Məhkəmə qərarları › İş №2-1(114)-442/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-442/2025

12.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-442/2025 12.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçıya məxsus xx.xx.1992-ci il tarixli nömrəli vəsiqədə qeyd edilmişdir ki, vəsiqə ərazi müdafiə batalyonunun şəxsi heyətinin üzvünə məxsusdur və təqdim edənin şəxsiyyətini müəyyən edir. ******* nömrəli odlu silahı saxlamaq və daşımaq hüququna malikdir.

2. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2004-cü il tarixli 26/2-3214 nömrəli məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Arxivində olan “Goranboy rayon ərazi özünümüdafiə” batalyonunun 01 aprel 1992-ci il tarixdən 01 sentyabr 1992-ci il tarixədək əmrlərində İddiaçı xidmətdə olması barədə heç bir məlumat yoxdur.

3. Tərtər Hərbi Prokurorluğunun xx.xx.2005-ci il tarixli 19HP969 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı barəsində toplanmış sənədlər Tərtər Hərbi Prokurorluğunda öyrənilərkən məlum olunmuşdur ki, o, Goranboy rayon Hərbi Komissarlığı tərəfindən 24 oktyabr 1992-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış, keçmiş SSRİ Silahlı Qüvvələrində əvvəllər həqiqi hərbi xidmət keçmənin qanunla müəyyən olunmuş faktiki müddətini başa vuraraq Goranboy rayon Hərbi Komissarlığında qeydiyyata götürülmüş, lakin o, səfərbərliklə əlaqədar olaraq həmin hərbi komissarlıqdan Azərbaycan Respublikası Silahlı Qüvvələrinə xidmətə çağırılmamış, Müdafiə Nazirliyinin Mərkəzi Arxivindən alınmış arayışda isə onun Milli Orduda xidmətdə olması göstərilməmişdir.

4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2009-cu il tarixli 26/2-538 nömrəli məktubunda bildirilmişdir ki, 2-ci Goranboy rayon Ərazi Özünümüdafiə Batalyonu komandirinin aprel 1992-ci il tarixdən sentyabr 1992-ci il tarixədək əmrlərində İddiaçı həmin hissədə xidmət barədə heç bir məlumat yoxdur.

5. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 977 nömrəli məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan Goranboy ƏÖMB komandirinin aprel-avqust 1992-ci il, N nömrəli hərbi hissə komandirinin avqust-noyabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında barəsində məlumat aşkar olunmamışdır. Qeyd edilir ki, Goranboy ƏÖMB komandirinin 1991-ci il, yanvar-mart, sentyabr-dekabr 1992-ci il, N nömrəli hərbi hissə komandirinin yanvar-iyul, dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Məktubunda və məktuba əlavə edilmiş hərbi biletinin kserosurətində Milli Orduda xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciətlər əsasında aparılmışdır.

6. Azərbaycan Respublikası Hərbi Katibliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 2/2-8444 nömrəli cavab məktubunda bildirilmişdir ki, İddiaçı 1991-1993-cü illərdə N nömrəli hərbi hissənin tərkibində Goranboy və Tərtər rayonları ərazisində xidmət etməsi ilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir.

7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 1274 nömrəli cavab məktubunda bildirilmişdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan Goranboy ƏÖMB komandirinin aprel-avqust 1992-ci il, N nömrəli hərbi hissə komandirinin avqust-noyabr 1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında barəsində məlumat aşkar olunmamışdır. Qeyd edilir ki, Goranboy ƏÖMB komandirinin 1991-ci il, yanvar-mart, sentyabr-dekabr 1992-ci il, N nömrəli hərbi hissə komandirinin yanvar-iyul, dekabr 1993-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Məktubunda xidmət keçdiyi hərbi hissənin nömrəsi göstərilmədiyindən araşdırmalar barəsində Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş müraciətlər əsasında aparılmışdır.

8. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi barədə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə etdiyi müraciətinə həmin orqanın xx.xx.2024-cü il tarixli məktubu ilə imtina cavabı verilmiş və imtina onunla əsaslandırılmışdır ki, “Müharibə veteranı, silahlı qüvvələr veteran və əmək veteran adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasım Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarına əsasən, “Müharibə veteran” adı və vəsiqəsi şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları nəzdində yaradılmış komissiyaların rəyi ilə verilir. Odur ki, döyüş əməliyyatlarında iştirakını sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar (sənədlərin (arayışların) imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti) olduğu təqdirdə ona “müharibə veteran” adı və vəsiqəsinin verilməsi məsələsinə müvafiq dövlət orqanının aidiyyəti komissiyasında baxıla bilər.

9. Məhkəmənin sorğusuna Goranboy rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-45-15RA/2-1-11/6-2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Goranboy rayon Ərazi Özünümüdafiə Batalyonunun post kitabı mühafizə olunmaq üçün rayon Dövlət Arxivinə təhvil verilməmişdir.

10. Məhkəmənin sorğusuna Goranboy Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-45/2-107/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Goranboy rayon Ərazi Özünümüdafiə Batalyonunun post kitabı ilə bağlı rayon İcra Hakimiyyətində heç bir məlumat olmadığı üçün, qeyd edilən sənədin göndərilməsi mümkün olmamışdır.

11. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsindən əldə edilmiş xx.xx.2011-ci il tarixli AO ******* nömrəli uçot kartasından görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək və xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək N nömrəli hərbi hissənin tərkibində hərbi xidmət keçmişdir.

12. Məhkəmənin soğrusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 3-43- 22/2-1049/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Goranboy rayonu Ərazi Özünümüdafiə taborunun hər hansı bir hərbi hissəsinin tərkibində olması və yaxud könüllü batalyonda xidmət etməsi barədə SHXÇDX-nin Goranboy rayon şöbəsində heç bir məlumat yoxdur.

13. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3226 nömrəli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 091 nömrəli əmrində 1992-ci ilin mart ayının 27-dən Goranboy rayonunun Əlahiddə Ərazi Özünümüdafiə batalyonunun yaradılması (şərti adı N nömrəli hərbi hissə) bütün işlərin 1992-ci ilin aprel ayından başlaması, qərarhgahın Goranboy rayon Hərbi Komissarlığının bazasında yaradılması və fəaliyyət göstərməsi barədə məlumat qeyd olunmuşdur. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda Goranboy RHK-nın xx.xx.1992-ci il tarixdən 09.1992-ci il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır.

14. Məhkəmənin sorğusuna Goranboy Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-45/2-1142/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, Goranboy rayon Dövlət Arxivinin təqdim etdiyi 16 noyabr 2024-cü il tarixli N nömrəli arayışda Dövlət Arxivində mühafizə olunan sənədlər qovluğunda Goranboy rayonu üzrə X1 tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısında İddiaçı adının olmadığı bildirilmişdir.

15. Məhkəmənin sorğusuna Goranboy rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli N nömrəli cavab məktubunda bildirilmişdir ki, Goranboy Rayon İcra Hakimiyyətinin rayon Dövlət Arxivində mühafizə olunan “Müharibə veteranı” status verilməsinə dair 2008-ci il sənədlər qovluğunda 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək Goranboy rayonu üzrə X1 tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin adlı siyahısında xx.xx.1962-ci ildə anadan olmuş İddiaçı adı aşkar olunmadı. II. Məhkəmədə icraat

16. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, 1991-ci il tarixindən 1993-cü il tarixə kimi Goranboy rayon Ərazi Özünümüdafiə Taborunda xidmət etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər çərçivəsində Goranboy-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Hərbi idmət dövrü 1991-1993-cü ilin olan dövrü əhatə edir. Bu yaxınlarda o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək, müharibə veteranı adı verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi ona müharibə veteranı adı verilməsindən imtina edib. Cavabdeh təşkilat qərarını əsaslandırmayıb. Aşağıdakılara əsasən hesab edir ki, cavabdeh təşkilatın ona müharibə veteranı adı verilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Buna görə də ona müharibə veteranı adı verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. O, 1991- 1993-cü illərdə hərbi xidmət keçmişdir. Bundan əlavə onun barəsində hərbi xidmətdən yayındığına görə cinayət işi açılmayıb və bu hal Hərbi Prokurorluq tərəfindən verilən arayışla tam təsdiq olunur. Göstərilənlərə əsasən hesab edir ki, ona müharibə veteranı adı verilməlidir.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

19. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir.

20. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-ə görə: Maddə 2.2.3. İnzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 8.1.2. Mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

21. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

22. Cavabdeh orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi üçün hazırkı işə xüsusi aidiyyət qaydası tətbiq olunmaqla, iddiaçının yaşayış yeri (və ya olduğu yer) üzrə baxılır. İddiaçının yaşadığı (olduğu) yer olan Ağdam rayonu “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

23. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

24. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

25. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, şifahi məhkəmə baxışı iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

26. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi isə məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir.

27. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

28. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

29. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş və etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi Xidmətə qarşı əsassız olduğu üçün mümkün hesab olunmamalıdır. Belə ki, iddiaçı tələbində qeyd etmişdir ki, Goranboy rayon Özünümüdafiə Taborunda xidmət etdiyi zaman Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Goranboy-Ağdərə istiqamətində gedən döyüşlərdə iştirak etmiş və hərbi xidməti 1991-1993-cü illərdə olan dövrü əhatə edir. Həmçinin, Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrin yarandığı gündən döyüş bölgələrində olan hərbi hissələrin siyahısı qovluğu”nda “Goranboy ərazi özünümüdafiə batalyonu” mövcud olmuşdur. Qovluğun adından görünür ki, Goranboy ərazi özünümüdafiə batalyonu hərbiləşdirilmiş dəstədir (hərbi hissədir) və belə olan halda bu iş üzrə Xidmətin cavabdeh olması mümkünsüzdür. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı cavab məktublarından görünür ki, həmin Nazirliyin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya tələb olunan sənədlər təqdim edildiyi halda iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxıla biləcəyini qeyd etmişdirlər. Yəni, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaçıya müvafiq adın və vəsiqəsinin verilməsi səlahiyyətinin onlara aid olmasını cavab məktublarında göstərmişdirlər. Xidmətin iddiaçıya ünvanladığı məktub Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavab məktubu ilə eynilik təşkil etmişdir. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

30. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - İddiaçıya məxsus xx.xx.1992-ci il tarixli nömrəli vəsiqə; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2004-cü il tarixli 26/2-3214 nömrəli məktubu; - Tərtər Hərbi Prokurorluğunun xx.xx.2005-ci il tarixli 19HP969 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2009-cu il tarixli 26/2-538 nömrəli məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli 977 nömrəli məktubu; - Azərbaycan Respublikası Hərbi Katibliyinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 2/2-8444 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli 1274 nömrəli cavab məktubu; - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Goranboy rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 3-45-15RA/2-1-11/6-2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Goranboy Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-45/2-107/2024 nömrəli cavab məktubu; - xx.xx.2011-ci il tarixli AO ******* nömrəli uçot kartası; - Məhkəmənin soğrusuna Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 3-43- 22/2-1049/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 3226 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Goranboy Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-45/2-1142/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Goranboy rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli N nömrəli cavab məktubu.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

31. Məhkəmə proses iştirakçısının izahatını dinləyərək inzibati iş materiallarını araşdırıb, mövcud olan sübutları obyektiv, hərtərəfli və tam tədqiq etməklə, onlara hüquqi qiymət verərək belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

32. İş materiallarından müəyyən olur ki, İddiaçı tələbi ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə bağlıdır, hansı ki, onun Goranboy rayonu Ərazi Özünümüdafiə taborunun hər hansı bir hərbi hissəsinin tərkibində olması və yaxud könüllü batalyonda xidmət etməsi barədə məlumat aşkar edilmədiyindən, cavabdeh orqan tərəfindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.

33. Göründüyü kimi, cavabdeh inzibati orqan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun Goranboy rayonu Ərazi Özünümüdafiə taborunun hər hansı bir hərbi hissəsinin tərkibində və yaxud könüllü batalyonda xidmət etməsi barədə məlumatın olmamasıdır.

34. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur.

35. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Maddə 3. Aşağıdakılar müharibə veteranları sayılırlar: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə görə: Bənd 1. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994 cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında.

37. Göründüyü kimi, əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, bunun müvafiq sənədlərdə əks edilməsi və həmin sənədlərin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsidir.

38. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar 1998-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimata görə: Bənd 1.6. 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir.

39. Göründüyü kimi, cavabdeh inzibati orqanın İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun Goranboy rayonu Ərazi Özünümüdafiə taborunun hər hansı bir hərbi hissəsinin tərkibində və yaxud könüllü batalyonda xidmət etməsi barədə məlumat olmamasıdır ki, aparılmış məhkəmə araşdırmaları ilə də həmin hal öz təsdiqini tapmışdır.

40. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.

41. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir.

42. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

43. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar