Məhkəmə qərarları › İş №2-1(114)-436/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-436/2023

20.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-436/2023 20.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahələri və üzərindəki fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarış və texniki pasportların verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X9 Gədəbəy rayonu X8 xx.xx.1998-ci il tarixli, 25 nömrəli qərarı ilə Gədəbəy rayonu, Hacılar kəndində verilmiş 0,148269 ha həyətyanı torpaq sahəsinə və 0,201432 ha həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə görə mərhum X6 adına çıxarış və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, mərhum nənəsi X9 Gədəbəy rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 25 nömrəli qərarı ilə Gədəbəy rayonu, Hacılar kəndində 2014,32 kv.m və 1482,69 kv.m həyətyanı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə görə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsü verilmişdir. X12 xx.xx.2001-ci il tarixdə vəfat etmiş, sonuncunun vəfatından sonra o, həmin həyətyanı torpaq sahəsində yerləşən evdə yaşamaqla mirası faktiki qəbul etmişdir. O, hazırda qeyd olunan mirası vərəsə kimi öz adına sənədləşdirmək üçün mərhum nənəsinin adına çıxarışlar verilməsi üçün cavabdehə müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina olunmuşdur. Cavabdehin nümayəndəsi X13 iddia tələbinə etiraz edərək xx.xx.2022-ci il tarixli etiraza uyğun izahat verərək bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə dair məlumatlar araşdırılmış, yerində müayinə baxışı keçirilmiş və elektron baza məlumatları ilə üzləşdirilmişdir. Bu zaman məlum olmuşdur ki, faktiki olaraq istifadə etdiyi həyətyanı torpaq sahəsi, digər vətəndaşa məxsus kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmçinin, İddiaçı təqdim etdiyi “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 0,148269 ha həyətyanı torpaq sahəsi isə elektron baza xəritələrində (uçot xəritəsində) meşə fondunun torpaqları kimi göstərilmişdir. Ona görə də İddiaçı təqdim etdiyi sənədlərdə göstərilən torpaq sahəsinə dair hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəsinizin icrası mümkün olmamışdır. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddianı müdafiə etmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Tovuz regional ASAN xidmət mərkəzi notariat ofisinin 1611 nömrəli məktubundan görünür ki, İddiaçı X1 vərəsəsidir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A 156813 nömrəli «torpaq sahəsinin planı və ölçüsü» sənədindən görünür ki, Hacılar kənd sakini X7 Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 25 nömrəli qərarı ilə Gədəbəy rayonu, Hacılar kəndində yerləşən 2014.32 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş A 156829 nömrəli «torpaq sahəsinin planı və ölçüsü» sənədindən görünür ki, Hacılar kənd sakini X7 Gədəbəy rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 25 nömrəli qərarı ilə Gədəbəy rayonu, Hacılar kəndində yerləşən 1482.69 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. -işə əlavə edilmiş Gədəbəy rayon Dövlət arxivinin xx.xx.2022-ci il tarixli, 197/1 nömrəli arxiv arayışından görünür ki, Hacılar kənd X10 1986-1990-cı illərə aid 1 saylı təsərrüfatbaşına kitabının 62-ci şəxsi hesabında mərhum nənəsi X4 adına 0.25 ha torpaq sahəsi və 1943-cü ildə inşa edilmiş 30 kv.m ev qeydə alınmışdır. -işə əlavə edilmiş Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Hacılar kənd İƏD üzrə nümayəndəliyinin 53 nömrəli, xx.xx.2022-ci il tarixli arayışında qeyd edilmişdir ki, iddiaçının mərhum nənəsi Hacılar kənd sakini X6 nümayəndəliyin ərzisində ümumi sahəsi 30 kv.m olan yaşayış evinə və adına Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 26 iyul 1998-ci il tarixli 25 nömrəli qərarı ilə **********00661 akt ilə 2014.32 kv.m və **********0077 Akt ilə 1482.69 kv.m həyətyanı torpaq sahəsi mövcudur. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********28 nömrəli və xx.xx.2022-ci il tarixli, **********46 nömrəli məktublarından görünür ki, İddiaçı müvafiq müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Gədəbəy rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 25 nömrəli qərarı ilə X7 verilmiş Gədəbəy rayonu Hacılar kəndində yerləşən 0.201432 ha və 0.148269 ha torpaq sahələri plan ölçü sənədi ilə xüsusi mülkiyyət formasına aiddir, qeyd edilən torpaq sahələri plan ölçü sənədi ilə həyətyanı təyinatlı, yaşayış məntəqələrinin torpaqlarına aiddir. Gədəbəy rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 25 nömrəli qərarı ilə X7 verilməsi nəzərdə tutulan Gədəbəy rayonu, Hacılar kəndində yerləşən 0.201432 ha torpaq sahəsi iddiaçının faktiki istifadəsində olan 0.6431 ha həyətyanı torpaq sahəsinin koordinatları ilə 0.201432 ha hissədə üst-üstə düşür, 0.148269 ha torpaq sahəsi isə iddiaçının faktiki istifadəsində olan 0.2232 ha həyətyanı torpaq sahəsinin koordinatları üstüstə düşmür. Gədəbəy rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 25 nömrəli qərarı ilə X7 verilməsi nəzərdə tutulan Gədəbəy rayonu, Hacılar kəndində yerləşən 0.201432 ha (konfiqurasiya fərqi olmaqla) torpaq sahəsinin 0.0025 ha hissəsi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin koordinatları ilə, 0.148269 ha torpaq sahələrinin koordinatları (faktiki istifadəsində olan 0.2232 ha) isə digər üçüncü şəxslərə verilmiş pay torpaq sahəşinin koordinatları üst-üstə düşür. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iddiaçı Gədəbəy rayonu, Hacılar kəndində yerləşən 2014.32 kv.m həyətyanı torpaq sahəsi, həmin torpaq sahəsində yerləşən 30 kv.m evə və Gədəbəy rayonu, Hacılar kəndində yerləşən 1482.69 kv.m həyətyanı torpaq sahəsinə mərhum nənəsi X4 mülkiyyət hüququnun qeydə alınaraq çıxarışın verilməsini tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsasını isə torpaq sahəsinin bir hissəsinin digər şəxlərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməsi və 1482.69 kv.m həyətyanı torpaq sahəsinin isə dövlət mülkiyyətində olan meşə fondu torpaq sahəsi olması təşkil etmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı alınmış mütəxəssis rəyində qeyd olunmuşdur ki, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 25 nömrəli qərarı ilə X7 verilməsi nəzərdə tutulan Gədəbəy rayonu, Hacılar kəndində yerləşən 0.201432 ha (konfiqurasiya fərqi olmaqla) torpaq sahəsinin 0.0025 ha hissəsi bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin koordinatları ilə, 0.148269 ha torpaq sahələrinin koordinatları (faktiki istifadəsində olan 0.2232 ha) isə digər üçüncü şəxslərə verilmiş pay torpaq sahəşinin koordinatları üst-üstə düşür. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmə rəydə qeyd olunan üçüncü şəxslərin müəyyənləşdirilməsi üçün aidiyyəti üzrə sorğu ünvanlanmış və müəyyən edilmişdir ki, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 25 nömrəli qərarı ilə X7 verilmiş 0.148269 ha torpaq sahəsinin koordinatları üçüncü şəxslər deyilən JN-117 saylı Dövlət Aktı ilə X2 və ailə üzvlərinə məxsus pay torpaq sahəsi və 116 X saylı Dövlət Aktı ilə X3 və ailə üzvlərinə məxsus pay torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Mülki Məcəllənin 139-cu maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 238.1-ci maddəsinə görə, torpaq daşınmaz əmlak kimi mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar (Qanunun 8.0.1-ci maddəsi), 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (Qanunun 8.0.5-ci maddəsi) və sair əsas hesab olunur. 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənəd qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır, bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir, hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazılır və dövlət reyestrinə müvafiq məlumat daxil edilir. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunan normalardan məlum olduğu kimi Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Beləliklə, hazırda mübahisə predmeti olan torpaq sahəsi ayrı-ayrı şəxlərin xüsusi mülkiyyətlərində olduğundan cavabdeh inzibati orqanın hüquqların dövlət qeydiyyatından imtina etməsi qanuni və əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında mülkiyyət hüququnun obyekti kimi torpağın Konstitusiyada təsbit olunmuş xüsusi əhəmiyyətini və ondan səmərəli istifadə edilməsinin vacibliyini nəzərə alaraq Konstitusiya Məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməlidir. Göründüyü kimi iddiaçının mərhum nənəsinə məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin bir hissəsi bələdiyyə mülkiyyətində olan torpaq sahəsi, bir hissəsi isə üçüncü şəxslərin mülkiyyətində olan torpaq sahəsində yerləşir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. 15.1. hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Beləliklə işin faktiki hallarına və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, qeydə alınması tələb olunan torpaq sahəsi bələdiyyə mülkiyyətində olan və üçüncü şəxslərin mülkiyyətində olan torpaq olduğundan cavabdehin imtinası əsaslı olmuşdur. Bundan əlavə məhkəmə tələbin digər hissəsi, yəni torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qeyd edir ki, bir halda ki, həmin evin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması qanunvericiliyin tələblərinə uyğun deyil, həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evi üzərində də mülkiyyət hüququnu qeydə almamaqda cavabdeh inzibati orqan haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı torpaq sahələri və üzərindəki fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq müvafiq çıxarış və texniki pasportların verilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar