Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-446/2023 19.12.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X3 İdarəsinə qarşı “2.425 manat maddi ziyan, 45 manat dövlət rüsumunun, cəmi 2.470 manat pulun tutularaq verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh X3 İdarəsinə qarşı iddia ərizəsi, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən “2.425 manat maddi ziyan, 45 manat dövlət rüsumunun, cəmi 2.470 manat pulun tutularaq verilməsi”ni xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, İdarənin xidmət etdiyi ərazilərdə qanunsuz yayımlanan reklamların söküntüsü işlərinin aparılması ilə bağlı "xxxx" MMC ilə cavabdeh arasında müqavilə bağlanmışdır. İddiaçının reklam lövhələri də həmin MMC-nin əməkdaşları tərəfindən sökülmüşdür. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsi və iş materiallarını nəzərdən keçirərək hesab edirəm ki, iddia düzgün cavabdehə qarşı verilmədiyi üçün mümkün sayılmamalıdır. Belə ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. X3 İdarəsi ilə "xxxx" MMC arasında bağlanmış müqavilənin şərtlərinə əsasən reklam xidmətlərini keyfiyyətlə və qüsursuz şəkildə yerinə yetirmək, Reklam xidmətləri və açıq məkanda yayımlanan reklamların söküntüsü (demontajı) xidmətləri barədə görüləcək işlərin pozulmasına yol verilməməsi MMC-nin vəzifələrinə aid edilmişdir. Beləliklə, müqavilə şərtlərindən və cavabdehin nümayəndəsinin izahatından aydın olur ki, iddiaçının reklam lövhələri "xxxx" MMC-nin əməkdaşları tərəfindən sökülmüşdür. Hazırkı mübahisə üzrə "xxxx" MMC tərəfindən iddiaçıya zərər vurulduğu üçün iddia həmin hüquqi şəxsə qarşı qaldırılmalıdır. Qeyd olunan mübahisə delikt hüquq münasibətləri sferasına aid olmaqla, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Həmçinin, hazırkı mübahisə mülki mübahisə olduğundan cavabdehin əsl cavabdehlə əvəz edilməsinin iddiaçıya təklif olunması zəruri hesab olunmur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.3 və 2.1ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli qərarının 15.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh X3 İdarəsinə qarşı “2.425 manat maddi ziyan, 45 manat dövlət rüsumunun, cəmi 2.470 manat pulun tutularaq verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-446/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-446/2023
19.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver