Məhkəmə qərarları › İş №2-1(114)-434/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-434/2024

11.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-434/2024 11.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, üçüncü şəxs X5 iştirakı ilə, İddiaçı cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı (üçüncü şəxs X7) doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, qızı X6 doğum qeydində düzəliş edilərək, qızının soyadının “Əliyev”, ata qrafasında ata soyadının “İddiaçı”, ana qrafasında isə “Həsənova (Əliyeva) Svetlana İnqilab qızı” kimi göstərilməsi barədə öhdəliyin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, X8 iddiaçının qızıdır. O, iddiaçı ilə X1 birgə nigahından andan olmuşdur. Qızının doğum şəhadətnaməsində ata qrafasında atanın səhv yazılaraq « X9 » kimi, ana qrafasında isə ana adı « X7 » kimi, qızının soyadı isə « X8 » kimi qeyd edilmişdir. Ərizəyə əlavə edilmiş 1 saylı uşaq poliklinikasının arayışdan da göründüyü kimi X6 valideyini kimi İddiaçı və anası X3 göstərilmişdir. İddiaçı hazırda qızı və həyat yoldaşı ilə birlikdə yaşayırlar. Lakin cavabdehin doğum qeydində etdiyi səhvə görə övladının doğum şəhadətnaməsində adlar səhv yazılmışdır. Cavabdehə doğum qeydində düzəliş edilməsi barədə müraciət etsə də bu düzəlişin yalnız məhkəmə qaydasında mümkün olması göstərilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3833/2023 nömrəli qərardadı ilə X7 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının vəkili X11 əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmişdir. Üçüncü şəxs X7 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, İddiaçılə faktiki nikahlarından 2020-ci ildə qız uşağı doğulmuş, uşaq 1 həftə onunla qalmış, sonra özünün xəstəliyi ilə bağlı uşağı Ələkbərə vermişdir. Ələkbər həmin vaxt Svetlana Həsənova ilə rəsmi nikahda olmuşdur və onların uşaqları olmamışdır. Dünyaya gətirdiyi uşağı da özü xəstə olduğuna görə onlara vermişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gəncə “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş doğum haqqında akt qeydindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X2 şəhərində anadan olmuş, ata qrafasında «X9», ana qrafasında isə «X7» qeyd edilmişdir. -surəti işə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, AZ-İV 551102 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2020-ci il tarixdə anadan olmuş, ata qrafasında «X9», ana qrafasında isə «X7» qeyd edilmişdir. -işə əlavə edilmiş 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, doğum haqqında akt qeydində düzəliş edilməsi ilə bağlı iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləoğlunun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı tədqiq edilən sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı övladının doğum akt qeydində yanlış məlumatların qeyd edildiyini iddia edərək, doğum akt qeydinə müvafiq düzəliş edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Ailə Məcəlləsinin:- -43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələrinin yaranma əsasları qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. -44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın:- -2.2-ci bəndinə əsasən doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. -2.5-ci bəndinə əsasən doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; -2.8-ci bəndinə əsasən doğum haqqında akt qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana onlardan birinin ərizəsi əsasında doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar; 2.8.2. valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 2.8.3. uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlıq vəziyyəti aktı qeydində qeyri-düzgün məlumatların göstərilməsi” vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişikliklər edilməsinə səbəb olan hallardan biri kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktları qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktı qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçının övladı X8 nikahı olmayan anadan, yəni X4 anadan olmuşdur və qanunvericiliyin yuxarıda istinad olunan normalarının tələblərinə uyğun olaraq doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə anasının soyadı-“Nəcimova” yazılmış, eyni zamanda, uşağın atasının adı da uşağın anasının göstərişinə əsasən yazılmışdır. Göründüyü kimi, iddiaçının övladının bioloji anası X8 olduğundan, eləcə də uşağın doğum akt qeydindəki məlumatlar onun göstərişinə əsasən yazıldığından hazırrki halda doğum akt qeydinə düzəliş edilməsi qanunaziddir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə qarşı doğum haqqında akt qeydində düzəliş edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar