Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4365/2023 04.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbi üzrə inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1988-ci il tarixindən xx.xx.2001-ci il tarixə kimi Gədəbəy rayon Maarif işçiləri evində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixə kimi İl qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. Xəstəliyi ilə bağlı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixdə ona 5 il müddətinə, yəni xx.xx.2027-ci il tarixə kimi İl qrup əlillik təyin edilmişdir. Ona görə də əmək kitabçasını və digər sənədlərini cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına təqdim edib ona İl qrup əlil kimi əmək pensiyası təyin edilməsini xahiş etsə də, cavabdeh orqan ona 06 oktyabr 2022-ci il tarixdə **********3 saylı imtina verərək, onun qanunvericilikdə nəzərdə tutulan sığorta stajı olmadığına, eləcə də sosial sığorta kartında toplanmış vəsaiti az olduğuna görə minimum pensiya təminatına imkan vermədiyini qeyd etmişdir. İddiaçının nümayəndəsinin müvafiq ərizəsinə əsasən ilkin iddia tələbi “xx.xx.1988-ci il tarixindən xx.xx.2001-ci il tarixə kimi Gədəbəy rayon Maarif işçiləri evində işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Gədəbəy rayon Maarif işçiləri evi sənədləri arxivə təhvil verməmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, işin faktiki hallarına əsasən, iddiaçının sığorta stajı ona İİ dərəcə əliliyə görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan sığorta stajından çox olsa da, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək sığorta stajına uyğun olaraq 5149,77 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək 11061,60 manat olmaqla, ümumilikdə 16211,37 manat təşkil edir və bu məbləğ müvafiq pensiyanın təyin edilməsi üçün qanunvericiliklə tələb olunan pensiya kapitalından (24883,20 manatdan) azdır. Beləliklə, iddiaçının İl dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün nəzərdə tutulan pensiya kapitalı tələbi ödənilmədiyi üçün, ona müvafiq pensiyanın təyin edilməsi qanunauyğun deyil. Həmçinin, iddiaçının xx.xx.1998-ci il tarixindən xx.xx.2001-cı il tarixədək Gədəbəy rayon Maarif işçiləri evində işlədiyi dövrün həqiqiliyi əsaslı şübhələr altındadır. Belə ki, qeyd edilən dövrün araşdırılması zamanı Fondun 2 saylı Qazax-Tovuz regional filialının tərtib etdiyi müvafiq akta əsasən Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Arxiv sənədlərinin Fond Siyahısında qeyd olunan dövrlər üzrə Gədəbəy Rayon Maarif işçiləri evinin arxiv sənədləri aşkar edilməmişdir. Beləliklə, iddiaçının Gədəbəy Rayon Maarif işçiləri evindəki əmək fəaliyyəti dövrlərinin həqiqiliyi sübuta yetirilmədiyi üçün həmin dövrlər iddiaçının sığorta stajına daxil edilməmişdir. Qeyd olunanlardan bir daha aydın olur ki, İddiaçı İl dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliklə mümkün deyildir, odur ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş ИТ-İ ******* nömrəli, xx.xx.1988-ci il tarixli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixindən xx.xx.2001-ci il tarixə kimi Gədəbəy rayon Maarif işçiləri evində işləmişdir. -Gədəbəy rayon Təhsil sektorunun xx.xx.2023-cü il tarixli 149 nömrəli məktubundan görünür ki, Gədəbəy rayon Maarif işçiləri evinin fəaliyyəti ilə bağlı heç bir arxiv sənədi Gədəbəy rayonu üzrə Təhsil sektorunda mövcud deyildir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının xx.xx.2022-ci il tarixli, **********3 nömrəli məktubundan görünür ki, İddiaçı əlilliyə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2022-ci il tarixdə İİ dərəcə əlilliyi müəyyən edildiyinə görə ona İİ dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsini tələb etsə də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Bununla bağlı məhkəmə bildirir ki, yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. Qeyd edilməlidir ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən sığorta stajı təqdim etdiyi əmək kitabçasına əsasən ümumilikdə 21 il 8 ay təşkil etmişdir. İddiaçının cavabdeh tərəfindən mübahisələndirilən staj dövrü isə onun xx.xx.1988-ci il tarixindən xx.xx.2001-ci il tarixə kimi Gədəbəy rayon Maarif işçiləri evində işlədiyi müddətlərdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan əmək kitabçası ilə təsdiq olunur ki, iddiaçı xx.xx.1988-ci il tarixindən xx.xx.2001-ci il tarixə kimi Gədəbəy rayon Maarif işçiləri evində işləmişdir. Bu baxımdan da məhkəmə hesab edir ki, həmin müəssisəsinin şəxsi heyət üzrə əmr və əmək haqqı kitablarının arxivə təhvil verilməməsi onun ziyanına şərh edilə bilməz. Çünki həmin dövrdə işləməsi ona məxsus əmək kitabçası ilə təsdiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Bu səbəbdən də məhkəmə cavabdeh tərəfindən mübahisələndirilən dövlərin də iddiaçının sosial sığorta stajına daxil edilməsini məqsədəmüvafiq hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun:- -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir -11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. -12.1-ci maddəsinə əsasən Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Belə ki, "Əmək pensiyaları haqqında" Qanunun 12-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya İl dərəcə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün iki şərt qanunvericiliklə müəyyən edilmiş pensiya kapitalı tələbi və sığorta stajı tələbi yerinə yetirilməlidir. Cavabdehin etirazı ilə müəyyən olunur ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək sığorta stajına uyğun olaraq 5149,77 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2022ci il tarixədək 11061,60 manat olmaqla, ümumilikdə 16211,37 manat təşkil edir. İddiaçının məhkəmə tərəfindən müəyyən edilən xx.xx.1988-ci il tarixindən xx.xx.2001-ci il tarixədək sığorta stajına (12 il 1 ay) uyğun pensiya kapitalı (istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri indeksləşdirildikdə - təxminən 12000 manatdan çox) nəzərə alındıqda onun qanunvericiliklə tələb olunan pensiya kapitalının olması müəyyən olunur. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1988-ci il tarixindən xx.xx.2001-ci il tarixədək işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyanın təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1988-ci il tarixindən xx.xx.2001-ci il tarixədək işlədiyi müddətlərin onun sosial sığorta stajına daxil edilməsi və ona İİ dərəcə əlilliyə görə əmək pensiyanın təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-4365/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4365/2023
04.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver