Məhkəmə qərarları › İş №2-1(114)-440/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-440/2021

17.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-440/2021 17.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşkəsən Rayon İcra Hakimiyyətinə qarşı Daşkəsən rayonunun “Göy Yurd” adlanan ərazisində yerləşən 300 (üç yüz) hektar örüş sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati mübahisəyə məhkəmə iclasında baxaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Daşkəsən Rayon İcra Hakimiyyətinə (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2021-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Daşkəsən rayonunun “Göy Yurd” adlanan ərazisində yerləşən 300 (üç yüz) hektar örüş sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini bununla əsaslandırmışdır ki, o, 1992-ci ildən hal-hazıra kimi heyvandarlıqla məşğul olur və hər il yay mövsümündə iribuynuzlu və xırda buynuzlu heyvanları Daşkəsən rayonunun “Göy Yurd” adlanan ərazisində yerləşən örüş sahəsinə aparıb orada saxlayır. Bu illər ərzində xırda buynuzlu və iri buynuzlu heyvanların sayı xeyli sayda artıb və onların sərbəst otlamaları üçün 300 hektar örüş sahəsinə ehtiyac var. İddiaçı Daşkəsən rayonu “Göy Yurd” adlanan örüş sahəsində heyvanlarını otladır və indiyə kimi torpağın mülkiyyətiçisi olan Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən ona heç bir irad tutulmayıb. Həmin örüş sahəsindən istifadə etməyini rəşmiləşdirmək məqsədi ilə Daşkəsən Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edib “Göy Yurd” adlanan ərazidə yerləşən 300 hektar örüş sahəsinin 15 il müddətinə icarə müqaviləsi əsasında onun icarəsinə verilməsini xahiş etmişdir. Sonuncu dəfə xx.xx.2021-ci il tarixdə iddiaçı ərizəsini Daşkəsən Rayon İcra Hakimiyyətinə göndərmiş, xx.xx.2021-ci il tarixdə ərizə Daşkəsən Rayon İcra Hakimiyətinə daxil olmuşdur. Lakin bu günə kimi Daşkəsən Rayon İcra Hakimiyyəti iddiaçının ərizələrinə münasibətdə hərəkətsizlik edərək ona rəsmi cavab verməyib. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra hazırlıq icraatı iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələblərinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib- edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Cavabdeh Daşkəsən Rayon İcra Hakimiyyətinin məhkəməyə təqdim etdiyi xx.xx.2021-ci il tarixli, 112 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı xırda buynuzlu davarları və iribuynuzlu mal-qarasını heç bir sənədi olmadan Daşkəsən rayon ərazisində dövlət fondu yay-otlaq sahəsinə gətirib saxlamış, özbaşına həmin ərazidən qanunsuz olaraq istifadə etmişdir. Bu qanunsuz hərəkətləri barədə dəfələrlə onunla söhbət aparılaraq xəbərdarlıq edilmiş və mövcud qanunvericilik izah edilmişdir. Daşkəsən Rayon İcra Hakimiyyətinə heç bir sənəd təqdim etmədiyinə görə də ona torpaq sahəsi ayrılmamışdır. Hazırda rayon ərazisində Dövlət fondu yay-otlaq sahəsindən istifadəsi üçün Daşkəsən rayon sakinlərinə məxsus xırdabuynuzlu davarların yerləşdirilməsində sıxlıq yarandığına görə başqa rayon sakinlərinə yeni müqavilə əsasında yay-otlaq sahəsi ayrılmır. Gələcəkdə həmin ərazilərdə sıxlıq aradan qaldırıldıqdan sonra İddiaçı müraciətinə qanunamüvafiq qaydada baxıla bilər. Bundan başqa İddiaçı Göygöl rayon sakini olduğunu nəzərə alıb yaşadığı ərazinin Dövlət fondu yay otlaq sahsindən istifadə etməsi üçün Göygöl Rayon İcra Hakimiyyətinə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə sonda belə bir nəticəyə gəlir ki, İddiaçı iddia tələbi əsassızdır. Belə ki, məhkəmə Daşkəsən rayonunun “Göy Yurd” adlanan ərazisində yerləşən 300 (üç yüz) hektar örüş sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair iddiaçı ilə icarə müqaviləsinin bağlanmasını vəzifə kimi cavabdeh Daşkəsən Rayon İcra Hakimiyyətinin üzərinə qoya bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Beləliklə, məhkəmə iddianın mümkün sayılmaması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən məhkəmə, q ə r a r a a l d ı: İddiaçı cavabdeh Daşkəsən Rayon İcra Hakimiyyətinə qarşı Daşkəsən rayonunun “Göy Yurd” adlanan ərazisində yerləşən 300 (üç yüz) hektar örüş sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr. 252) şikayət verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar