Məhkəmə qərarları › İş №2-1(114)-4416/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4416/2023

29.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4416/2023 29.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinə qarşı tam orta məktəbin direktor vəzifəsinin icrasına başlamasının cavabdehin üzərinə qoyulması, həmin vəzifənin icrasına maneələrin aradan qaldırılması və vəzifənin icrasına şərait yaradılması, əmrin etibarsız hesab edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Goranboy rayonu Nizami kənd tam orta məktəbinin direktoru vəzifəsinin icrasına başlaması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına, Goranboy rayon Nizami kənd tam orta məktəbində əvvəlki, yəni direktor vəzifəsinin icrasının davam edilməsinə dair maneələrin aradan qaldırılması və əvvəlki vəzifəsinin icrasına şərait yaradılmasından əlavə həm də X1 Goranboy rayon Nizami kənd tam orta məktəbinin direktoru vəzifəsinə təyin edilməsi hissəsində Azərbaycan Respublikasının Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli K-586/1 nömrəli əmrinin etibarsız hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, hazırki işin aidiyyəti bu məhkəməyə aid deyil. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlük şərtlərindən biri kimi ilk növbədə iddiaçı tərəfindən mübahisəyə qanunla baxmaq hüququ olan səlahiyyətli məhkəməyə müraciət olunması ilə bağlı məsələ araşdırılmalıdır. İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırkı mübahisə üzrə iddiaçının tələbi onun Goranboy rayonu Nizami kənd tam orta məktəbinin direktoru vəzifəsinə faktiki bərpa olunması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, onun Goranboy rayonu Nizami kənd tam orta məktəbində əvvəllər və hazırda işlədiyi müəllim, bərpa olunmasını tələb etdiyi direktor vəzifələri “Dövlət qulluğu haqqında” Qanunda təsbit edilmiş inzibati və yardımçı vəzifələrin təsnifatında nəzərdə tutulmamışdır. Ona görə də, “Dövlət qulluğu haqqında” Qanuna əsasən iddiaçı dövlət qulluqçusu olmadığından onun tələbləri inzibati hüquq münasibətləri ilə bağlı mübahisə deyildir. Müvafiq olaraq həmin tələbə də inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə deyil, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli Qərarının 15.2-ci və 15.3-cü bəndlərinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- - 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə qarşı tam orta məktəbin direktor vəzifəsinin icrasına başlamasının cavabdehin üzərinə qoyulması, həmin vəzifənin icrasına maneələrin aradan qaldırılması və vəzifənin icrasına şərait yaradılması, əmrin etibarsız hesab edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar