Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-446/2025 31.07.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilməsi edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. İşin halları: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1969-cu il tarixdə Tərtər rayonu, Qapanlı kəndində anadan olmuş, hazırda həmin kənddə qeydiyyatda olmaqla yaşayır. İddiaçıya məxsus xx.xx.2015-ci il tarixdə açılmış ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.2015-xx.xx.2016-cı il tarixlərdə N nömrəli hərbi hissənin əsgər yeməkxanasında yeməkxana xidmətçisi vəzifəsində, xx.xx.2016-xx.xx.2021-ci il tarixlərdə N nömrəli hərbi hissənin əsgər yeməkxanasında qabyuyan vəzifəsində, xx.xx.2021xx.xx.2022-ci il tarixlərdə N nömrəli hərbi hissənin əsgər yeməkxanasında qabyuyan vəzifəsində işləmişdir. N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.2016-cı il tarixli, 79 nömrəli əmri ilə iddiaçı hərbi hissənin yeməkxanasında qabyuyan vəzifəsinə qəbul edilmişdir. N nömrəli hərbi hissə N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir (Müdafiə Nazirliyinin Hüquq İdarəsinin xx.xx.2024cü il tarixli, 3-25-4/2-1096/2024 nömrəli məktubuna əsasən). N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə xx.xx.2021-ci il tarixli, 78 nömrəli əmri ilə iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (öz xahişi ilə) əsasən xx.xx.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı “müharibə veteranı“ adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədləri ilə birlikdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (bundan sonra mətndə - cavabdeh) müraciət etmişdir. N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli, 1995 nömrəli arayışına əsasən xx.xx.2016- il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissənin qərargah və təchizat süyünün yeməkxana xidmətçisi vəzifəsində xidmət etmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının verenliyi və ərazi bütövlüyü uğrunda gedən "Vətən müharibəsi"ndə N nömrəli hərbi hissənin qərargah və təchizat bölüyünün tərkibində hərbi hissənin daimi dislokasiya məntəqəsində xidməti vəzifə borclarını yerinə yetirmişdir. N nömrəli hərbi hissənin “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqələrinin verilməsi üçün təqdim edilən hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüşlərdə bilavasitə iştirak etmiş və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları (döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat) yerinə yetirmiş mülki şəxs barədə arayış-məlumatında aşağıdakılar qeyd edilmişdir: 1) Xidmət keçdiyi hərbi hissə (müəssisə): N nömrəli hərbi hissə 2) Rütbəsi: mülki işçi 3) Vəzifəsi: qərargah və təchizat bölüyünün yeməkxana xidmətçisi 4) Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması (tarixlər və əmrin nömrələri göstərilməklə): xx.xx.2016-cı il tarixli 79 nömrəli əmr, xx.xx.2021-ci il tarixli 78 nömrəli əmr 5) Döyüş əməliyyatlarına cəlb olunması (tarix və əmrin nömrələri göstərilməklə): boşdur 6) Həmin dövrdə şəxsin mtt üzrə tapşırıqlar ilə bağlı fəaliyyətə cəlb olunması (tarix və əmrin nömrəsi göstərilməklə) : Nizami hissə üzrə əmrlər kitabında döyüşdə iştirakı ilə bağlı heç bir qeyd aparılmayıb 7) İştirak etdiyi ərazilər: hərbi hissənin daimi dislakasiya məntəqəsi 8) Hansı qismdə iştirak edib, həmin dövrdə mtt üzrə tapşırıqlar ilə bağlı hansı fəaliyyət növü ilə məşğul olub (təfsilatı məlumat verilsin): Xidməti vəzifələrini yerinə yetirib 9) Xəsarət (yaralanma, travma, kontuziya) alma tarixi: boşdur 10) Xəsarət (yaralanma, travma, kontuziya) aldığı ərazi: boşdur 11) Xəsarət (yaralanma, travma, kontuziya) üzrə məlumat (diaqnoz): boşdur 12) Ehtiyata və ya istefaya buraxılması (nizami hissə üzrə əmrin nömrəsi və tarixi): boşdur 12) Göndərildiyi SHXÇDX-nin idarəsinin, şöbəsinin (bölməsinin) adı: boşdur 13) Döyüşlərdə iştirakına görə təltifləri (tarix və adı) boşdur İddiaçı tərəfindən göndərilən sənədlərə xx.xx.2023-cü il tarixli iclasda baxılmış və iddiaçı barəsində müsbət qərar qəbul edilməmişdir. N nömrəli hərbi hissə tərəfindən təqdim olunmuş sənədlərdə iddiaçının iştirak etdiyi ərazi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə və döyüş əməliyyatları aparılan dövrdə əmək müqaviləsi üzrə öz əmək funksiyalarını yerinə yetirdiyinə görə 16 iyun 2023-cü il tarıxli iclasının protokoluna əsasən komissiya tərəfindən ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi üçün razılaşdırılması məqsədi ilə sənədlərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir (Müdafiə Nazirliyinin Şəxsu Heyət Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-25- 14/2-969/2025 nömrəli məktubu). Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 2/2-2497 nömrəli məktubla bildirmişdir ki, təqdim olunmuş sənədlərdə iddiaçının iştirak etdiyi ərazi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 216 nömrəli 22 sentyabr 1995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə və döyüş əməliyyatları aparılan dövrdə əmək müqaviləsi üzrə öz əmək funksiyalarını yerinə yetirdiyinizə görə, müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Əlavə olaraq "Vətəndaşların müraciətləri haqqında" Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında 30 (otuz) gün müddətinə şikayət vermək hüququna malik olması izah olunmuşdur. Məhkəmə sorğusuna cavab olaraq N nömrəli hərbi hissə xx.xx.2025-ci il tarixli məktubunda bildirmişdir ki, iddiaçının "Müharibə Veteranı adı və müvafiq vəsiqə"nin verilməsi üçün N nömrəli hərbi hissədə döyüş əməliyyatlarına cəlb olunması ilə bağlı hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər kitabında hər hansı bir qeydiyyat olmadığından barəsində arayış-məlumat təqdim etmək mümkün olmamışdır. İddiaçı tərəfin dəlilləri: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Daha sonra iddiaçı ərizə təqdim edərək məhkəmədən müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilməsi edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2-1(114)-1756/2024 nömrəli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı ildən 16 mart 2021-ci ilədək N №-li hərbi hissənin maddi-texniki təminat təsərrüfat taqımının yeməkxanasının qabyuyan vəzifəsində işləmişdir. N №-li hərbi hissədə işləyərkən Vətən müharibəsi dövründə iddiaçı da digər mülki işçilərlə yanaşı hərbi hissənin xidmətində olmuşdur. 44 gün ərzində iddiaçı demək olar ki, N №-li hərbi hissənin maddi-texniki təminat təsərrüfat taqımında təsərrüfat işçisi kimi xidməti vəzifə borcunu yerinə yetirərək döyüş əməliyyatları zamanı maddi-texniki təminatının təşkili üzrə verilən bütün tapşırıqları yerinə yetirmiş, hərbi hissənin dislokasiya məntəqəsində işləmiş və ev üzü görməmişdir. Qeyd olunanlara əsasən mən 057№-li hərbi hissənin maddi- texniki təminat bölüyünün xidmətində olmuş və maddi-texniki təminat üzrə verilən bütün tapşırıqları yerinə yetirdiyi üçün hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin həmin vaxt qüvvədə olan 10 və 11-ci abzaslarına əsasən müharibə veteranı sayılır. Lakin iddiaçı faktiki olaraq müharibə veteranı sayılsam da rəsmi olaraq vəsiqə almadığı üçün müharibə veteranları üçün nəzərdə tutulan hüquqlardan istifadə edə bilmir. Ona görə də iddiaçı qeyd olunan halları nəzərə alaraq və qanunvericiliyin tələblərini əsas tutaraq rəsmi qaydada müharibə veteranı adı və vəsiqəsi almaq üçün cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etsəm də heç bir nəticəsi olmamışdır. İddiaçı xx.xx.2025-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Cavabdeh tərəfin dəlilləri: Cavabdeh iddia tələbinə xx.xx.2024-cü il tarixli, 3-25-4/2-740/2024 nömrəli etirazını təqdim etmiş və etirazında bildirmişdir ki, iddiaçı 12 mart 2016-cı ildən 16 mart 2021-ci ilədək N nömrəli hərbi hissənin tərkibində əsgər yeməkxanasında qabyuyan vəzifəsində işləmişdir. Qanunun tələblərinə əsasən hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə müvafiq dövlət orqanları tərəfindən onların yaratdıqları müvafiq komissiyanın rəyinə əsasən müvafiq adı verilir. İşdə olan sənədlərdən görünür ki, iddiaçı mülki şəxs kimi N nömrəli hərbi hissəyə ezam olunmamış o, həmin hərbi hissənin tərkibində daimi işçi kimi işləmişdir. Təqdim edilmiş sənədlərdə iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi hissələrə (bölmələrinə) və orqanlarına ezam olunması müəyyən edilmir. İddiaçı N nömrəli hərbi hissənin tərkibində əsgər yeməkxanasında qabyuyan kimi işləyərkən gündəlik əmək funksiyasını icra etmişdir. N sentyabr 2020-ci il tarixdən 10 noyabr 2022-ci il tarixlərdə işlədiyi ərazidə döyüş əməliyyatları aparılmamışdır və bu əsaslarla da komissiyanın 16 iyun 2023-cü il tarixli iclasında iddiaçının ərizəsinə baxılmış və müsbət qərar qəbul edilməmişdir. İddiaçının tələbi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 dekabr tarixli 420 nömrəli Qərarına uyğun olmadığından ona "Müharibə veteranı" adının və vəsiqəsinin verilməsi üçün sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsindən imtina olunmuşdur. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanaraq belə nəticəyə gəlmək olar ki, iddiaçının iddia tələbi təmin edilməməlidir. Cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. İddiaçının və cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsassız hesab edir. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı ona “Müharibə veteranı adı”nın və vəsiqəsinin verilməsi üçün adının daxil edildiyi siyahının göndərilməsinə yönəlmişdir. Bununla bağlı iddiaçı ilk öncə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının ərazi meyarlarına uyğun gəlmədiyinə və döyüş əməliyyatları aparılan dövrdə əmək müqaviləsi üzrə öz əmək funksiyalarını yerinə yetirdiyinə görə imtina etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Ağdərə rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il N sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; Həmin Əsasnamənin qeyd hissəsinə əsasən, bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Qeyd edilən normanın məzmununa əsasən, mülki şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün:
1. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş olmalı və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmalı;
2. Bu fakt hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında öz təsdiqini tapmalıdır. Hazırkı mübahisə üzrə, iddiaçının mülki işçi - qabyuyan kimi 2020-ci il sentyabrın 27dən noyabrın 10-dək Füzuli, Cəbrayıl, Şuşa, Xocavənd istiqamətində gedən döyüş əməliyyatları zamanı maddi texniki təminat üzrə tapşırıqları yerinə yetirməsi, döyüş bölgəsinə ezam olunması təsdiqini tapmamışdır. Belə ki, N nömrəli hərbi hissə tərəfindən verilən arayış-məlumatda iddiaçının maddi texniki təminat üzrə tapşırıqlar ilə fəaliyyətə cəlb olunması ilə bağlı qeyd aparılmamış, onun müharibə dövründə hərbi hissənin daimi dislokasiya məntəqəsində xidməti vəzifələrini yerinə yetirməsi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissəyə döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün göndərilməsi mötəbər sübutlarla (müvafiq əmrlərlə) təsdiq olunmadığından, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995- ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnaməsinin 1-ci bölməsində göstərilən şəxslərin dairəsinə aid deyildir. Ona görə də Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adı və vəsiqəsinin verilməsi məqsədilə iddiaçının adının müvafiq siyahıya daxil edilməsi edilərək razılaşdırılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin olunmasın. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Zəfər Quliyev