Məhkəmə qərarları › İş №2-1(114)-437/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-437/2023

09.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-437/2023 09.03.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı yaşayış yeri üzrə qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanına qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 1984-cü ildə Gəncə şəhər sakini X6 ilə ailə qurmuş və nikahları rəsmi qeydə alınmışdır. Ailə qurduqdan sonra əri Qnyazın ata evi olan, ünvan 2 ünvana köçmüşdür. Knyaz Məmmədov xx.xx.2011-ci ildə vəfat etmişdir. Ərinin vəfatından sonra o və oğlanları həmin ünvanda yaşamaqda davam edirlər. O, ailə qurub gəlin köçsə də ata evi olan ünvan 3 ünvanda pasport qeydiyyatındadır. Həmin ev də atasının vəfatından sonra 2010-cu ildə satılmışdır. Faktiki olaraq 38 ildir ki, ər evi hesab edilən ünvan 4 ünvanda yaşayır. Hər iki oğlu ailəlidir və yaşadıqları ünvanda öz ailələri ilə yaşayırlar. Onu 38 il müddətində və hal-hazırda Vatutin küçəsi, ev 53A ünvanda yaşamağını həmin ünvanda qeydiyyatda olaraq yaşayan oğlanları da razıdırlar. Hazırda yaşadığı evə qeydiyyata düşmək istəyir, lakin cavabdeh orqan onun müraciətindən imtina etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilmiş, iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərin məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, ev 143 üvnanında qeydiyyatdadır. - işə əlavə edilmiş Gəncə şəhəri, Vatutin küçəsi sakinləri tərəfindən tərtib edilmiş aktdan görünür ki, İddiaçı ünvan 4 ünvanında övladları ilə faktiki olaraq yaşayır. - işə əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********01 nömrəli məktubundan görünür ki, Gəncə şəhəri, Dədə Yediyar (keçmiş Vatutin) küçəsində yerləşən 53A nömrəli fərdi yaşayış evi üzərində hüquqlar daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. - işə əlavə edilmiş xx.xx.2011-ci il tarixli, «Ölüm haqqında» şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə ölmüşdür. - işə əlavə edilmiş İİİ-ЖГ seriya 323475 nömrəli «Nikahın bağlanması haqqında» şəhadətnamənin surətindən görünür ki, X6 ilə X1 arasında xx.xx.1984-cü il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. - işə əlavə edilmiş X3 və X4 tərəfindən verilmiş notarial ərizədən görünür ki, sonuncular İddiaçı ünvan 5 ünvanına qeydiyyata düşməsinə razıdırlar. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 120-31822M- 3222 nömrəli məktubun məzmunundan görünür ki, İddiaçı ünvan 5 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması üçün yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd və yaşayış sahəsi verən şəxsin razılıq ərizəsinin olması bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı mahiyyəti üzrə də əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı Gəncə şəhəri, Nizami rayonu, Vaqif küçəsi, ev 143 üvnanında qeydiyyatda olmasına baxmayaraq, uzun müddətdir ki, övladları ilə birlikdə ünvan 5 ünvanında qeydiyyatsız yaşamaqdadır. İddiaçının qeydiyyatda düşmək arzusunda olduğu fərdi yaşayış evi üzərində hüquqlar daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmamışdır. İddiaçının qeydiyyata alınması arzusunda olduğu ünvanda qeydiyyatda olan digər şəxslər də iddiaçının həmin ünvana daimi yaşayış qeydiyyatına alınmasına etiraz etmir. Məhkəmə cavabdehin qeyd olunan imtinası ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun:- -1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. -5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi cavabdeh orqan yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin təqdim edilməməsi əsası ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə prosesi zamanı təqdim edilmiş ərizədən də görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olan digər şəxslər iddiaçının həmin ünvana qeydiyyata düşməsinə etiraz etməmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız hesab edilməli və İddiaçı ünvan 5 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması öhdəliyi Cavabdehnə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 5 ünvanına qeydiyyata alınması öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar