Məhkəmə qərarları › İş №2-1(114)-447/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-447/2022

27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-447/2022 27.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə 14.12.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı N92-ci ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin tərkibində torpaqların erməni qəsbkarlarından təmizlənməsi uğrunda gedən müharibədə iştirak etmiş, 04.05.N93-cü il tarixdə N saylı hərbi hissənin komandiri tərəfindən 27.04.N93-cü ildə nümunəvi xidmətinə görə öz vəzifəsinin öhdəsindən cəsarətlə gəldiyinə görə “kiçik çavuş” hərbi rütbəsi verilmişdir. 04.02.N94-cü il tarixdə xidmətdə olduğu hərbi hissədən N günlük evə gəldiyinə görə yenidən geri qayıdan zaman hərbi hissəyə buraxılmamışdır. İddiaçı ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdehə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş 10.01.2022-ci il tarixli, 11/73 nömrəli iddia ərizəsinə etirazda qeyd edilmişdir ki, Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 05.10.2021-ci il tarixli 4/2-1063 nömrəli arayışına əsasən İddiaçı döyüş əməliyyatları aparan zaman hərbi hissəni özbaşına tərk etdiyinə və Müdafiə Nazirinin Katibliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin 11.10.20N-cu il tarixli 9/2- 15379 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissə komandirinin sentyabr N92-ci il tarixli, may N94-cü il tarixli nizami hissə üzrə əmrlərində onun xidməti barədə məlumat aşkar edilmədiyinə görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. Bu səbəbdən də iddianın təmin edilməməsi xahiş olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -N nömrəli hərbi hissə komandirinin 04.05.N94-cü il tarixli 123 nömrəli əmrindən arxiv çıxarışından görünür ki, Azərbaycan Respublikası SQBQR-nin 04.02.N94-cü il tarixli 02 nömrəli Direktivinə əsasən hərbi hissəni özbaşına tərk etmiş əsgər İddiaçı çıxarılması və hərbi bileti adlı siyahı tərtib edilib Respublika Hərbi Prokurorluğuna təhvil verilməsi əmr edilmişdir. -N nömrəli hərbi hissə komandirinin 04.05.N93-cü il tarixli 117 nömrəli əmrindən arxiv çıxarışından görünür ki, 27.04.N93-cü il tarixdən etibarən 1-ci MAT-un əsgəri İddiaçı nümunəvi xidmətlərinə və öz vəzifələrinin öhdəsindən cəsarətlə gəldiyinə görə hərbi rütbə “kiçik serjant” verilmişdir. -surəti işə əlavə edilmiş 23.06.N90-cı il tarixli ******* nömrəli hərbi biletdə olan qeydlərdən görünür ki, İddiaçı barəsində Dövlət müstəqilliyi günü münasibətilə “Amnistiya haqqında” Milli Məclisin 17.10.N97-ci il tarixli qərarı tətbiq edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyinin 21.10.2021-ci il tarixli 4/3-229 nömrəli məktubundan görünür ki, iddiaçı döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyi və bununla bağlı barəsində Amnitsiya qərarı tətbiq olunduğundan, bundan başqa 04.05.N94-cü il tarixdən sonra N nömrəli hərbi hissədə hərbi xidməti və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin 05.10.2021-ci il tarixli 4/2-1063 nömrəli arxiv arayışından görünür ki, Tərtər rayon Hərbi Komissarlığının çağrışçısı İddiaçı N nömrəli hərbi hissə komandirinin N sentyabr N92-ci il tarixli 122 nömrəli əmrilə N nömrəli hərbi hissənin tərkibinə daxil edilərək ümumi qayda üzrə təchizatla təmin edilmiş, nümunəvi xidmətlərinə və öz vəzifələrinin öhdəsindən cəsarətlə gəldiyinə görə N nömrəli hərbi hissə komandirinin 04.05.N93-cü il tarixli 117 nömrəli əmrində “kiçik çavuş” hərbi rütbə verilməsi barədə məlumat qeyd olunmuş, eləcə də hərbi hissəni özbaşına tərk etmiş İddiaçı Azərbaycan Respublikası Baş Qərargah rəisinin 04.02.N94-cü il tarixli 02 nömrəli Direktivinə əsasən N nömrəli hərbi hissə komandirinin 04.05.N94-cü il tarixli 123 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılaraq hərbi bileti Respublika Hərbi Prokurorluğuna təhvil verilmişdir. -surəti işə əlavə edilmiş Tərtər Hərbi Prokurorluğunun 29.07.2020-ci il tarixli 22HP3086 nömrəli məktubdan görünür ki, İddiaçı barəsində Tərtər Hərbi Prokurorluğunda cinayət işi başlamasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-ci abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinin 1-ci abzasının tələblərinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N sentyabr N95-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinin 8-ci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin Əsasnamənin 1-ci bəndinin Qeyd hissəsində göstərilmişdir ki, bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün. Beləliklə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə əsasən “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün şəxsin hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) şərtdir. Yəni, hərbi xidmətin başa çatması hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmrinə əsasən şəxsi heyət siyahısından çıxarılması ilə şərtləndirilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən də göründüyü kimi, iddiaçı N nömrəli hərbi hissə komandirinin N sentyabr N92-ci il tarixli 122 nömrəli əmrilə N nömrəli hərbi hissənin tərkibinə daxil edilərək ümumi qayda üzrə təchizatla təmin edilmiş, nümunəvi xidmətlərinə və öz vəzifələrinin öhdəsindən cəsarətlə gəldiyinə görə N nömrəli hərbi hissə komandirinin 04.05.N93-cü il tarixli 117 nömrəli əmrində “kiçik çavuş” hərbi rütbəsi verilmişdir, buna baxmayaraq hərbi hissəni özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Baş Qərargah rəisinin 04.02.N94-cü il tarixli 02 nömrəli Direktivinə əsasən N nömrəli hərbi hissə komandirinin 04.05.N94-cü il tarixli 123 nömrəli əmrilə şəxsi heyətin siyahısından çıxarılaraq hərbi bileti Respublika Hərbi Prokurorluğuna təhvil verilmişdir. Eyni zamanda iddiaçı barəsində Azərbaycan Respublikasının Milli Məclisinin 17.10.N97-ci il tarixli “Amnistiya” haqqında qərarı tətbiq edilmişdir. Göründüyü kimi iddiaçı hərbi hissəni özbaşına tərk etdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmiş və amnistiya haqqında qərara əsasən barəsində cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hallar isə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsini istisna edir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 73.1, 75 və 81-86-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar