Məhkəmə qərarları › İş №2-1(114)-436/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-436/2025

23.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-436/2025 23.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı (bundan sonra mətndə - iddiaçı) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) (üçüncü şəxs X2, X3 və Göygöl rayonu Göygöl bələdiyyəsi) qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Göygöl rayonu Aşıqlı bələdiyyəsinin 31 avqust 2012-ci il tarixli, 10 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi məqsədilə 0,08 ha torpaq sahəsinin İddiaçı satılması qərara alınmışdır. Torpaqların alqı-satqısına dair akt tərtib edilmiş, akt xx.xx.2012-ci il tarixdə Göygöl rayon torpaq şöbəsində 521 nömrə ilə qeydiyyata alınmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsi tərəfindən tərtib edilmiş rəyə əsasən bələdiyyənin mülkiyyətinə aid olan fərdi yaşayış evinin tikintisi məqsədilə alqı-satqı yolu ilə satışa çıxarılan 2400 kv.m. və ya 0,24 hektar torpaq sahəsi Aşıqlı bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı-satqı predmeti olmaqla, uqodiyası kənd daxili İ keyfiyyət qrupuna aid olmaqla 100 ballı torpaq sahəsidir. Alqı-satqı yolu ilə satışa çıxarılan torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu təsərrüfat planına, yaşayış məntəqələrinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğundur. Həmin yer başqa hüquqi və fiziki şəxslərin mülkiyyətinə verilməmişdir. Elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağına və sürüşmə zonasında yerləşmir. A seriyalı 445012 nömrəli torpaq sahəsinin planı və ölçüsü tərtib edilmiş və Dövlət torpaq kadastrı kitabında xx.xx.2013-cü il tarixdə 646 nömrə ilə uçota alınmışdır. xx.xx.2012-ci il tarixli 33 nömrəli qəbz ilə müəyyən edilir ki, İddiaçı tərəfindən torpaq satışı ilə bağlı Aşıqlı bələdiyyəsinin hesabına 600 manat məbləğində ödəniş edilmişdir. İddiaçı torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə etdiyi müraciətinə idarənin xx.xx.2023-ci il tarixli 3-21-3-33/2-734/2023 nömrəli imtina məktubundan görünür ki, aparılan araşdırma zamanı, torpaq sahəsi Ərazi İdarəsinin elektron baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı əraziyə düşdüyü müəyyən edilmişdir. Həmçinin, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı Göygöl rayonu Aşıqlı bələdiyyəsi tərəfindən 0,08 ha torpaq sahəsinə dair qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olmadığı, belə ki, Göygöl rayonu Aşıqlı bələdiyyəsi tərəfindən 10 nömrəli qərar xx.xx.2012-ci ildə qəbul edilmişdir. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə əsasən “Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir”. Həmin Qanunun 6.2-ci maddəsinə uyğun olaraq yaşayış evinin inşa edilməsi məqsədilə torpaq sahəsinin ayrılması barədə :‘Bələdiyyənin qərarı və alqı-satqı (aktla tərtib edilmiş) müqaviləsi” tələb olunur. 01.122007-ci il tarixindən sonra isə hərrac protokolu və hərracın nəticələrinə uyğun olaraq bağlararıış alqı-satqı müqaviləsi tələb olunur. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2007-ci il tarixli 536 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq vəXətitəçəkmə Komitəsinin Torpaq sahəsinin planı və ölçüsü X1 xx.xx.2013-cü il tarixdə 646 nömrə ilə uçota alınmış A №445012 qeyd edilmiş Göygöl rayon Aşıqlı kəndində onun istifadəsinə və sahibliyində olan 0,08 ha torpaq sahəsinin plan və ölçüsünün tanınması, qeydə alınaraq çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim etmişdir. Etirazda imtina əsasları təkrarlanmışdır. xx.xx.2024-ci il tarixli mütəxəssis rəyində məhkəmənin sualları aşağdakı şəkildə cavablandırılmışdır.

1. Göygöl rayon Aşıqlı bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 10 nömrəli qərarı ilə İddiaçı satılmış 800.0 kv.m torpaq sahəsinə dair tərtib olunmuş A 445012 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi, Torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında, Göygöl şəhər bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi olmaqla, 488.2 kv.m hissəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaqlar altında olan sahə, 311.8 ha hissəsi isə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid infrastruktur (yollar və küçələr) sahə olaraq göstərilmişdir. A 445012 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsinin yerləşdiyi ərazi, Göygöl (Xanlar) rayonu Heyvandarlıq təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsində kənd təsərrüfatı təyinatlı torpaq (örüş) sahəsi olaraq göstərilmişdir. 2.Elektron kadastr bazası materiallarına istinadən, A 445012 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi üzərində başqa şəxlərin hüquqlarının dövlət reyestrində qeydiyyata alınmadığı müəyyən olunmuşdur.

3. Torpaq sahəsi üzərində və hava məkanında kommunikasiya xətti müşahidə olunmadı. Elektron baza materallarına istinadən sözügedən torpaq sahəsinin, mühafizə zonaları və qorunma zolaqlarında yerləşmə halı aşkarlanmamışdır. 4.Elektron kadastr bazası materiallarına istinadən, A 445012 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi üzərində başqa şəxlərin hüquqlarının dövlət reyestrində qeydiyyata alınmadığı müəyyən olunmuşdur. 5.Naturada təqdim olunan 727.9 kv.m torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş ortofo görüntüdə əks olunmuşdur. 6.A 445012 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsinin xx.xx.2012-ci il tarixində hansı kateqoriyaya aid olması barədə, istitifadəmizdə olan elektron baza materiallarında məlumat mövcud deyildir. Naturada təqdim olunan 727.9 kv.m torpaq sahəsi ilə, A 445012 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsinə uyğun deyildir. Naturada təqdim olunan torpaq sahəsinin yerləşdiyi ərazi, Göygöl (Xanlar) rayonu Heyvandarlıq təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsində, kənd tipli yaşayış məntəqəsi ərazisi olaraq göstərilmişdir. Həmin torpaq sahəsinin yerləşdiyi ərazi, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) bələdiyyə mülkiyyətinə aid, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid, həyətyanı sahələr altında olan torpaq sahəsi olaraq göstərilmişdir. 8.Rəy hazırlanarkən, Göygöl rayonu Aşıqlı bələdiyyəsinin hüdudlarında bələdiyyə mülkiyyətinə verilmiş torpaqlara dair 2006-ci il tarixli yerquruluşu seminə (KOD ********), Göygöl (Xanlar) rayonu Heyvandarlıq təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsinə və Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUİS və AZCAD) istinad olunmuşdur. Tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat təqdim etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq Göygöl rayon Aşıqlı kəndində yerləşən onun faktiki istifadəsində olan 727.9 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş,əizə iznibati məhkəmə icraatına qəbul edilmişdir.

Əsaslandırıcı hissə:

İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İşin hallarından görünür ki, Göygöl rayonu Aşıqlı bələdiyyəsinin 31 avqust 2012-ci il tarixli, 10 saylı qərar ilə 0,08 ha həyətyanı torpaq sahəsindən iddiaçıya satılmışdır. Bununla bağlı tərəflər arasında “Torpaqların alqı-satqısına dair akt” bağlanmış, iddiaçı tərəfindən bələdiyyənin hesabına ödəniş edilmişdir. Hazırkı inzibati mübahisə mahiyyət etibarı ilə bələdiyyə qərarı ilə iddiaçıya satılmış torpaq sahəsinə hüququn qeydə alınmasından ibarətdir. Torpaq Məcəlləsinin 56-cı maddəsinə (həmin torpaq sahəsi satılan zaman qüvvədə olan redaksiyası) əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 68-ci maddəsində qeyd olunur ki, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun: Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.2. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamə:

5. Bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar.

6. Bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar.

7. Ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli Qərarında qərara alınmışdır ki, Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Hazırkı mübahisə üzrə cavabdeh orqan kənd təsərrüfatı təyinatlı əraziyə düşməsinə, Göygöl rayonu Aşıqlı bələdiyyəsi tərəfindən 0,08 ha torpaq sahəsinə dair qəbul edilmiş qərarın qanunvericiliyin tələblərinə uyğun olmamasına istinad edərək iddiaçının müraciətinin təmin olunmasından imtina edir. Həmin arqumenti əsassız hesab edən məhkəmə qeyd edir ki, işdəki mütəxəssis rəyinə əsasən yaşayış məntəqələri torpaqları olmaqla,mülkiyyət növü bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin digər şəxslərin mülkiyyətində və ya qanuni istifadəsində olan sahə ilə üst-üstə düşməməsini müəyyən edilmişdir. Məhkəmə mütəxəssis rəyində qeyd edilmiş, İddiaçı satılmış 800.0 kv.m torpaq sahəsinə dair tərtib olunmuş A 445012 nömrəli plan və ölçü sənədində göstərilən torpaq sahəsi, Torpaqların elektron kadastr uçotu informasiya sistemi (TEKUİS və AZCAD) məlumatlarında, Göygöl şəhər bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi olmaqla, 488.2 kv.m hissəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid həyətyanı torpaqlar altında olan sahə, 311.8 ha hissəsi isə yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aid infrastruktur (yollar və küçələr) sahə olaraq göstərilmiş olmasına münasibətdə qeyd edir ki, iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Göygöl rayon Aşıqlı kəndində yerləşən onun faktiki istifadəsində olan 727.9 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.Belə ki, həminn mütəxəssis rəyindədə Naturada təqdim olunan 727.9 kv.m torpaq sahəsinin yerləşdiyi ərazi, Göygöl (Xanlar) rayonu Heyvandarlıq təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair 2003-cü il tarixli ərazinin kompleks yerquruluşu layihəsində, kənd tipli yaşayış məntəqəsi ərazisi olaraq göstərildiyi qeyd edilmişdir və məhkəmə iclasında iştirak edən mütəxəssis Sevindik Həsənovda bu halı təsdiq etmişdir.Eyni zamanda qeyd etmişdir ki, iddiaçının naturada təqdim etdiyi və faktiki istifadəsində olan 727.9 kv.m torpaq sahəsi üzərində hər hansı şəxsin mülkiyyət hüququna toxunma halı aşkarlanmamışdır. Göründüyü kimi, iddiaçının tələbinin təmin olunmamasına əsas verən hallar mövcud deyildir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda iddiaçı hazırkı tələbində haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. Göygöl rayon Aşıqlı kəndində yerləşən İddiaçı faktiki istifadəsində olan 727.9 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və torpaq sahəsinin planı və ölçüsü sənədinin tərtib olunması öhdəliyinin cavabdeh orqan “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar