Məhkəmə qərarları › İş №2-1(114)-4374/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4374/2024

07.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4374/2024 07.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı müavinətin bərpa edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (üçüncü şəxs “Azərsənayetikinti” Səhmdar Cəmiyyətinin 3 nömrəli müəssisəsi) qarşı onun 1987-ci il tarixdən əmək xəsarəti aldığına görə hər ay ödənilən ödənc pulunun dayandırıldığı 2022-ci ilin iyul ayından bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına etdiyi müraciətə həmin Filialın xx.xx.2024-cü il tarixli 3-17-1/2-V-219762/2024 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi" Qaydalarının 3-cü bəndinə əsasən dövlət müəssisələrinin müvafiq dövr üçün istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına peşə əmək qabiliyyəti itirildikdə - minimum aylıq əməkhaqqının əmək qabiliyyətinin itirilmə faizi məbləğində (33 manatdan az olmayaraq), həlak olduqda minimum aylıq əməkhaqqı məbləğində aylıq müavinət verilir. Məlumat üçün bildirilir ki, ona xx.xx.2009-cu il tarixindən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmişdir. Qaydaların 5.1-ci maddəsinə əsasən aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Bildirilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən "Azərsənayetikinti" SC-nin tabeliyində olan 3 saylı müəssisənin xx.xx.2013-cü il tarixindən özəlləşdirilməsinə baxmayaraq ona təyin edilmiş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi xx.xx.2022-ci il tarixinədək davam etdirilmişdir. Nəticədə xx.xx.2013-cü il tarixindən xx.xx.2022-ci il tarixinədək aylıq ödənc əvəzinə aylıq müavinət üzrə artıq ödəmə müəyyən edilmişdir. Müraciəti ilə əlaqədar olaraq bildirilir ki, "Azərsənayetikinti" SC-nin tabeliyində olan 3 saylı müəssisənin özəlləşdirilməsi başa çatdığından ona xx.xx.2013-cü il tarixindən sonrakı dövr üzrə aylıq ödənc əvəzinə aylıq müavinətin ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İİ. Məhkəmədə icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 1987-ci il tarixdən əmək xəsarəti aldığına görə hər ay ödənilən ödənc pulunun dayandırıldığı 2022-ci ilin iyul ayından bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1947-ci il tarixdə Xanlar rayonunun Sarısu kəndində anadan olmuşdur. Hal-hazırda ünvan 1 ünvanında yaşayır. O, Gəncə şəhərində 1987-ci ildə SSMU-3 Tikinti Quraşdırma İdarəsində quraşdırıcılar briqadiri vəzifəsində işlədiyi vaxtı sexin dəmir-beton plitəsinin uçması nəticəsində 18 metr yüksəklikdən yıxılaraq, müxtəlif dərəcəli bədən xasarətləri almışdır. Həmin qəza nəticəsində əmək qabiliyyətinin 75 faizini itirmişdir. Hadisədən sonra ona TSEK-sı istehsalat xəsarəti aldığı ilə bağlı barəsində İl qrup əlillik dərəcəsi təyin edilmiş və orta əmək haqqı hesablanmış 336 manat pensiya hesablanmış, əmək qabiliyyətinin 75 faizini itirdiyinə görə isə 25 faiz əmək haqqından çıxılıb 256 manat ümumi pensiya təyin edilmişdir. İlk aylardan həmin pensiyanın 120 manatını DSMF öz üzərinə götürmüş, qalan məbləğin 136 manatını isə idarə ödəməyə başlamışdır. İş yerində istehsalat travması almağı ilə bağlı 2009-cu ilin dekabr ayının 30-na kimi iş yerindən hər ay 55 manat xəsarət pulu almışdır. 2022-ci ilin mart ayında Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən aldığı xəsarət pulu artırılaraq 225 manat təyin edilmişdir. 2022-ci ilin aprel ayında onun hesabına 450 manat pul köçürülmüşdür. Axırıncı 6 ayın xəsarət pulunu hesabına DSMF köçürtmüşdür. Daha sonra Sosial Təminat Şöbəsinə müraciət edib 450 manat pulun hansı pul olduğunu soruşduqda ona cavab vermişlər ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən 2022-ci ilin yanvarın 1-dən pullar əmək xəsarətinin faizi ilə hesablanıb verilmişdir, bu da 75 faiz əmək qabiliyyətini itirdiyinə görə hesablanıb 225 manat təyin edilmişdir. Ümumilikdə 2022-ci ilin yanvar ayının 1-dən, 2022ci ilin iyulun 1-nə kimi DSMF ona 1350 (min üç yüz əlli) manat xəsarət pulu ödəmişdir. Lakin əmək xəsarəti aldığına görə aldığı ödənc pulu 2022-ci ilin iyul ayından dayandırılmışdır. Şikayət etməyinə baxmayaraq Dövlət Sosial Müdafiə Fondu ona imtina cavabı göndərmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fillialının həmin imtinasını qanunsuz və əsassız hesab edir. Belə ki, o, 2009cu ildən 2022-ci ilin iyul ayının 1-nə kimi ona xəsarətlə bağlı ödənilən əvvəllər təyin edilmiş 50 manat ödənc pulu, karonavirus vaxtı 55 manat, son dövrlərdə isə verilən 225 manat ödənc pulunu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu ödəmişdirsə, sonradan həmin xəsarət pulunun "Azərsənayetikinti" 3 nömrəli müəssisəsi xx.xx.2013-cü il tarixdə özəlləşdiyinə və fəaliyyətini dayandırdığına görə onun ödənc pulunun cavabdeh orqan tərəfindən 2022-ci ilin iyul ayından dayandırılması, hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndində nəzərdə tutulmuş hüquqlarının kobud şəkildə pozulmasıdır. DSMF həmin qərarı verməklə yanlışlığa yol vermişdir. Çünki son vaxtlar artaraq aldığı 225 manat ödənc pulu, onun 1987-ci ildə aldığı xəsarətə görədir. Hesab edir ki, qanunvericiliyin tələbinə görə cavabdeh orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialıdır, ödənişi də həmin orqan ona hər ay ödəməlidir. Ona görə də onun hüquqlarını bərpa etmək üçün məhkəmədə iddia qaldırmaqdan başqa yolu qalmamışdır. Yuxarıda qeyd etdiyim əsas və səbəblərə görə cavabdeh tərəfindən ona hər ay ödənilən 225 manat ödənc pulunun, dayandırıldığı 2022-ci ilin iyul ayından bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Fillialının üzərinə qoyulması barədə ədalətli qərar çıxarılmalıdır.

4. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

Əsaslandırma hissəsi:

5. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Bənd 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Bənd 5.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.

6. Hazırkı iş materialları və arxivdən götürülərək baxış keçirilmiş 2-1(114)- 1520/2024 nömrəli iş materialları ilə müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, 2022-ci ilin iyul ayından əmək xəsarətinə görə dayandırılmış müavinətin bərpa edilməsi və verilməsinin davam etdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)- 1520/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardad qanuni qüvvəsini almışdır.

7. Hazırda İddiaçı eyni əsaslar üzrə eyni cavabdehə qarşı eyni predmet barəsində onun 1987-ci il tarixdən əmək xəsarəti aldığına görə hər ay ödənilən ödənc pulunun dayandırıldığı 2022-ci ilin iyul ayından bərpa edilməsini xahiş edir ki, bu barədə qanuni qüvvəsini almış məhkəmə qərardadı mövcud olduğundan, hazırkı iddia tələbi mümkün sayıla bilməz.

8. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.

9. Həmin normaya görə, eyni tərəflər arasında olan inzibati iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir inzibati icraatda təkrar mübahisələndirilə bilmək imkanını itirmiş olur. Yalnız o halda bu cür iddia mümkün sayılır ki, qərarın qanuni qüvvəyə minməsindən sonra işin faktiki və hüquqi halları dəyişmiş və bununla da yeni iddia predmeti yaranmış olsun.

10. Hazırkı iş üzrə məhkəmə qeyd edir ki, işin faktiki və hüquqi əsasları dəyişməmiş, iddiaçının eyni faktiki və hüquqi əsaslarla qaldırdığı iddia üzrə qəbul edilmiş məhkəmə qərarı qanuni qüvvəsini almışdır. İddiaçı isə yenidən analoji tələblə məhkəmədə iddia qaldıraraq məhkəmə qərarları ilə hüquqi qiymət verilmiş iddianı yenidən mübahisələndirmişdir. Bu səbəbdən də hazırki iddia mümkün sayılmamalıdır.

11. Belə ki, İPM-in: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

12. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar