Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-446/2020 21.01.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə (bundan sonra AR ƏƏSMN yanında DSMF-nin Bərdə rayon şöbəsi) qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh AR ƏƏSMN yanında DSMF-nin Bərdə rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2019-cu il tarixdə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməyən, yəni xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda AR ƏƏSMN yanında DSMFnin Bərdə rayon şöbəsindən müharibə veteranı kimi müavinət alır. O, qanunla müharibə veteranlarına ödənilməyən müavinətin, yəni müavinət almaq hüququ yarandığı gündən əvvəlki 3 il üçün ödənilməklə qanuna müvafiq olaraq xx.xx.2016-cı ildən xx.xx.2019-cu ilədək fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi məqsədilə cavabdehə müraciət etsə də, sonuncu qanunun tələblərini pozaraq müraciətinə cavab verməmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə iddiaçınn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməmiş və bildirmişdir ki, Prezidentin xx.xx.2019-cu il tarixli sərəcamına əsasən veteranlara verilən müavinət təqaüdlə əvəz edildiyindən iddiaçının tələbinin qanuni əsası yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -xx.xx.2019-cu il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən AR ƏƏSMN yanında DSMF-nin Bərdə rayon şöbəsinə rəsmi qaydada müraciət edilmişdir. - 086534 nömrəli xx.xx.2019-cu il tarixli müharibə veteranı vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən müharibə veteranı statusu verilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati-iqtisadi məhkəmələrə aiddir. X3 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab etmir. Belə ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanının 1, 2 və 5-ci hissələrində qeyd olunmuşdur ki:-
1. Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki: bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir.
5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Qanunvericiliyin tələbindən göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə iştirakçılarına həmin sosial müavinətin əvəzinə verilir. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı adı verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Hazırkı iş üzrə iddiaçıya xx.xx.2019-cu il tarixdə müharibə veteranı vəsiqəsi və müvafiq status verildiyi zaman o, müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinəti deyil, bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququnu əldə etmişdir. Məhkəmə qeyd edir ki, Prezident təqaüdü Azərbaycan Respublikasının Prezidenti tərəfindən müvafiq Fərmanla təyin edilir və qanunvericiliklə aylıq müavinət (sosial müavinət), təqaüd və kompensasiya hər biri fərqləndirilməklə yalnız aylıq müavinətin əvvəlki üç il üçün ödənilməsi nəzərdə tutulur. Beləliklə, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2019-cu il tarixli Fərmanı xx xxxxx 2019-cu il tarixdən tətbiq edildiyindən və iddiaçıya “müharibə veteranı” adı və və vəsiqəsi xx.xx.2019-cu il tarixdə verildiyindən, həmçinin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün əvvəlki üç il üçün ödənilməsi qaydası qanunvericilikdə nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, hazırkı halda iddiaçının müharibə veteranı adının verildiyi tarixdən əvvəlki üç il üçün sosial müavinət almaq hüququ istisna edilir. Başqa sözlə “Sosial müavinətlər haqqında” Qanunun müvafiq tələbləri hazırki mübahisəyə tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fikrət Hüseynov