Məhkəmə qərarları › İş №2-1(114)-443/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-443/2024

08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-443/2024 08.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (bundan sonra mətndə-iddiaçı) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı xx.xx.1968-ci il tarixdə Goranboy rayonun Cinliboluslu kəndində anadan olmuş, hazırda Goranboy rayonu, Boluslu kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayır. İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. İddiaçı xx.xx.1993-cü il tarixdə Ağdam rayonunda yaralanmış, xx.xx.1993xx.xx.1993-cü il tarixlərdə Ağdam qospitalında, xx.xx.1993-xx.xx.1993-cü il tarixlərdə Bakı şəhərindəki qospitalda, xx.xx.1993-xx.xx.1993-cü il tarixlərdə Müdafiə Nazirliyinin poliklinikasında müalicə olunmuşdur. İddiaçıya məxsus НЗ ******* nömrəli hərbi biletin 6-cı səhifəsindəki qeydlərdən görünür ki, iddiaçı uzun müddət müalicədə olduğuna görə N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 363 nömrəli əmri ilə siyahıdan çıxarılmışdır. N saylı hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 363 nömrəli əmrinə əsasən Azərbaycan Respublikasının MN-nin 278 nömrəli fərmanına əsasən N nömrəli h/h-dən uzun müddət müalicədə olduqlarına adları göstərilən (135.sıravi İddiaçı) əsgərlər h/h-nin şəxsi heyətindən çıxarılmış, bütün növ təminatları dayandırılmış, hərbi biletləri şəxsi heyəti qəbul etmə məntəqəsinə göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin poliklinikası tərəfindən xx.xx.1994-cü il tarixdə tərtib edilmiş 4863 nömrəli xəstəlik şəhadətnaməsindən görünür ki, hərbi həkim komissiyasının qərarı ilə iddiaçı «Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə yararlı» hesab edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2023-cü il tarixli, 1686 nömrəli məktubuna əsasən qeyd olunan şəhadətnamə hazırda qüvvədədir İddiaçı xx.xx.1999-cu il tarixdə Goranboy HHK tərəfindən xəstəlik cədvəlində hərbi xidmətə məhdudiyyətlə yararlı, xx.xx.2003-cü il tarixdə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir (iddiaçıya məxsus hərbi kartadakı qeydlərə əsasən). İddiaçı “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə-cavabdeh) müraciət etmişdir. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 4/3-5214 nömrəli məktubla göndərilən sənədlərə xx.xx.2023-cü il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilməmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin Katibliyinin Mərkəzi Arxivinin xx.xx.2022-ci il tarixli 4/2-7431 nömrəli arayışına və digər təqdim olunan sənədlərə əsasən döyüş əməliyyatları aparılan dövrdə xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək xidməti barədə məlumat olmadığına iddiaçıya "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli, 1875 nömrəli məktubuna əsasən Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin mart-dekabr 1992-ci il, yanvar-dekabr 1993-cü il, yanvar-noyabr 1994-cü il, yanvar-dekabr 1995-ci il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin "Yaralıların qeydiyyatı" kitablarında və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında iddiaçı barəsində məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı" qovluğunda N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirakı barədə məlumat yazılmışdır. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı tərəfin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Goranboy rayonunun Cinliboluslu kəndində anadan olmuş, həmin kənddə yaşamaqla orta məktəbi də orada oxumuşdur. Erməni işğalçılar larınin vətənimizə qarşıl elan edilməmiş müharibəsində Goranboy rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliyə çağrılaraq N saylı hərbi hissənin tərkibində erməni silahlı birləşmələrinə qarşı döyüşlərdə iştirak etmişdir. 21 iyul 1993-cü il tarixdə Ağdam istiqamətində gedən döyüşlərdə yaralanmışdır. N saylı hərbi hissədə xidmət etməsinə dair hərbi bletinin 6-cı səhifəsində N saylı hərbi hissə komandirinin möhürü və imzası vardır. N saylı hərbi hissənin tərkibində döyüşlərdə iştirak etdiyin görə veteran dövlət tərəfindən verilən müavinəti və vəsiqəsini almaq üçün cavabdehə müraciət etsə də müraciəti müsbət həll edilməmişdir. Cavabdeh tərəfindən bildirilmişdir ki, döyüş əməliyyatları aparılan zaman xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək xidməti barədə məlumat olmadığına görə ona "Müharibə Veteranı"adının və vəsiqəsinin verilməsi məqsədə uyğun deyildir. Bu barədə olan AR Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli məktubunu məhkəməyə təqdim edir. Lakin, cavabdehin iddiaçıya qarşı bu hərəkəti sonuncunun hüquqlarının pozulması deməkdir. Çünki iddiaçı əslində bütün Goranboy caamat kimi hələ 1991-ci ildən, yəni lap ilk günlərdən 1994-cü ilədək, yəni atəşkəs elan olunana qədər döyüşlərdə iştirak etmişdir. Hətta bu belə olmuş olsa belə təqdim etdiyi hərbi biletinin surətindən və yaralanması haqqında həkim sənədlərin surətlərindən aydın görünür ki, iddiaçı həqiqətən N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmiş və döyüş zamanı yaralanmışdır. Əgər kiminsə səhlənkarlığı ucbatından iddiaçının döyüşlərdə olduğu müddət əmrlər kitabına qeyd olunmayıbsa bu iddiaçının səhvi deyildir. İddiaçı o vaxt heç bunlara fikirdə vermirdi, vətənin, xalqın, torpağın üçün vuruşmasını özünə borc bilirdi. İddiaçının N saylı hərbi hissədə hərbi xidmətdə olmasını və Ağdam bölgəsində gedən döyüşlərdə iştirak etməsini məhkəməyə təqdim etdiyi AR Müdafiə Nazirliyinin Arxiv arayışı və hərbi biletindəki qeydlər və məhkəməyə gətirəcəyi döyüş yoldaşları bir daha təsdiq edə bilərlər. İddiaçı hesab edir ki, iddiaçının hərbi xidmətdə olması və döyüş əməliyyatlarında iştirak etməsi barədə hərbi biletində olan qeydlər və MN-nin Arxiv arayışı əsasında ona "Müharibə veteranı yə vəsiqəsi" verilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçı ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə xx.xx.2023-cü il tarixli, 3-25-4/2-4113/2023 nömrəli məktubla məhkəməyə etirazını təqdim etmiş və etirazında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənənin müddəalarına istinad edərək imtina əsaslarını təkrarlamışdır. Cavabdehin nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qanunun 3-cü maddəsinin qeydinə əsasən bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X2 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Məhkəmə qeyd edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Yuxarıda qeyd olunan normaların tələbindən göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunması və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsidir. Məhkəmə araşdırması zamanı N nömrəli hərbi hissənin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etdiyi, iddiaçının N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısına daxil edilməsi barədə məlumat aşkar olunmadığı, buna baxmayaraq xx.xx.1993-cü il tarixdə Ağdam rayonunda gedən döyüşlərdə yaralanması və N nömrəli hərbi hissənin qulluqçusu kimi xx.xx.1993-xx.xx.1993-cü il tarixlərdə Ağdam qospitalında, xx.xx.1993-xx.xx.1993-cü il tarixlərdə Bakı şəhərindəki qospitalda, xx.xx.1993-xx.xx.1993-cü il tarixlərdə Müdafiə Nazirliyinin poliklinikasında müalicə olunduğu, xx.xx.1994-cü il tarixdə hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilərək «Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə yararlı» hesab edildiyi müəyyən olunur. Lakin, müalicədən sonra, xx.xx.1993-cü il tarixdən sonra hərbi hissəyə qayıtması və ya aldığı xəsarət nəticəsində onun müharibə dövründə hərbi xidmətə yararsız olması barədə müvafiq hərbi həkim komissiyasının qərarı mövcud deyildir. Belə olan vəziyyətdə iddiaçı müalicə aldıqdan sonra yenidən hərbi hissəyə qayıtmalı olduğu halda, bunu etməmişdir. Göründüyü kimi, iddiaçının hərbi hissədən qanuni əsaslarla tərxis olunması sübut olunmur. Ona görə də Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar