Məhkəmə qərarları › İş №2-1(114)-4354/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4354/2025

04.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4354/2025 04.09.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “üçüncü şəxsin qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı “X6 ünvan 4 (Yeni qaydalarla: ünvan 3, (ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə:

1. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-21-3- 40/2-3130/2025 nömrəli “daxil olmuş müraciətə əsasən sənəd surətlərinin və məlumatın verilməsi haqqında” məktuba qoşma şəklində əlavə edilmiş sənədlərə əsasən: - 12.08.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat və **********85-10301 reyestr nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, Şəmkir rayonu, Dəllər qəsəbəsi, Nəriman Nərimanov küçəsi, ev 1 ünvanında yerləşən 0.0273 ha-lıq fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında X9 və X2 adına qeydə alınmışdır. - Şəmkir rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən 4Ə-826 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, Şəmkir rayonu, Dəllər qəsəbəsi, Nəriman Nərimanov küçəsi, ev 1 ünvanında yerləşən 0.0273 ha torpaq sahəsindən X9 tam mülkiyyət üzrə ona məxsus olan hissəni İddiaçı mülkiyyətinə vermişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən, ünvan 4 (Yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən **********85-10301 fərdi yaşayış evi üzərində İddiaçı tam mülkiyyət hüququ xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır.

2. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən: - cavabdehin iddiaçının xx.xx.2024-cü il tarixli müraciətinə xx.xx.2024-cü il tarixli, 3- 13-110/2-A-24452/11/24 nömrəli imtina məktubuna əsasən, X6 ona məxsus ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması tələbi mülki xarakterli olduğu üçün məhkəmə müraciət edilməsi tövsiyə edilmişdir. - Şəmkir Rayon İcra Hakimiyyəti başçısının Dəllər qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 271 nömrəli arayışına əsasən, İddiaçı Məmmədli qızının yaşadığı ünvan 2018-2022-ci illər üzrə X15 kitabına əsasən Şəmkir rayonu, Dəllər qəsəbəsi, Nəriman Nərimanov küçəsi, ev 1 kimi qeyd olunmuşdur. DƏDRX-in ********* qeydiyyat nömrəli və **********85-10301 reyestr nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən köhnə əsaslarla ünvan 4, yeni əsaslarla Şəmkir rayonu, Dəllər qəsəbəsi, Məhəmməd Əsədov küçəsi, ev 1 ünvanı kimi qeydiyyata alınmışdır.

3. İddiaçı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, daha sonra tələbin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, üçüncü şəxs X6 ona məxsus olan ünvan 4 (Yeni qaydalarla: ünvan 3, (ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

4. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, Dəllər qəsəbəsi, N.Nərimanov küçəsi, ev 1, sonralar Zaur Abbasov küçəsi, yeni qaydalarla Məhəmməd Əsədov küçəsi, ev 1 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. İddiaçı qeyd edir ki. öz adına hüquqlarını dövlət qeydiyyatına aldırıb DƏDRX-dən çıxarış almışdır. Üçüncü şəxs X11 onun keçmiş gəlini olub uzun illərdir ki, ona məxsus evdə yaşamır. Ancaq onun evində pasport qeydiyyatında dayanır. İddiaçı bildirir ki, üçüncü şəxs ona məxsus evdən könüllü qeydiyyatdan çıxmır. İddiaçı bildirir ki, üçüncü şəxsin onun evində qedyiyyatda olmağı qanunla qorunan hüquqlarını kobud şəkildə pozur. İddiaçı bu barədə Cavabdehnə müraciət edib üçüncü şəxsin ona məxsus fərdi yaşayış evindən pasport qeydiyyatından çıxarılmasını xahiş etmiş, həmin idarədən ona rəsmi imtina məktubu ilə imtina edilərək aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur.

5. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə X12 iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur.

6. Şəmkir Rayon Məhkəməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 5-159/2-356/2025 nömrəli məktuba əsasən, iddiaçı X6 cavabdeh X1 (Əydogdyyev Berdimurat) qarşı “nikahın pozulması” tələbinə dair iddiası Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1652/2024 nömrəli qətnaməsi ilə təmin edilmiş, qətnamə qanuni qüvvəsini xx.xx.2024-cü il tarixdə almışdır.

7. Ədliyyə Nazirliyi Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/08-407 nömrəli məktuba əsasən, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1966-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş İddiaçı ailə üzvləri haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlarda həyat yoldaşı xx.xx.1954-cü il təvəllüdlü Aydogdıyev Saparmyrat və oğlu xx.xx.1986-cı il təvəllüdlü Aydogdyyev Berdımyrat aşkar olunmuşdur.

8. Ədliyyə Nazirliyi Şəmkir rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-16-5/08-408 nömrəli məktuba əsasən, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1966-cı il tarixdə Şəmkir rayonunda anadan olmuş X6 ailə üzvləri haqqında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlarda atası xx.xx.1961-ci il təvəllüdlü X13, anası xx.xx.1971-ci il təvəllüdlü X10, qızı xx.xx.2013-cü il təvəllüdlü X18 və oğlu xx.xx.2017-ci il təvəllüdlü X8 aşkar olunmuşdur.

9. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13-110/2- 16378/2025 nömrəli məktuba əsasən, xx.xx.1992-ci il təvəllüdlü X3 rayonu, Dəllər qəsəbəsi, Zaur abbasov küçəsi, ev 1 (Yeni qaydalarla: ünvan 6 ünvanında qeydiyyatda deyil. Həmin şəxs Şəmkir rayonu, Dəllər qəsəbəsi, Nəriman Nərimanov küçəsi, ev 1 ünvanında qeydiyyatdadır.

10. Şəmkir Rayon Məhkəməsi tərəfindən məhkəməyə üvnanlanmış xx.xx.2025-ci il tarixli, 5-159/2-504/2025 nömrəli məktuba əsasən, X5 əvvəllər və ya hazırda Şəmkir Rayon Məhkəməsinin icraatında ünvan 4 (Yeni qaydalarla: ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüququnun tanınması, evə köçürmə və ya istifadə hüququna xitam verilməsi, nikahın pozulmasına dair mübahisə üzrə işə baxılmamışdır.

11. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-13- 110/2-20181/2025 nömrəli məktuba əsasən, X12 hal-hazırda Şəmkir rayonu, Dəllər qəsəbəsi, Nəriman Nərimanov küçəsi, ev 1 ünvanında qeydiyyatdadır.

12. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.

13. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, xx.xx.2025-ci il tarixli məktubla işə onların nümayəndəsinin iştirakı olmadan keçirilməsinə etiraz edilmədiyi bildirilmişdir.

14. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

15. Üçüncü şəxsə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəfindən iddiaya münasibət bildirilməmiş, məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məlumat verilməmişlər.

16. Cavabdehin nümayəndəsinin və üçüncü şəxsin şifahi məhkəmə baxışı iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi).

17. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilən sənədlər; - “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-40/2-3130/2025 nömrəli məktubu və ona qoşma şəklində əlavə edilmiş sənədlər; - Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 5-159/2-356/2025 nömrəli məktubu; - Ədliyyə Nazirliyi Şəmkir rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/08- 407 nömrəli məktubu; - Ədliyyə Nazirliyi Şəmkir rayon Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-5/08- 408 nömrəli məktubu; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-13-110/2-16378/2025 nömrəli məktubu; - Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 5-159/2-504/2025 nömrəli məktubu; - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-13-110/2-20181/2025 nömrəli məktubu.

Əsaslandırma hissəsi:

18. İddia mümkün iddiadır. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşlar, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.

19. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia qaldırmışdır.

20. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.

21. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.

22. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 1-ci maddəsinə əsasən, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər.

23. Qanunun 2-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

24. Qanunun 3-cü maddəsinə əsasən, yaşayış yeri aşağıdakı sənədlərlə müəyyən edilir: 1) Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi...

25. Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir.

26. Qanunun 9-cu maddəsində şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları qeyd edilmişdir. Həmin maddəyə görə, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

28. Həmin Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

29. Bu Qərara əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.

30. Məhkəmə araşdırması zamanı da ünvan 4 (Yeni qaydalarla: ünvan 3, (ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusluğu, üçüncü şəxsin hazırda mübahisəli yaşayış sahəsinə dair hər hansı əmlak hüququnun olmaması, faktiki olaraq orada yaşamaması müəyyən edilmişdir.

31. Ona görə də cavabdehin imtinası iddiaçının mülkiyyət hüququnun pozulmasına səbəb olur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

32. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır.

33. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, üçüncü şəxsin sözügedən fərdi yaşayış evi üzərində hər hansı hüquqa malik olmadığı və orada uzun müddət yaşamadığı, hallarda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır.

34. Ona görə də iddiaçı üçüncü şəxsin sözügedən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmuşdur.

35. Məhkəmə onu da qeyd edir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, onun yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yeri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003cü il tarixli 55s saylı sərəncamına uyğun olaraq, Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilər.

36. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin.

X6 ünvan 4 (Yeni qaydalarla: ünvan 3, (ünvan 1 ünvanı üzrə qeydiyyatdan çıxarılması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Hakim Nurəli Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar