Məhkəmə qərarları › İş №2-1(114)-439/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-439/2025

24.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-439/2025 24.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Məmmədova Ərkinaz Kamal qızının katibliyi, İddiaçı, onun nümayəndəsi olan vəkili X3 və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyası fərqinin ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) xx.xx.1952-ci il tarixdə anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçıya xx.xx.2015-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının cavabdeh orqana müraciətinə, sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli məktubla daxil olmuş müraciətə aidiyyəti üzrə baxaraq iddiaçıya bildirilmişdir ki “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra -Qanun) 7-ci maddəsinin xx.xx.2015-ci il tarixində qüvvədə olan tələblərinə əsasən ona həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən Qanunun 29.1 -ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilərək əmək pensiyasının məbləği xx.xx.2022-ci il tarixindən 407,81 manata çatdırılmışdır. Həmin Qanuna xx.xx.2023-cü il tarixindən əlavə edilmiş 26.4-cü maddəyə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Qeyd olunan maddənin tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 424,47 manat, Qanunun 29.1 -ci maddəsi nəzərə alınmaqla 486,87 manat müəyyən edilib. Bildiririk ki, Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qanunun 34.1 -ci maddəsinə əsasən əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Həmin Qanunun 34.2-ci maddəsinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1 -ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Məlumat üçün bildirilir ki, 001736 saylı pensiyaçının uçot vərəqinə əsasən pensiyasının xx.xx.2015-ci il tarixindən İİ dərəcə əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 10 mart 2017-ci il tarixli 543-VQD saylı Azərbaycan Respublikası Qanununa əsasən Qanununun 10.4-cü maddəsindən baza hissə (BH) ləğv edilmiş və yaşa görə əmək pensiyasının məbləğinin hesablanması düsturu P=SH+YH şəklində müəyyən edilmişdir. Həmçinin həmin dəyişikliyə əsasən Qanunun 26.1-ci maddəsinə uyğun olaraq 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, yaşa görə əmək pensiyası xx.xx.2017-ci il tarixindən sonra qüvvədə olan qanunvericiliyə əsasən təyin ediləcəyi təqdirdə fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 90 faizlə nəzərə alınsa da, tərkibində baza hissəsi olmadığından hesablanmış əmək pensiyasının məbləği 354,24 manat təşkil edir ki, bu məbləğ hazırda aldığınız pensiya məbləğindən (486,87) azdır. Əlavə olaraq bildirilir ki, pensiyası əlilliyə görə pensiya növünə keçirilərək işdən azad olunma hesablanarsa 2020-2023-cü illər üzrə artıq ödəmə müəyyən olunacaqdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun pensiyasının əlillik pensiyasından əmək pensiyasına keçirilməsinə səbəb olan xx.xx.2015-ci il tarixli qərarını qanunsuz hesab edən qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bərdə rayon İnternat orta məktəbində işlədiyi vaxtlarda ümumi xəstəlik səbəbindən İİİ qrup əlil olmuşdur. 2006-cı ilin noyabr ayından sonra isə Laçın rayon 45 saylı orta məktəbində işlədiyim zaman ümumi xəstəlik səbəbindən İİ qrup əlil olmuşdur. İİ qrup əlil olaraq Laçın rayon Təhsil Şöbəsinin tabeliyində olan 45 saylı, 13 saylı, 19 saylı orta məktəblərdə əlil olaraq işləmişdir. İşlədiyi illərdə əllillərə aid olan bütün imtiyazlardan istifadə etmişdir. 2011-ci ildən isə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə əlil olduğuna görə əmək haqqıma 25 % əlavə edilmişdir. Göründüyü kimi o əlil olaraq işləyib sağlam olaraq pensiyaya çıxarılmışdır. Onun əlillik statusu ləğv edilməyib və bu səbəbdən də əlillərə aid olan bütün imtiyazlardan istifadə hüququ qüvvədədir. O cümlədən əlillərin pensiyası haqqında qüvvədə olan qanunun tələbləri onun pensiyasının hesablanmasında tətbiq edilməsi zəruridir. Ona qarşı əsas arqument kimi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli 377 saylı Fərmanına istinad edərək öz qanunsuz mövqeyini ört-basdır etmək niyyətindədir. Hansı ki, həmin Fərmanın istinad edlən bəndi elə həmin dövrlərdən qüvvədən düşüb və cavabdehin bu bəndə istinad etməsi əsassızdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(112)-9786/2023 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı V.X9 müraciət edərək xx.xx.2015-ci il tarixli yaşa görə əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-S-80978/8/2023 nömrəli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında" Qanunun 7-ci maddəsinin xx.xx.2015-ci il tarixdə qüvvədə olan redaksiyasının tələblərinə uyğun qaydada İddiaçı yaşa görə əmək pensiyası təyin edilmişdir. Həmin Qanuna xx.xx.2023-cü il tarixdən əlavə edilmiş 26.4-cü maddənin tələblərinə əsasən İddiaçı pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 424,47 manat, Qanunun 29.1-ci maddəsi nəzərə alınmaqla 486,87 manat müəyyən edilmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, 001736 saylı pensiyaçının uçot vərəqinə əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən 2-ci dərəcə əlilliyə görə əmək pensiyası növündən yaşa görə əmək pensiyası növünə keçmişdir. Həmçinin bildirilmişdir ki, Əmək pensiyaları haqqında qanuna xx.xx.2017-ci il tarixdə edilmiş dəyişikliyə əsasən Qanunun 10.4-cü maddəsindən baza hissəsi çıxarılmış və yaşa görə əmək pensiyasının məbləğinin hesablanması düsturu P=SH+YH şəklində müəyyən edilmişdir. Eyni zamanda Qanunun 26.1-ci maddəsi maddəsinə uyğun olaraq xx.xx.2017-ci il tarixədək təyin edilmiş əmək pensiyalarının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. İddiaçıya bildirilmişdir ki, əmək pensiyasının növü dəyişdirilərək əliliyə görə əmək pensiyası təyin olunaraq azad olunma hesablanarsa 2020-2023-cü illər üçün artıq ödəmə aşkar olunacaqdır. Hesab edirik ki, cavabdeh tərəfindən verilmiş imtina qanuni və əsaslı olmuşdur. Belə ki, iş üzrə icraat materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surəti ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1952-ci il tarixdə Bərdə rayonunda doğulmuşdur. Nazirliyin mərkəzləşdirilmiş elektron infirmasiya sisteminin “Pensiya” altsistemi məlumatlarına əsasən İddiaçı xx.xx.2005-ci il tarixdə 2-ci qrup əlilliyə görə əmək pensiyası təyin edilmiş, xx.xx.2015-ci il tarixdən isə yaşa görə əmək pensiyası hüququ yarandığına görə yaşa görə əmək pensiyası növünə keçirilmişdir. İş üzrə icraat materialları ilə müəyyən edilir ki, iddiaçı əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar məhkəmədə iddia qaldırmış və Bakı Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(103)-1304/2021-ci il nömrəli qəran ilə iddia tələbi təmin edilməmişdir. Tətbiq edilməli hüquq: Əmək pensiyaları haqqında Qanun: 'Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının məbləği 2006-cı ilin 1 yanvar tarixinədək olan dövr üçün şəxslərin sığorta stajına əsasən formalaşan kapitala və 2006-cı ilin 1 yanvar tarixindən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. İddiaçı xx.xx.2005-ci il tarixdən həmin dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən əlilliyə görə (işləyən şəxs kimi) əmək pensiyası təyin edilmişdir. Vətəndaşın xx.xx.2015-ci il tarixli müraciəti əsasında xx.xx.2006-cı il tarixədək 36 il 3 ay iş stajı, xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınmaqla pensiyasının növü əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyasına dəyişdirilmişdir. Sonrakı dövrlərdə yaşa görə əmək pensiyası qanunvericiliyə əsasən yenidən hesablanıb artırılmışdır. Qanunun 34.2-ci maddəsinə əsasən əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılmışdır. 10 mart 2017-ci il tarixində edilmiş və 1 iyul 2017-ci il tarixdən qüvvədə olan dəyişikliyə görə Qanunun 10.4-cü maddəsinə uyğun olaraq əmək pensiyalarının baza hissəsinin ləğv edilməsi ilə əlaqədar yaşa görə əmək pensiyasının məbləğinin hesablanması düsturu P=SH+YH şəklində müəyyən olunmuşdur. Həmin dəyişikliyə əsasən Qanunun 26.1-ci maddəsinə uyğun olaraq 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının baza və sığorta hissəsinin cəmi məbləği dəyişdirilmədən əmək pensiyasının sığorta hissəsinə şərti çevrilməsi aparılır. İddiaçı əmək pensiyasının məbləği qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdirilərək xx.xx.2024-cü il tarixindən 541,4 manata çatdırılmışdır. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclası zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xx.xx.2015-ci il tarixli əlilliyə görə əmək pensiyasından yaşa görə əmək pensiyasına keçməsinə səbəb olan faktiki hərkətlərin qanunsuz hesab edilməsi, əlilliyə görə əmək pensiyasının bərpa edilməsi və əlilliyə görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixli məhkəmə iclası zamanı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 01 iyun 2015-ci il tarixdən 04 dekabr 2024-cü il tarixə qədər yaşa görə əmək pensiyası ilə əlilliyə görə olan əmək pensiyası arasında olan əllliliyə görə ödənilməmiş əmək pensiyası fərqinin ödənilməsi və 2014-cü il tarixindən pensiya kapitalının 90% məbləği nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanmasını xahiş etmiş,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddiaçı, onun nümayəndəsi olan vəkili X5 və cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçının vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddiaya qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini iddiaçının cavabdehə ünvanladığı ərizələri, cavabdehin imtinası, cavabdehin məktubu ilə məhkəməyə təqdim edilmiş pensiya işin və müavinət işinin materialları təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya ilkin olaraq əlilliyə görə pensiya təyin edilmiş, daha sonra isə cavabdeh orqan tərəfindən iddiaçının xx.xx.2015-ci il tarixindən əlilliyə görə əmək pensiyası yaşa görə əmək pensiyası növünə keçirilmişdir. Məhkəmə aşağıdakılara görə cavabdehin mövqeyini qismən əsassız hesab edir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İnsan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Bu mənada, əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. “Əmək pensiyaları haqqında” Qanun özündə pensiya təminatı sistemində əmək pensiyası hüquqları ilə bağlı olan mümkün və lazımi davranışın (hüquq və vəzifələr) növü və ölçüsünü (qaydalarını) və həmin hüquq normalarının mümkün pozuntularının mənfi nəticələrinin (hüquqi məsuliyyətin) aqibətini əks etdirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 1.0.2. Sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1 Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1 Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 5-ci maddəsinə əsasən pensiya seçmək hüququ Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə oz arzulan ilə yalnız bir pensiya təyin edilir. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi vətəndaşın iki və ya daha çox müxtəlif pensiya hüququ olsa da yalnız birindən istifadə etmək hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 34.1. Əmək pensiyaçısının yaşa görə əmək pensiyası növündən əlilliyə gorə əmək pensiyası növünə keçirilmə istisna olmaqla, əmək pensiyasının bir növündən başqa növünə keçmə hüququ vardır. Əmək pensiyasının bir növündən başqa bir növünə keçirilmə ərizəçi tərəfindən müvafiq əmək pensiyası təyin edilməsi üçün zəruri sənədlər təqdim edilməklə bu qanunun 31.2-ci maddəsinə uyğun aparılır. (xx.xx.2024-cü il tarixədək qüvvədə olan redaksiya). 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Hansı ki, qanunvericilik iddiaçıya müxtəlif pensiya hüququ olduğu təqdirdə seçim hüququ tanımışdır ki, həmin seçim hüququndan istifadə iddiaçının müvafiq ərizə və zəruri sənədləri cavabdehə təqdim etməsi ilə şərtləndirilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa görə: Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir.

1. Digər tərəfdən, sadalanan normlardan göründüyü kimi, inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Lakin hazırkı işdə inzibati orqanın iddiaçının barəsində qərar qəbul edən zaman inzibati icraatı düzgün aparmamış və icraatla bağlı hüquq pozuntularına yol verilmişdir.

2. Məhkəmə bildirir ki, cavabdeh tərəfindən iddiaçının barəsində qərar qəbul edərkən “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsində təsbit edilmiş tənzimləmənin əmək pensiyasının inzibati orqan tərəfindən təyin olunduğu hallara şamil olunduğu nəzərə alınmalıdır. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdankənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz.

3. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasınındayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Məhkəmə qeyd edir ki, iddiaçının əlilliyə görə əmək pensiyası yaşa görə əmək pensiyası növünə keçirilmiş, bununla bağlı hər hansı icraat aparılmamış,qərar qəbul edilməmişdir,həmçinin qanununda qeyd edildiyi kimi qanunvericilik iddiaçıya müxtəlif pensiya hüququ olduğu təqdirdə seçim hüququ tanımışdır ki, həmin seçim hüququndan istifadə iddiaçının müvafiq ərizə və zəruri sənədləri cavabdehə təqdim etməsi ilə şərtləndirilmişdir, iddiaçının isə ərizəsi olmadan pensiya növü digər növə keçirilmişdir. Buna görə də,məhkəmə hesab edir ki, iddia 01 iyun 2015-ci il tarixdən 04 dekabr 2024-cü il tarixə qədər yaşa görə əmək pensiyası ilə əlilliyə görə olan əmək pensiyası arasında olan əllliliyə görə ödənilməmiş əmək pensiyası fərqinin ödənilməsi hissəsində təmin edilməlidir. İddianın digər hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iş materialları,o cümlədən cavabdeh orqanın izahatı ilə də müəyyən edilmişdir ki, iddiaçının pensiya kapitalı 100% həcmində hesablanmışdır və ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə:

Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia qismən təmin edilsin. İddiaçı 01 iyun 2015-ci il tarixdən 04 dekabr 2024-cü il tarixə qədər yaşa görə əmək pensiyası ilə əlilliyə görə olan əmək pensiyası arasında olan əllliliyə görə ödənilməmiş əmək pensiyası fərqinin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar