düzəliş edilməsini tələb etsə də cavabdeh bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan məhkəmə tərəfindən verilmiş sorğuya cavabdan görünür ki, Ağstafa rayon, Dağkəsəmən kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahısından çıxarışda X3 və ailə üzvlərinə 0.06 ha torpaq sahəsi verildiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının valideynlərinə verilmiş torpaq sahəsinin həcmini sonuncular hüquq sahibi olaraq mübahisələndirməmişlər, həmin əmlak isə vərəsəlik qaydasında iddiaçının mülkiyyətinə verilmişdir. Bu hal isə daşınmaz əmlakın qeydiyyat məlumatlarında olan uyğunsuzluğun aradan qaldırılmasını istisna edir. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı torpaq sahəsinin dövlət qeydiyyatında düzəliş edilməklə çıxarışın verilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-434/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-434/2023
11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver