Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4428/2025 20.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı “əsassız hesablanmış pulun silinməsi və diplomun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. İddiaçıların tələbi İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, universitet tərəfindən təhsil haqqı borcu kimi İddiaçı1 1500 manat, İddiaçı2 1500 manat, İddiaçı3 1500 manat, İddiaçı4 1200 manat, Ç.İddiaçı6 1350 manat və Ə.N.Məmmədliyə 1300 manat olmaqla ümumilikdə 8350 (səkkiz min üç yüz əlli) manat məbləğində əsassız hesablanmış pulun silinməsi və diplomların verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçılar tələbi belə əsaslandırmışlar ki, 2020/2021-ci tədris ilində Azərbaycan Texnologiya Universitetinə ödənişli əsaslarla müxtəlif fakültələrə qəbul olmuş və qeyd edilən tədris ilində respublikada mövcud olan sanitar-epidemioloji (COVİD-19) vəziyyətlə əlaqədar respublika daxilində rayonlararası hərəkətlərə qoyulmuş məhdudiyyətlər, həmçinin, tədris distant qaydada həyata keçirildiyindən məcburi köçkün statusu olan tələbələr qeydiyyatdan elektron qaydada keçmiş və universitet tərəfindən statusları təsdiq edilərək tələbələr sırasına qəbul olmuşlar. Məcburi köçkün olmalarına dair sənədlərini dərslər qismən ənənəvi qaydaya keçdikdən sonra 2021-ci ilin sonunda universitetə təqdim etmişlər. Onlar universitetdə təhsil aldıqları müddət ərzində fakültə rəhbərləri tərəfindən 1ci kurs üçün nəzərdə tutulmuş təhsil haqqı borclarının olduğu bildirilmiş, bununla əlaqədar dəfələrlə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Azərbaycan Texnologiya Universitetinə rəsmi müraciət etmələrinə baxmayaraq hal-hazıradək universitet tərəfindən hesablanmış təhsil haqqı borcu kimi hesablanmış pul məbləğı üzərlərindən silinməmiş və bu səbəbdən 2024-cü ildə universiteti bitirmələrinə baxmayaraq hazıradək diplomları universitet tərəfindən onlara təqdim edilməmişdir. Hazırda onlara hesablanmış təhsil haqqı borcu aşağıdaki kimidir: 1. İddiaçı1 (Kəlbəcər rayonu, AA № 442455, xx.xx.2020-ci il) təhsil haqqı borcu 1500 (bir min beş yüz) manatdır; 2. İddiaçı2 (Füzuli rayonu, AA № 434490, xx.xx.2019-cu il) təhsil haqqı borcu 1500 (bir min beş yüz) manatdır; 3. İddiaçı3 (Ağdam rayonu, AA № 426020, xx.xx.2019-cu il) təhsil haqqı borcu 1500 (bir min beş yüz) manatdır; 4. İddiaçı4 (Zəngilan rayonu, AA № 436791, xx.xx.2019-cu il) təhsil haqqı borcu 1200 (bir min iki yüz) manatdır; 5.İddiaçı5 (Füzuli rayonu, AA № 445427, xx.xx.2020-ci il) təhsil haqqı borcu 1350 (bir min üç yüz əlli) manatdır; 6.X1 (Şuşa rayonu, AA № 434865, xx.xx.2019-cu il) təhsil haqqı borcu 1300 (bir min üç yüz) manatdır; Hesab edilir ki, Azərbaycan Texnologiya Universiteti tərəfindən onlara 1-ci kursa dair hesablanmış təhsil haqqı borcları əsassızdır, belə ki, pandemiya dövründə elektron qaydada onlar qeydiyyatdan keçdikdə imtiyaza dair əsasverici olan məcburi köçkün vəsiqələri sistemə yerləşdirilmiş və Azərbaycan Texnologiya Universiteti tərəfindən həmin sənədlər təsdiq edilərək onları tələbələr sırasına qəbul etmişlər və əsasverici sənədlər qəbul edilməsəydi onlardan ödəniş tələb oluna bilərdi. İşin halları Gəncə İnzibati Məhkəməsinin İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 ünvanlanmış xx.xx.2025-ci il tarixli sərəncamından görünür ki, iddia ərizəsi və ona əlavə edilən sənədlərlə bağlı xətaların aradan qaldırılması üçün xx.xx.2025ci il tarixədək vaxt verilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
Məhkəmənin mövqeyi
Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia mümkün sayılmamalıdır. İnzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Hazırkı iddia tələbi üzrə iddiaçılar cavabdeh Azərbaycan Texnologiya Universitetinin üzərinə əsassız hesablanmış pulun silinməsi və diplomun verilməsi öhdəliyinin qoyulmasını xahiş etmişdir. Hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla mahiyyəti üzrə baxılması üçün xüsusi mümkünlük şərti olan cavabdehin orqanın imtinasının olması və ya müraciətdən sonra hərəkətsizlik göstərməsi zəruridir. Yəni iddiaçılar hazırkı tələblə əvvəlcə cavabdeh orqana- Azərbaycan Texnologiya Universitetinə müraciət etməli, cavabdeh iddiaçıların tələbini təmin etmədikdə imtina məktubu və ya hərəkətsizlik göstərərsə iddiaçıların müraciətini təsdiq edən sənəd məhkəməyə təqdim edilməlidir. Lakin iddiaçılar iddia ərizəsinə hazırkı tələblə cavabdeh orqana müraciət etməsini və (və ya) cavabdeh orqanın tələbin təmin edilməsindən imtina etməsini təsdiq edən sənəd əlavə etməmişlər. Eyni zamanda iddia ərizəsi İddiaçı3 başqa digər iddiaçılar tərəfindən də imzalanmalı olduğu halda imzalanmamışdır. Qeyd olunanlarla bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbinə müvafiq olaraq yardım etmək vəzifəsi üzrə xx.xx.2025-ci il tarixdə sərəncam göndərilərək qeyd olunan xətaların aradan qaldırılmasının zəruriliyi qeyd edilmiş, bununla əlaqədar xx.xx.2025-ci il tarixədək vaxt verilmiş, lakin iddiaçılar tərəfindən sərəncama əməl edilməmiş, göstərilən xətalar aradan qaldırılmamışdır. Odur ki, məhkəmə hesab edir ki, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı “əsassız hesablanmış pulun silinməsi və diplomun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Həmçinin, iddiaçılara izah edilir ki, iddianın mümkün sayılmaması yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35 və 85.1-ci maddələrini rəhbər tutaraq
Qərara aldı
İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdeh Azərbaycan Texnologiya Universitetinə qarşı “əsassız hesablanmış pulun silinməsi və diplomun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Ruhiyə Tağıyeva