Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-440/2023 27.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.1997-xx.xx.2000-ci ildə “Elnar” firmasında uşaq maşınlarının kirayəsi üzrə qəbulçu işlədiyi dövrü və xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il ərzində Gəncə şəhəri “Video kirayə” məntəqəsində qəbulçu işlədiyi dövrün onun sosial stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01.12. 1997-ci il tarixdə "Elnar” firmasında uşaq maşınlarının kirayəsi üzrə qəbulçu işinə qəbul olunmuş, xx.xx.2000-ci il tarixdə öz ərizəsilə işdən azad olmuşdur. xx.xx.2001-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək Gəncə şəhəri “Video kirayə” məntəqəsində qəbulçu işləmişdir. Bundan əvvəl və sonra müxtəlif vaxtlarda müxtəlif yerlərdə işləmiş və bu barədə əmək kitabçasında da qeydlər aparılmışdır. Göstərilənləri nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Daha sonra iddiaçının vəkili X5 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.1997-xx.xx.2000-ci ildə “Elnar” firmasında uşaq maşınlarının kirayəsi üzrə qəbulçu işlədiyi və xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il ərzində Gəncə şəhəri “Video kirayə” məntəqəsində qəbulçu işlədiyi dövrün sosial stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin olunmasını cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə kimi qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 27 fevral 2023-cü il tarixə təyin edilmişdir. İddiaçının vəkili X5 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X4 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iş üzrə icraat materiallarına əlavə edilmiş əmək kitabçasına və hərbi biletin surətinə əsasən iddiaçının sosial sığorta stajı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu dövr də daxil edilməklə 20 il 5 аy təşkil edir. xx.xx.1976-cı il tarixində iddiaçının adına tərtib olunmuş ИТ- İ ******* nömrəli əmək kitabçasında qeyd olunmuş xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan dövrlərin araşdırılması zərurəti yaranmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının “Elnar” firmasında xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək və İstehsal və xidmət müəssisələrinin idarəetmə mərkəzində xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək işlədiyi dövrlər iddiaçının əmək kitabçasında qeyd olunsa da, Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2022-ci il tarixli, 223(53)/3 nömrəli arayışına əsasən bu dövrlərin arxiv sənədlərini aşkar etmək mümkün olmamışdır. Odur ki, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən ümumi sığorta stajının qanunla nəzərdə tutulandan az, yəni 20 il 05 аy olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2022-ci il tarixli, 1470(424)/3 nömrəli məktubu, Gəncə şəhər Statistika İdarəsinin xx.xx.2022-ci il tarixli, 674 nömrəli məktubu, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********301300 nömrəli və xx.xx.2022-ci il tarixli, **********960100 nömrəli məktubları, iddiaçıya məxsus xx.xx.1976-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubu, cavabdehin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli etirazının surəti əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının təqdim etdiyi əmək kitabçasının və hərbi biletin surətinə əsasən iddiaçının sosial sığorta stajı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu dövr də nəzərə alınmaqla ümumilikdə 20 il 5 аy mübahisələndirilməyən dövr kimi sığorta stajı müəyyən edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli etirazın məzmunundan müəyyən olunur ki, sonuncu iddiaçının sosial sığorta stajına daxil edilməsini tələb etdiyi xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixədək “Elnar” firmasında və xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək İstehsal və xidmət müəssisələrinin idarəetmə mərkəzində işlədiyi dövləri müəssisələrə aid sənədlərin arxivə təhvil verilməməsi səbəbindən həmin dövrləri sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Halbuki, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi “Elnar” firmasında, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü ilə kimi “Ticarət-Xidmət və istehsalat Müəssisə və obyektlərinin Fəaliyyətinin əlaqələndirilməsi” Mərkəzində işləməsi iddiaçıya məxsus xx.xx.1976-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında öz təsdiqini tapmış, cavabdeh isə həmin əmək kitabçasının mötəbərliyini mübahisələndirməmişdir. Belə ki, işdə olan xx.xx.1976-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən məlum olur ki, İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi “Elnar” firmasında, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü ilə kimi “Ticarət-Xidmət və istehsalat Müəssisə və obyektlərinin Fəaliyyətinin əlaqələndirilməsi” Mərkəzində işləmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X7) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi “Elnar” firmasında, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü ilə kimi “Ticarət-Xidmət və istehsalat Müəssisə və obyektlərinin Fəaliyyətinin əlaqələndirilməsi” Mərkəzində işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Gəncə şəhər Statistika İdarəsinin xx.xx.2022-ci il tarixli, 674 nömrəli məktubundan görünür ki, “Elnar” firması xx.xx.1997-ci il tarixində Gəncə şəhəri üzrə statistik vahidlərin Dövlət reyestrinə daxil edilmişdir. Həmçinin Dövlət X2 xx.xx.2022-ci il tarixli, 1470(424)/3 nömrəli məktubundan görünür ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini tələb etdiyi dövrlər üzrə işlədiyi müəssisələrin arxiv sənədləri X6 filialına təhvil verilməmişdir. Cavabdeh orqan da yuxarıda qeyd edilmiş dövrləri arxiv sənədlərinin olmadığından sosial sığorta stajına daxil etməmişdir. Məhkəmə cavabdehin mövqeyi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, sonuncu tərəfindən məhkəməyə iddiaçının mübahisələndirilməyən sığorta stajının 20 il 5 ay olduğu bildirilmişdir. Məhkəmə mübahisələndirilən dövrlərin sosial sığorta stajına daxil edilməməli olması ilə bağlı arqumentlərini əsaslı hesab etmir, belə ki, cavabdeh bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı iddiaçının işlədiyi müəssisə tərəfindən sənədlərin arxivə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Bundan başqa, İddiaçı iddia tələbində ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;
2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2021-ci il 1 iyulundan - 2022-ci ilin 30 iyununadək olan dövrdə kişilərə yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 65 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. Belə ki, iş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür və xx.xx.2021-ci il tarixdə 65 yaşı tamam olmuşdur. Bununla yanaşı iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi “Elnar” firmasında, xx.xx.2001-ci il tarixdən xx.xx.2003cü ilə kimi “Ticarət-Xidmət və istehsalat Müəssisə və obyektlərinin Fəaliyyətinin əlaqələndirilməsi” Mərkəzində işlədiyi müddət də tam daxil edildikdə, onun ümumilikdə 25 il 4 ay 8 gün sığorta stajı tamam olur. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi “Elnar” firmasında, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü ilə kimi “Ticarət-Xidmət və istehsalat Müəssisə və obyektlərinin Fəaliyyətinin əlaqələndirilməsi” Mərkəzində işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1997-ci il tarixdən xx.xx.2000-ci il tarixə kimi “Elnar” firmasında, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü ilə kimi “Ticarət-Xidmət və istehsalat Müəssisə və obyektlərinin Fəaliyyətinin əlaqələndirilməsi” Mərkəzində işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Emin Axundov