Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-438/2020 13.03.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş İdarəsinə qarşı əmlakın təhvil verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdehAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan Qırmızı Körpü Gömrük Postunun əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixli, **********00884 nömrəli Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair” akta əsasən saxlanca götürülmüş “Hitachi” markalı soyuducunun ona qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu il tarixdə Gürcüstan Respublikasından şəxsi istehlak məqsədilə, dəyəri 1000 ABŞ dolları təşkil edən bir ədəd “Hitachi” markalı soyuducu almışdır. xx.xx.2019-cu il tarixdə Qırmızı körpü gömrük postundan keçərkən, gömrük əməkdaşları tərəfindən həmin soyuducu saxlanc üçün götürülmüş və iddiaçıya təhvil verilməkdən imtina edilmişdir. Bu barədə, Qırmızı Körpü Gömrük Postunun əməkdaşları tərəfindən “Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlancına götürülməsinə dair” akt tərtib edilmişdir. Əşyanın saxlanca götürülməsi üçün əsas kimi müvafiq sənədlərin olmadığı aktda göstərilmişdir. Halbuki, Gürcüstan Respublikasında alınmasına dair sənədlər gömrük əməkdaşlarına təqdim edilmişdir. Bundan sonra, iddiaçı, malın ona təhvil verilməsi barədə ərizə ilə Dövlət Gömrük Komitəsinə müraciət etmiş, sonuncu məktub ilə ərizənin təmin edilməsindən və malın təhvil verilməsindən imtina etmişdir. İmtina məktubu, xx.xx.2019-cu il tarixdə iddiaçıya təqdim edilmişdir. Hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 şifahi məhkəmə baxışı iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçı il ərzində dəfələrlə Gürcüstan Respublikasına gedib-gəlmişdir. Hazırkı əmlakın ona məxsus olmadığı müəyyən edildiyindən Qırmızı Körpü Gömrük Postunun əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixli, **********00884 nömrəli Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair” akt tərtib edilərək saxlanca götürülmüşdür. Nümayəndə həmçinin məhkəmənin sorğusuna cavab olaraq bildirmişdir ki, iddiaçı “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” nın təsdiq edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.1.2-ci maddəsində nəzərdə tutulan, yəni əmlakı keçirdiyi oktyabr ayı ərzində ümumiyyətlə gömrük sərhəddindən heç bir əmlak keçirməmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara xx.xx.2019-cu il tarixli, **********00864 nömrəli aktın surəti, xx.xx.2020-ci il tarixli, EL********** nömrəli mal qaiməsi, xx.xx.2019-cu il tarixli, WER06399 nömrəli zəmanət talonunun təsdiqlənmiş surəti, xx.xx.2020-ci il tarixli, **********00623 nömrəli aktın surəti və xx.xx.2019-cu il tarixli, 1600-022/0xx-xx/003492 nömrəli imtina məktubunun surəti aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X2 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış, məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. İşin hallarından müəyyən olunduğu kimi İddiaçı Gürcüstan Respublikası, Tbilisi şəhəri, Serteli küçəsi 140 nömrəli ünvanda yerləşən «xxxx» MMC-dən 3299.0 (üç min iki yüz doxsan doqquz lari, sıfır tetri) lari dəyərində aldığı soyuducu Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair akta əsasən müvafiq sənədlərin olmaması əsası ilə saxlanca götürülmüşdür. İddiaçı əmlakın qaytarılması ilə bağlı cavabdeh orqana müraciət etmiş sonuncu imtina edərək imtinasını onunla əsaslandırmışdır ki, vətəndaşla şifahi sorğu-sual aparılan zaman əmlakın ona məxsus olmaması müəyyən edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin; 1.0.32. maddəsinə əsasən mal sahibi – mallar barəsində öz adından sərəncam vermək səlahiyyəti olan şəxsdir. 6.3. maddəsinə əsasən gömrük orqanlarının fəaliyyəti qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, şəxslərin qanun qarşısında hüquq bərabərliyi, aşkarlıq, peşəkarlıq, xidmətdə nizam-intizam prinsiplərinə əsaslanır.
51. maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını, azadlıqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən bu Məcəlləyə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunlara uyğun olaraq şikayət vermək hüququna malikdirlər. 60.0. maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxsləri gömrük ərazisinə daxil olan və ya bu ərazini tərk edən, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosedurlardan keçdiyi ərazidə və ya malların müvəqqəti saxlandığı ərazidə olan şəxsləri bu Məcəllənin 92.2.5-ci maddəsinə müvafiq olaraq aşağıdakı məsələlər barədə sorğu-sual etmək hüququna malikdirlər: 60.0.1. həmin şəxsdə gömrük ödənişləri ödənilməmiş, gətirilməsi və ya aparılması qanunvericiliklə qadağan edilmiş, yaxud hər hansı digər malların mövcudluğu; 60.0.2. malların xassələri, xüsusiyyəti, mənşə ölkəsi, qiyməti, ona mülkiyyət hüququ, nəzərdə tutulan təyinat yeri; 60.0.3. şəxsin və ya onun təmsil etdiyi idarə, müəssisə və təşkilatın bu Məcəllə ilə müəyyən edilmiş ödənişlər üzrə gömrük borcunun olub-olmaması; 60.0.4. gömrük borcu mövcuddursa, onun xüsusiyyəti və məbləği. Normadan məlum oluduğu kimi hər bir şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan mallar istisna edilməklə malları bərabər əsaslarla gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququna malikdirlər. Lakin bununla yanaşı adıçəkilən məcəllədə nəzərdə tutulmuş müvafiq prosedurlardan keçdiyi ərazidə və ya malların müvəqqəti saxlandığı ərazidə olan şəxslərin -həmin şəxsdə gömrük ödənişləri ödənilməmiş, gətirilməsi və ya aparılması qanunvericiliklə qadağan edilmiş, yaxud hər hansı digər malların mövcudluğu, malların xassələri, xüsusiyyəti, mənşə ölkəsi, qiyməti, ona mülkiyyət hüququ, nəzərdə tutulan təyinat yeri, şəxsin və ya onun təmsil etdiyi idarə, müəssisə və təşkilatın məcəllə ilə müəyyən edilmiş ödənişlər üzrə gömrük borcunun olub-olmaması, gömrük borcu mövcuddursa, onun xüsusiyyəti və məbləği barədə sorğu-sual olunması gömrük orqanlarının vəzifəli şəxslərinin hüququ kimi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə tərtib edilmiş «Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair» xx.xx.2019-cu il tarixli aktdan məlum olur ki, «HİTACHİ» markalı soyuducunun müvəqqəti saxlanca götürülməsi üçün əsas müvafiq sənədlərin olmamasıdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş İdarəsinin xx.xx.2019-cu il tarixli məktubunda vətəndaşla şifahi sorğu sual aparılan zaman malın ona məxsus olmamasının müəyyən edildiyi və bu səbəbdən malların müvəqqəti saxlanca götürülməsinə dair **********00864 nömrəli akt tərtib edilərək «Qırmızı Körpü» gömrük postunun müvəqqəti saxlanc anbarına təhvil verildiyi bildirilmişdir. İş materiallarında olan EL********** nömrəli «mal qaimə» fakturadan məlum olur ki, xx.xx.2019-cu il tarixdə alıcı İddiaçı satıcı «xxxx» MMC-dən (ünvan Tbilisi, Sereteli küçəsi №140) 3299 lari məbləğində 1 ədəd soyuducunu (R-W660PUC7XGBK ) almışdır. Qəbz alıcı və satıcının nümayəndəsi tərəfindən imzalanmış, hüquqi şəxsin möhürü ilə təsdiqlənmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1. maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə hesab edir ki, qeyd edilən malın alınmasına dair «mal qaimə» fakturası İddiaçı gömrük sərhəddindən keçirdiyi soyuducunu alması və onun mülkiyyətçisi olmasını təsdiq edən sənəddir və həmin malın ona məxsus olmaması halı öz təsdiqini tapmamışdır. Bununla yanaşı Gömrük Məcəlləsinin 178-ci maddəsində malın saxlanca götürlməsi əsasları konkret göstərilmişdir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin; 124.1. maddəsinə əsasən malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir. 166.0.2. maddəsinə əsasən mallar saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc) xüsusi gömrük proseduru altında yerləşdirilə bilər. 176.1. maddəsinə əsasən saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 178.1. maddəsinə əsasən başqa gömrük proseduru altında yerləşdirilməsi üçün bəyan edilmə halları istisna olmaqla, mal sahibi tərəfindən gömrük orqanlarına təqdim edilmiş aşağıdakı xarici mallar onun tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək bəyan edilir: 178.1.1. sərbəst zonaya birbaşa gətirilmə istisna olmaqla, gömrük ərazisinə gətirilən mallar; 178.1.2. sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən mallar; 178.1.3. barəsində beynəlxalq tranzit xüsusi gömrük proseduru başa çatmış mallar. 178.2. maddəsinə əsasən malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi qısa idxal bəyannaməsi və ya onu əvəz edən tranzit sənədi qəbul edilir. 178.3. maddəsinə əsasən gömrük orqanları prosedur sahibindən yarana biləcək gömrük borcuna görə təminat tələb etmək hüququna malikdirlər. Bununla yanaşı “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.1.2-ci maddəsinin tələblərinə riayət olması ilə bağlı inzibati orqana müraciət etmiş məhkəmə iclasında orqanın səlahiyyətli nümayəndəsi həmin sorğuya cavab olaraq İddiaçı tərəfindən ümumilikdə, həmçinin 2019-cu ilin oktyabr ayı ərzində Gürcüstan Respublikasından hər hansı bir əmlak gətirilməməsinin müəyyən olunduğu bildirilmişdir. Odur ki, məhkəmə işin faktiki hallarını və qeyd edilən maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir.
N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qərb Ərazi Baş İdarəsininin əməkdaşları tərəfindən xx.xx.2019-cu il tarixli, **********00884 nömrəli Azərbaycan Respublikasının gömrük sərhədindən fiziki şəxslər tərəfindən keçirilən malların müvəqqəti saxlanca götürülməsinə dair” akta əsasən saxlanca götürülmüş “Hitachi” markalı soyuducunun İddiaçı qaytarılması öhdəliyi cavabdehə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Aygül İsgəndərova