Məhkəmə qərarları › İş №2-1(114)-445/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-445/2020

30.01.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-445/2020 30.01.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinə qarşı sosial müavinətin ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1974-cü il tarixdə Xanlar (indiki Göygöl) rayonun Balçılı kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatdadır. İddiaçıya xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən 058947 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. İddiaçı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək ödənilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli **********4 nömrəli məktubda bildirilmişdir ki, Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanunun 9.1 maddəsinə əsasən müavinətlər - ən çoxu müraciət etməzdən əvvəlki 3 (üç) il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yarandığı gündən təyin edilir. Veteranlar haqqında Qanunun 7-ci maddəsinə əsasən veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Müharibə veteranı kimi sosial təminat növünün təyin edilməsi müharibə veteranı statusu yarandığı, yəni veteran vəsiqəsi verildiyi tarixdən həyata keçirilir. Məhz bundan sonra sonraki dövrdə vətəndaş ona həmin ödənişin təyin olunması üçün gec müraciət etdiyi halda müraciət edilən tarixdən ən çoxu üç il ödəniş verilir. Lakin bu üç illik dövr statusun yarandığı vaxtdan əvvəlki dövrə aid deyil, statusun yarandığı sonrakı dövrə aiddir. İddiaçı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməyən, yəni xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı tələbini müdafiə edərək iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək əlavə olaraq bildirdi ki, ona veteran statusu xx.xx.2017-ci il tarixdə verilməsinə baxmayaraq, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında keçən əsrin 90-cı illərinin əvvəllərində iştirak etdiyindən müavinət müraciət etdiyi əvvəlki 3 il üçün də verilməlidir. Şifahi məhkəmə baxış iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən veteranlara imtiyaz və güzəştlər yalnız veteran vəsiqəsini təqdim etdikdə verilir. Eyni zamanda, həmin Qanuna əsasən vəsiqə statusu təsdiq edən sənəddir. Vətəndaş İddiaçı təqdim etdiyi vəsiqə xx.xx.2017-ci il tarixdə verilmişdir. O, iddia etdiyi dövrdə veteran statusuna malik olmayıb, ona görə də həmin dövr üçün veteranlığa görə verilən imtiyaz və güzəştlərdən istifadə edə bilməzdi. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini xx.xx.2017-ci il tarixli, 058947 nömrəli “müharibə veteranı” vəsiqəsinin surəti, Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, **********4 nömrəli imtina məktubu təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia mahiyyəti üzrə həm də əsaslıdır. Belə ki, Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə müavinət almaq hüququnu da ehtiva edir. Veteranların müavinət almaq hüququ “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə və “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanı ilə tənzimlənir. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 257 nömrəli FərmanıAzərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, lakin sonradan müharibə veteranı vəsiqəsini almış, əvvəlki dövrlər üçün müavinət almamış müharibə veteranlarına münasibətdə bu Fərmanla müəyyən edilmiş müavinətin məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələbləri baxımından həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Konstitusiyanın 25-ci maddəsinin İ və İİİ hissələrində təsbit olunmuşdur ki, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir... Həmçinin, həmin maddənin İV hissəsində qeyd olunur ki, heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci maddəsinin 11-ci abzasına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara xx xxx 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun: -3. maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. -7. maddəsinin ikinci hissəsinə əsasən, veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 257 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 manat məbləğində müavinət təyin edilmişdir. Həmin Fərmanın 3-cü bəndində qeyd olunmuşdur ki, bu Fərman 2005-ci il avqustun 1-dən qüvvəyə minir. İşin faktiki hallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və ona Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən M/V seriyalı 058947 nömrəli, xx.xx.2017-ci il tarixli müharibə vetaranı vəsiqəsi verilmişdir. xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun: -4.0.1.6. maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətlər təyin edilir; -7.0. maddəsinə əsasən, müavinətlər aşağıdakı hallarda təyin edilir: -7.0.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda; -9.1. maddəsinə əsasən, ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (...) müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: -9.1.5. maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət — onu almaq hüququ olan şəxs qanunvericiliklə müəyyən edilmiş hallarda bu hüququ itirənədək; -10.3. maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarına zəruri sənədlərlə (yaşı, əlilliyi, ailə başçısının itirilməsini və sairə təsdiq edən sənədlər) birlikdə ərizənin təqdim edildiyi gün müavinət təyin olunması üçün müraciət edilən gün hesab olunur. Bu müddəalardan göründüyü kimi, müharibə veteranı adını almış şəxsin müəyyənləşdirilmiş məbləğdə aylıq sosial müavinət almaq hüququ veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Həmin vəsiqəni təqdim etməklə şəxs özünün müharibə veteranı olması faktının müəyyən edilməsinə əsaslanır. Yəni vəsiqə şəxsin yalnız müvafiq müharibə iştirakçısı olması faktını təsdiq edir. Yuxarıda qeyd olunmuş müddəaların mənasından bəlli olur ki, əgər həmin qanunun qüvvəyə minməsindən sonra şəxsin müvafiq müavinət almaq hüququ yaranırsa, bu halda onun müraciət etdiyi vaxtdan ən çoxu üç il üçün ödənilməmiş müavinətin (aylıq müavinətin) məbləği ona ödənilməlidir. Məhkəmə işin faktiki hallarını və maddi hüquq normalarını rəhbər tutaraq hesab edir ki, sosial müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənildiyindən, iddia tələbi təmin edilməli, yəni cavabdehin üzərinə xx.xx.2014-cü il tarixdən müharibə veteranları üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin iddiaçıya ödənilməsi vəzifəsi qoyulmalıdır. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il kimi müharibə veteranı üçün nəzərdə tutulmuş, lakin ödənilməmiş müavinətin hesablanıb ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Göygöl rayon şöbəsinin üzərinə qoyulsun. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi (Gəncə şəhəri, H.Əliyev prospekti 105A) ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar