Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-435/2023 27.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə(üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə) qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus Gəncə şəhəri, DOS-101 ünvanında yerləşən 400 kv.m ölçüdə olan torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 02 mart 2009-cu il tarixli 2-044-364/2009 nömrəli qətnaməsi ilə ünvan 2 ünvanda yerləşən 20 saylı fərdi yaşayış evinə mülkiyyət hüququnun tanınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qət edilmişdir. Həmçinin qanunvericiliyə əsasən evin yerləşdiyi 400 kv.m. torpaq sahəsinin də onun şəxsi mülkiyyətində olması qətnamədə təsbit edilmişdir. Cavabdehin qətnaməyə izah verilməsi barədə ərizəsinə əsasən Gəncə şəhər Nizami Rayon Məhkəməsi 22 sentyabr 2011-ci il tarixli 2(044)-172/11 saylı qərardadı ilə əmlaka mülkiyyət hüququnun qeydə alınması və bu hüququ təsdiq edən reyestrdən çıxarışın verilməsinə dair siyahıda evin yerləşdiyi 400 kv.m. ölçüdə torpaq sahəsidə qeyd olunmuşdur. Buna baxmayaraq cavabdeh tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə aktları düzgün icra edilməmiş və nəticə etibarilə xüsusi mülkiyyət hüququ ilə ona məxsus ünvan 3 ünvanda yerləşən 400 kv.m. torpaq sahəsinə mülkiyyət hüququ reyestrdə qeydə alınmamış və bu hüquqa dair müvafiq çıxarış verilməmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdhə müraciət etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddianı müdafiə etmiş və tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixdə iddiaya etiraz edilərək qeyd edilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2(044)-364/09 nömrəli qətnaməsi və xx.xx.2011-ci il tarixli, 2(044)-172/11 nömrəli qərardadı icra olunaraq Gəncə şəhəri, Kəpəz rayonu, DOS-101 ünvanında yerləşən 20 nömrəli ev üzərində iddiaçının mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2012 tarixli, **********06-05101-093001 reyestr nömrəli çıxarış verildiyi müəyyən edilmişdir. Həmin mənzilə dair ilkin sənəd Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, 1288 nömrəli order olmuşdur. Mənzilin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid hərbi şəhərciyin yerləşdiyi torpaq sahəsidir. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün hüquqmüəyyənedici sənəd arxiv qovluğunda aşkar edilməmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(044)-172/11 nömrəli qərardadında 400.0 kv.m torpaq sahəsində yerləşən evin qeydiyyata alınması qeyd olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 2-044-364/2009 nömrəli qətnaməsindən görünür ki, İddiaçı tələbi təmin edilərək ünvan 2 ünvanda yerləşən 20 saylı fərdi yaşayış evinə mülkiyyət hüququ tanınması və mülkiyyət hüququna dair sənədlərin verilməsi vəzifəsi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə şəhər Ərazi İdarəsinə həvalə edilməsi qət edilmişdir. -surəti işə əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(044)-172/11 nömrəli qərardadının məzmunundan görünür ki, yalnız 400.0 kv.m torpaq sahəsində yerləşən evin qeydiyyata alınması qərara alınmışdır. -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********40 nömrəli məktubundan görünür ki, iddiaçının müvafiq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı mülkiyyət hüququ qeydə alınmış Gəncə şəhəri, Kəpəz rayonu, DOS-101 ünvanında yerləşən 20 nömrəli evin yerləşdiyi torpaq sahəsi üzərində də mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə iddia olunan torpaq sahəsinin dövlət mülkiyyətinə aid olması təşkil etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:- 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyi bu Məcəllədən, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunundan və digər normativ-hüquqi aktlardan ibarətdir. 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. -46.1-ci maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarixmədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. 46.2-ci maddəsinə əsasən göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 46.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. 46.4-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. İstinad olunan qanunvericilik normalarından görünür ki, Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur və bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur, eyni zamanda qanunvericiliklə dövlət mülkiyyətində olan torpaqların konkret dairəsi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi torpaq sahəsi dövlət mülkiyyətində olan, yəni hərbi şəhərciyə aid, torpaq sahəsidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə işin faktiki hallarına və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia olunan torpaq sahəsi dövlət mülkiyyəti, yəni hərbi şəhərciyə aid, olduğundan cavabdehin imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə(üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-435/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-435/2023
27.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver