Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-441/2024 29.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı sığorta edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, N saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı-pulemyotçu olduğundan Prezidentin xx.xx.2004cü il sərəncamının 20.11-ci bəndinə əsasən onun həyatı və sağlamlığının dövlət büdcəsi vəsaiti hesabına 5 illik pul təminatı məbləğində sığorta edilməyi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2016-cı ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy şöbəsindən hərbi xidmətə çağırılmış və Ağcabədi rayonunda yerləşən N saylı hərbi hissədə hərbi xidmətdə olmuş, 2018-ci ilin aprel ayında təxris olunmuşdur. 2018-ci ilin oktyabr ayında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kiçik çavuş olaraq yenidən xidmətə qayıtmış və xidmətini Goranboy rayonu Ağcakənd kəndində yerləşən N saylı hərbi hissənin kəşfiyyat bölüyündə kəşfiyyatçı-pulemyotçu kimi davam etdirmişdir. xx.xx.2020-ci il tarixdə İİ Qarabağ müharibəsi başlananda o da bir hərbçi olaraq müharibə yollanmışdır. xx.xx.2020-ci il tarixdə Suqovuşan istiqamətində gedən döyüşlərdə ağır dərəcədə yaralanmış, Müdafiə Nazirliyinin Hərbi Hospitalına yerləşdirilmiş və 2022-ci ilin aprel ayına kimi orada müalicə olunmuşdur. 2022-ci ilin aprel ayında ehtiyata buraxılmış və ona 3-cü qrup əllik dərəcəsi verilmişdir. İddiaçı İİ Qarabağ müharibəsi veteranıdır və bir sıra medallarla təltif edilmişdir. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin xx.xx.2004-cü il 711-İİQ nömrəli sərəncamının 20.11-ci bəndində kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilirlər. İddiaçı kəşfiyyatçı olduğu üçün sözügedən sərəncama uyğun olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, Lakin Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli məktubu ilə ona imtina verilmişdir. İddiaçı məhkəmə iclasında iddia müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin əmrindən xx.xx.2020-ci il tarixli, 955 nömrəli əmrindən çıxarışından görünür ki, İddiaçı kəşfiyyatçı-pulemyotçu kimi xx.xx.2020-ci il tarixdən döyüş əməliyyatlarına cəlb edilmişdir. -surəti işə əlavə edilmiş SX ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə xəstəliyə görə ordu sıralarından ehtiyyata buraxılmışdır. -surəti işə əlavə edilmiş ƏƏSMN-in Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” üçüncü dərəcə əlillik təyin edilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli 3-25-8/2-Y-1xx-xx/2023 nömrəli məktubundan görünür ki, sığorta pulunun ödənilməsi ilə bağlı İddiaçı müraciətinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.2020-ci il tarixdən döyüş əməliyyatlarına cəlb edilmiş, xx.xx.2022-ci il tarixdən isə xəstəliyə görə ordu sıralarından ehtiyyata buraxılmışdır. Həmçinin ona xx.xx.2022-ci il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçı kəşfiyyat fəaliyyəti subyekti kimi dövlət büdcəsi vəsaiti hesabına 5 illik pul təminatı məbləğində sığorta edilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh orqan iddiaçının müraciətinin təmin edilməsindən imtinaya səbəb kimi “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda icra mexanizmi olmamasını qeyd etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin həyata keçirilməsi ilə bağlı hüquqi münasibətlərin tənzimlənməsi, eləcə də kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin tətbiqində hüquqi təminatlar sistemi “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişdir. Həmin Qanunun:- -1.1-ci maddəsinə əsasən, kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. -14.1-ci maddəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. -14.2-ci maddəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. -20.11-ci maddəsinə əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. -20.12-ci maddəsinə əsasən, xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 3 avqust 2004-cü il tarixli, 104 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 20.12-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun:- -2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. -10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, yuxarıda qeyd olunan normaların hazırki işin faktiki hallarına tətbiqi onu deməyə əsas verir ki, cavabdehin hərəkətsizlikdə ifadə olunan imtinası qanunazidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur. Belə ki, yuxarıda istinad olunan normaların məzmunundan görünür ki, kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığının dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilməsi müvafiq qanunvericiliyin tələbidir. Belə olan halda məhkəmə hesab edir ki, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda sığortaedən tərəfindən ödənilməli olan sığorta haqqı, sığorta hadisəsi və qruplar üzrə sığora ödənişlərinin miqdarının göstərilməməsi, başqa sözlə həmin Qanunda icra mexanizminin göstərilməməsi iddiaçının hüquqlarını məhdudlaşdırmamalıdır. Odur ki, işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının həyat və sağlamlığının dövlət büdcəsi vəsaiti hesabına 5 illik pul təminatı məbləğində sığorta edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. İddiaçı həyat və sağlamlığının dövlət büdcəsi vəsaiti hesabına 5 illik pul təminatı məbləğində sığorta edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-441/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-441/2024
29.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver