Məhkəmə qərarları › İş №2-1(114)-4362/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4362/2023

26.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4362/2023 26.09.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, iddiaçı Göygöl rayon Qızılca bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X1) çıxarışın etibarsız sayılması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı Göygöl rayon Qızılca bələdiyyəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Göygöl rayon Qızılca kəndində bələdiyyənin mülkiyyətində olan 0.12 ha torpaq sahəsinə dair verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı hazırki tələblə ilkin olaraq cavabdehə rəsmi qaydada müraciət etməsini təsdiq edən sübut təqdim etməmişdir. Eyni mümkünlük şərtinə görə iddia ərizəsi məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə mümkünsüz sayılmasına baxmayaraq, nöqsan aradan qaldırılmadan yenidən iddia verilmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində yalnız inzibati aktların ləğv edilməsi, etibarsız sayılması, habelə qanuniliyinin yoxlanılması əsasları, prinsipləri nəzərdə tutulur və tənzimlənir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt hesab edilmir. Bu baxımdan hazırki iddia inzibati məhkəmə icraatının predmeti hesab edilə bilməz. Odur ki, yenidən iddia qaldırdıqda daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğvi tələbi ilə çıxış etmək məqsədəuyğundur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı Göygöl rayon Qızılca bələdiyyəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız sayılması tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə yenidən məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar