Məhkəmə qərarları › İş №2-1(114)-4467/2023

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4467/2023

21.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4467/2023 21.11.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı veteranlıq döyüş əməliyyatlarında özünümüdafiə dəstələrində iştirak etdiyinə görə qətnamə çıxarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı Cavabdehnə qarşı onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1989-cu il mart ayının 11-dən 1991-ci ilin sentyabr ayının 20-nə kimi erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatlarında özünümüdafiə dəstələrində iştirak etdiyinə görə qətnamə çıxarılması tələbinə dair iddia ərizəsinə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmə iclasından kənar baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1989-cu il mart ayının 11-dən 1991-ci ilin sentyabr ayının 20-nə kimi erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatlarında özünümüdafiə dəstələrində iştirak etdiyinə görə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində anadan olmuşdur. Hal-hazırda həmin kənddə yaşayır. O, 11 mart 1989-cu il tarixdən 20 sentyabr 1991-ci il tarixə kimi könüllü olaraq erməni millətçi dəstələrinə qarşı Goranboy rayonu ərazisində aparılan döyüş əməliyyatlarında özünü müdafiə dəstələrinin tərkibində fəal iştirak etmişdir. Belə ki, o, Goranboy rayonunun Todan kəndinin müdafiəsində Mənəş, Buzluq, Başkənd kəndlərində və Göygöl rayon Sarı Su kəndlərinin müdafiəsində Çaykənd Qarabulaq kəndlərində yaşayan erməni hərbi birləşmələrinə, millətçi dəstələrinə qarşı polis və təhlükəsizlik xidməti əməkdaşları ilə birlikdə özünü müdafiə dəstələrinin tərkibində həmin kəndlərin erməni hərbi birləşmələrindən təmizlənməsində, eləcə də rayonun kəndlərində yaşayan Azərbaycanlı əhalisinin təhlükəsizliyinin təmin edilməsi əməliyyatlarında iştirak etmişdir. O, tərkibində iştirak etdiyi özünü müdafiə dəstələrinin fəaliyyəti nəticəsində həmin vaxt kəndlərdə həyat öz axarında davam etmiş, döyüş yoldaşları ilə əhalinin təhlükəli yollarla onları silahla müşaidə edərək işə gedib gəlmələrini təmin etmişlər. Dəfələrlə erməni hərbi birləşmələrindən əsir götürmüşlər. Döyüş əməliyyatları zamanı Şaumyan rayonunun birinci katibi Ağacanyan başda olmaqla 20-yə yaxın erməni əsir götürülməsində iştirak etmişlər. Erməni millətçiləri ilə döyüş zamanı yoldaşları ilə əsir götürdükləri erməniləri, həlak olmuş əsgərləri ilə dəyişmişlər. Onlarla birlikdə döyüşən özünü müdafiə dəstələrinin döyüşçüləri döyüş əməliyyatları zamanı şəhid olmuş, onlara Şəhid adı verilmişdir. Dəfələrlə düşmən tərəfinin döyüş texnikalarını qənimət kimi ələ keçirmişlər. Bütün bunlar danılmaz faktdır. Mənəş kəndinin erməni silahlı birləşmələrindən təmizlənməsi əməliyyatlarında şəhid olmuş Rüzgar, Bəxtiyar yaralanmış Xəqani İsmayılov, Torğul İsmayılov kimi döyüşçülərlə döyüşmüşdür. Onun göstərdiyi bu faktları birlikdə çiyin-çiyinə erməni hərbi birləşmələrinə qarşı döyüşmüş onlarla döyüşçü yoldaşları təsdiq edə bilər.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. İİ. Prosessual məsələlər

4. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq iddiaçıya hüquqi yardım göstərilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə sərəncam göndərilərək, iddia tələbinin hüquqi marağına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olaraq “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” şəklində göstərilməli olması, özünümüdafiə dəstələrində döyüşmüş şəxslərə müharibə veteran adı və vəsiqəsinin verilməsində səlahiyyətli orqanın Cavabdeh deyil, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti olması bildirilmiş, buna görə də iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, iddia tələbinin isə müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması şəklində qeyd edilməklə, dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi təklif olunmuş və sadalanan xətaların aradan qaldırılması üçün xx.xx.2023-cü il tarixədək müddət təyin edilmiş, əks təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

Əsaslandırma hissəsi:

5. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

6. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 3.1.İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. Bənd 3.2 İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Bənd 3.3. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir.

7. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1989-cu il mart ayının 11-dən 1991-ci ilin sentyabr ayının 20-nə kimi erməni millətçi dəstələrinə qarşı döyüş əməliyyatlarında özünümüdafiə dəstələrində iştirak etdiyinə görə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Məhkəmə tərəfindən Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələblərinə müvafiq olaraq yardım etmə vəzifəsinə riayət edilməklə, iddiaçıya sərəncam göndərilərək, iddia ərizəsində yol verilmiş xətalar (bu Qərarın 5-ci bəndində qeyd edilənlər) ətraflı şəkildə izah edilmiş və yol verilən xətanın aradan qaldırılması üçün müddət təyin edilmiş, eyni zamanda müəyyən edilmiş vaxtadək qeyd edilən çatışmazlıqların aradan qaldırılmayacağı təqdirdə İPM-in 35-ci maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmayacağı barədə xəbərdarlıq edilmişdir.

9. Lakin həmin müddət bitdikdən sonra da iddiaçı sərəncama əməl etməyərək, xətaları aradan qaldırmamışdır.

10. Belə olan halda isə məhkəmə hesab edir ki, iddianın mümkün sayılması üçün şərtlər iddiaçı tərəfindən yerinə yetirilmədiyindən hazırkı iddia mümkün sayılmamalıdır.

11. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə uyğun olaraq iddia ərizəsində müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması şəklində göstərilməli idi.

12. Həmçinin, özünümüdafiə dəstələrində döyüşmüş şəxslərə müharibə veteran adı və vəsiqəsinin verilməsində səlahiyyətli orqan Cavabdeh deyil, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir.

13. Buna görə də iddia ərizəsində cavabdeh qismində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti göstərilməlidir.

14. Eyni zamanda, hazırki iddia İPM-nin 2.2.3-cü bəndində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir və həmin növ iddia üzrə xüsusi mümkünlük şərti kimi məhkəməyə müraciət etməzdən əvvəl eyni məzmunlu tələbi ehtiva edən ərizə ilə cavabdeh inzibati orqana müraciət edilməsi və inzibati orqanın həmin müraciətin təmin edilməsindən imtina etməsi və ya qanunvericiliklə müəyyən edilmiş müddət ərzində müraciəti cavablandırmaması (hərəkətsizlik göstərməsi) ilə şərtləndirilmişdir. Hazırkı işdə isə belə bir imtina mövcud deyildir.

15. İPM-ə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Nəticəvi hissə:

16. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçının nəzərinə çatdırılsın ki, iddianın mümkün sayılmaması, mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar