Məhkəmə qərarları › İş №2-1(114)-439/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-439/2020

24.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-439/2020 24.01.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Muxtarova Aytac Əkram qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə qarşı təhsil illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin xx xxxxxx 2019-cuiltarixli, **********6 nömrəli məktubu ilə İddiaçı 1970-1977-ci illər təhsil müddətinin sosial sığorta stajına daxil edilməsindən imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə (bundan sonra Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsi) qarşı onun xx.xx.1970-ci il tarixdən xx.xx.1976-cı il tarixədək əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1970-ci il tarixdən xx.xx.1977-ci il tarixədək əyani təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı il tarixdən ona yaşa görə pensiya təyin olunmuşdur. Pensiya təyin olunarkən xx.xx.1970-ci il tarixdən xx.xx.1977-ci il tarixədək V.İ.Lenin adına Azərbaycan Pedoqoji İnstitutunda əyani təhsil aldığı illər sığorta stajına daxil edilməmişdir. Cavabdeh DSMF-nin Goranboy rayon şöbəsinə qeyd olunan təhsil müddətinin sığorta stajına daxil edilməsi barədə ərizə ilə müraciət etmiş, ancaq cavabdeh xx.xx.2019-cu il tarixdə cavab məktubunda Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanununun 21-ci maddəsini əsas götürərək imtina etmişdir. Cavabdehin imtina məktubunu qanunsuz və əsassız hesab edir. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsi məhkəməyə məktub ünvanlayaraq, məhkəmə iclasına onların iştirakı olmadan baxılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının tələbinə dair sənədlər məhkəməyə təqdim olunmuşdur. Onlara iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, xx.xx.1977-ci il tarixli, Q-İ 033421 nömrəli diplomun təsdiqlənmiş surəti, iddiaçıya məxsus əmək kitabçasının surəti, xx.xx.2019-cu il tarixli, 1185 nömrəli arayış və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu tarixli, **********6 nömrəli imtina məktubu, xx.xx.2019-cu il tarixli, 1168 nömrəli və xx.xx.2019-cu il tarixli, 344 nömrəli arayışlar aiddir. Həmin sənədlərin məzmununa istinad olunur və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, hazırkı iddia növü öhdəliyin icrası haqqında iddiadır (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsi). İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, iddiaçı məsələnin həll olunması üçün cavabdeh inzibati orqana müraciət etdikdən sonra məhkəmədə hazırkı iddianı qaldırmışdır. İşin mahiyyəti üzrə həlli ilə bağlı məhkəmə iş materiallarında olan sübutları tədqiq edib hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, İddiaçı iddia ərizəsində xx.xx.1970-ci il tarixdən xx.xx.1977-ci il tarixədək təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.1977-ci il tarixli, Q-İ 033421 nömrəli diplomun təsdiqlənmiş surətindən görünür ki, iddiaçı xx.xx.1970-ci il tarixdən xx.xx.1977-ci il tarixədək V.İ.Lenin adına Azərbaycan Pedoqoji İnstitutunda əyani təhsil almış, ona orta məkbətdə əmək təlimi və fizika müəllimi ixtisası verilmişdir. Hazırkı iş üzrə mübahisə iddiaçının xx.xx.1970-ci il tarixdən xx.xx.1977-ci il tarixədək təhsil aldığı müddətin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmaması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, iddiaçının təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməsi məsələsi iddiaçının pensiya təyin edilməsi üçün müvafiq yaşa çatdığı vaxt qüvvədə olan qanunvericiliyə görə deyil, həmin təhsilin özünün alındığı zaman qüvvədə olan qanunvericiliyə görə həll edilməlidir. Çünki bu zaman həll edilməli olan məsələ həmin müddətin sosial sığorta stajına daxil edilməli olubolmadığı məsələsidir. Başqa sözlə, aydınlaşdırılmalı olan hüquq münasibəti əyani təhsil aldığı müddətin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta stajına daxil edilməli olub-olmadığıdır. Hüquq münasibətinə verilməli olan qiymət isə onun yarandığı vaxt qüvvədə olan maddi hüquq normalarına görə həll olunmalıdır. Bu mənada, konkret iş üzrə mübahisəli hüquq münasibəti əyani təhsil alınması ilə bağlı yaranan münasibətdir. Ona görə də, həmin münasibətə məhz onun yarandığı zaman qüvvədə olan qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymət verilməlidir. 1956-cı il 01 oktyabr tarixdə qüvvəyə minmiş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta xüsusi ixtisas məktəblərində, texniki peşə məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiyası almaq hüququna malikdirlər. Həmin Qanunun 109-cu maddəsində təsbit edilmişdi ki, ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti iş stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən isə ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi istər iddiaçının təhsil aldığı vaxt qüvvədə olan, istərsə də “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 01 yanvar tarixədək qüvvədə olan qanunvericilik ali təhsil müəssisələrində alınmış təhsil müddətlərinin pensiya təyin edilməsində nəzərə alınmalı olan sosial sığorta (iş) stajına daxil edildiyini təsbit etmişdir. Ona görə də, iddiaçı həmin müddətlərin ona pensiya təyin edilməsi zamanı sosial sığorta stajı (iş) kimi nəzərə alınmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı xx.xx.1956-cı ildə qüvvəyə minmiş və xx.xx.1992-ci ilədək qüvvədə olmuş "Dövlət pensiya təminatı" haqqında SSRİ Qanununun qüvvəyə mindiyi vaxtdan ali təhsil müəssisəsindəki təhsil müddəti də daxil olmaqla bu stajdan irəli gələn hüquqların (hazırkı halda, sosial təminat hüququnun) tanınmasını tələb etmək hüququna malikdir. Həmin münasibətləri tənzimləyən sonrakı qanunvericilik aktlarında (hazırkı halda 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununda) iddiaçının hüquqlarını aradan qaldıran və ya bu hüquqları məhdudlaşdıran müddəalar ona münasibətdə tətbiq oluna, təhsil müəssisəsindəki təhsil müddətinin yeni qanunla iş stajına aid edilən müddətlər sırasında göstərilməməsi isə, iddiaçının artıq bunadək qazanmış olduğu hüququn (sosial təminat tədbirinin tətbiqinin şərti kimi çıxış edən is stajına malik olma hüququnun) aradan qalxmasına səbəb ola bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.1970-ci il tarixdən xx.xx.1977-ci il tarixədək V.İ.Lenin adına Azərbaycan Pedoqoji İnstitutunda orta məkbətdə əmək təlimi və fizika müəllimi ixtisası üzrə təhsil aldığı illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayət verilmədiyi və ya şikayətin geri götürüldüyü gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar