Məhkəmə qərarları › İş №2-1(114)-441/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-441/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-441/2021 16.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Gəncə şəhər Nizami rayon bələdiyyəsi) fərdi yaşayış evinin dövlət reyestrində qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) ünvan 1 ünvanda yerləşən 5 nömrəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması barədə 08.12.2020-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. Cavabdeh 21.12.2020-ci il tarixli **********10 nömrəli məktubla iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, müraciətdə qeyd olunan fərdi yaşayış evinin əldə olunmasına dair heç bir hüquqmüəyyənedici sənədin ərizəyə əlavə edilmədiyi müəyyən olunmuşdur. Daha sonra cavabdeh 07.01.2021-ci il tarixli **********91 nömrəli məktubla iddiaçının “ünvan 1 ünvanda yerləşən 5 nöməli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun qeydiyyatının aparılmasına köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlandığı müraciətinin də təmin olunmasından imtina etmişdir. Həmin imtinanı cavabdeh onunla əsaslandırmışdır ki, arxiv sənədlərinə əsasən, Gəncə şəhəri, ünvan 2 ünvanı: Varovski 92, 94) keçmiş Kirovabad şəhər Notariat Kontorunun 18.06.1960-cı il tarixli, 9-1504 reyestr nömrəli bölgü müqaviləsi ilə X3, X6 və X5 arasında bölünmüşdür. Sözügedən daşınmaz əmlakın iddiaçının nənəsi X4 adına qeydiyyatının aparılması barədə məlumat aşkar edilmədiyi izah olunmuşdur. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanda yerləşən 5 nöməli fərdi yaşayış evinin onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, mərhum X4 Gəncə şəhəri, Nizami rayonu, Şahsevənlər küçəsi, 2-ci dalan, 5 nömrəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin 19.05.2021-ci il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 (keçmiş Vorovski küçəsi, 2-ci dalan, ev 90) 17.08.1949-cu ildən mərhum nənəsi İbrahimova (Ələkbərova) Firuzə Mirzə qızının sahiblik və istifadəsində olmuşdur. Mərhum nənəsi 12.10.1973-cü ildə vəfat etmişdir. Qeyd olunan ünvanda atası X16-qulu oğlu dünyaya gəlmiş və vəfat edən günədək, 08.07.2005-ci ilədək orada yaşamışdır. İddiaçı xx.xx.1977-ci ildə anadan olmuş və anadan olduğu gündən bu günədək ünvan 3 ünvanda yaşamışdır. Həmin evlə bağlı bütün kommunal xərcləri vaxtlı-vaxtında ödəmiş və bununla bağlı hər hansı mübahisə yoxdur. Uzun illərdir ki, həmin torpaq sahəsi və evə mübahisəsiz qaydada sahiblik və ondan istifadə edir. Həmçinin bildirir ki, evin yerləşdiyi torpaq sahəsi Gəncə Nizami rayon bələdiyyəsinin mülkiyyətindədir. Bələdiyyə ilə iddiaçı arasında torpaq sahəsi ilə bağlı hər hansı mübahisə yoxdur. Bələdiyyə yarandığı gündən başlayaraq bələdiyyə tərəfindən müəyyən edilmiş ödənişləri ödəmiş, hal-hazırda da ödəyir. 17.08.1949-cu il tarixdə bu günədək evin onun sahiblik və istifadəsində olması mülkiyyət hüququnun qeydə alınması üçün əsasdır. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, vətəndaş İddiaçı 3 saylı Gəncə Ərazi İdarəsinə müraciətinin araşdırılması zamanı müraciətində qeyd olunan fərdi yaşayış evinin əldə olunmasına dair heç bir hüquqmüəyyənedici sənədin əlavə edilmədiyi müəyyən edilmişdir. Daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri və Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı ilə müəyyən edilmiş sənədlər əsasında aparılır. Qeyd edilənlərə əsasən bildiririk ki, sözügedən fərdi yaşayış evinə dair hüquqmüəyyənedici sənədlərlə Xidmətin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət ediləcəyi təqdirdə məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Üçüncü şəxs Gəncə şəhəri Nizami rayon bələdiyyəsinə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. İş üzrə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiklərinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına cavabdehin 21.12.2020-ci il tarixli **********10 nömrəli; 07.01.2021ci il tarixli **********91 nömrəli imtinaları, 16.02.2021-ci il tarixli **********49 nömrəli etirazı, 09.03.2021-ci il tarixli **********04 nömrəli məktubu, Dövlət Arxivinin 25.02.2021-ci il tarixli 192(56)/3 nömrəli və 13.04.2021-ci il tarixli 362(115)/3 nömrəli məktubları, Evin bölgü müqaviləsinin təsdiqlənmiş surəti, Şahsevənlər küçəsi, 2-ci dalan 5-6-7 nömrəli yaşayış evinin texniki pasportunun təsdiqlənmiş surəti məktubu əlavə olunmuşdur. Həmin sənədlərin məzmununa istinad olunur. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və iddia tələbinin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşin faktiki hallarından görünür ki, hazırda mübahisələndirən fərdi yaşayış evi ilə bağlı arxiv sənədlərinə əsasən Gəncə şəhəri, ünvan 2 ünvanı: Varovski 92, 94) keçmiş Kirovabad şəhər Notariat Kontorunun 18.06.1960-cı il tarixli, 9-1504 reyestr nömrəli bölgü müqaviləsi ilə 3 hissəyə - X3 (26,7kv.m bir yaşayış otağı, 28,5 kv.m örtülü eyvan), X6 (15,1 kv.m bir yaşayış otağı) və X5 (14,0 kv.m bir yaşayış otağı) arasında bölünmüşdür. Həmin müqaviləyə mülkün həyətyanı torpaq sahəsi ümumi istifadədə saxlanılmışdır. Keçmiş Kirovabad şəhər Notariat Kontorunun 09.07.1960-cı il tarixli, 10-1650 reyestr nömrəli müqaviləsinə əsasən, X7 mülkün ona aid hissəsini X1, həmin müqavilə əsasında ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və 0,0189 ha torpaq sahəsi üzərində X8 mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınmışdır. Mülkün qalan hissəsi, yəni Şahsevənlər küçəsi, 5-6-7 nömrəli olmaqla X10 və X5 adları qeyd edilmişdir. İnventarlaşma zamanı Şahsevənlər küçəsi, 5-6-7 nömrəli mülkə dair X10 və X5 adlarına 05.03.2006-cı il tarixli texniki pasport tərtib edilmişdir. İddiaçı isə hazırki tələbində Şahsevənlər küçəsi, 2-ci dalan, 5 nömrəli fərdi yaşayış evi üzərində nənəsi X4 mülkiyyət hüququnun qeydiyyata alınması məqsədilə cavabdehə müraciət etmiş, sonuncu hüquqmüəyyənedici sənədlərin olmadığını əsas gətirərək imtina cavabı vermişdir. Bu səbəbdən hazırkı mübahisə yaranmışdır. İmtinanın əsas dəlili isə ondan ibarətdir ki, iddiaçı hüquqların dövlət reyestrində qeydə alınmasını xahiş etsə də həmin hüququn yaranması əsasını təşkil edən və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan hər hansı bir sənədi istər inzibati orqana, istərsə də məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, tərəflərin arasında yaranmış mübahisə, daşınmaz əmlakın üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı yaranmış mübahisədir. Bu baxımdan iddia tələbi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun müddəaları əsasında təhlil olunmalıdır. Qeyd olunduğu kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı üçün əsaslar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində konkret olaraq müəyyən olunmuşdur. Həmin normada sadalanmış bu əsaslar, daşınmaz əmlaka hüququn yaranmasına səbəb olan hüquqi faktları ehtiva edir və hazırda inzibati orqana təqdim edilən 17.08.1949-cu il tarixli “ev dəftəri” qeyd olunan qanunvericilik aktında nəzərdə tutulmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: Bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və torpaqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. Qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 11.1. Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanunu: 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun giriş hissəsinin və 2.1-ci maddəsinin mənasına görə, qeydiyyat orqanı daşınmaz əmlaka hüquq vermə məsələsini həll etmir, hüququn yaranmasına əsas verən hüquqi faktlar – Qanunun 8-ci maddəsində sadalanan sənədlərdə əksini tapmış məlumatlar əsasında şəxsin hüquqlarını qeydiyyata alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19.05.2014-cü il tarixli qərarında da göstərildiyi kimi, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. İddiaçının şərh etdiyi işin halları baxımından, yəni hüquqların bəyan etdiyi tikilinin üzərində qeydiyyata alınması üçün iddiaçı Qanunun 8-ci maddəsində göstərilən əsaslardan birini təqdim etməlidir. İddiaçının təqdim etdiyi 17.08.1949-cu il tarixli “ev dəftəri” bu cür əsas sayıla bilməz. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən daşınmaz əmlak üzərində hüquqların yaranması üçün hüquq müəyyənedici sənədlər təqdim olunmadığından, iddia tələbi rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar