Məhkəmə qərarları › İş №2-1(114)-447/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-447/2023

15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-447/2023 15.02.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndəsi X5, Üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) sərəncamın ləğv olunması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Göygöl Rayon İcra Hakimiyyətinin 08 fevral 2022-ci il tarixli 24 saylı yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış Qarabağ əlilinin uçotdan çıxarılması barədə sərəncamın etibarsız hesab edilməsi və X4nun ailə üzvü kimi, qanunüzrə vərəsəsi kimi adının Göygöl rayonunda yaşayan və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmağına dair vəzifənin Göygöl Rayon İcra Hakimiyyətinin üzərinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş və Qarabağ Müharibəsidə erməni işğalçılarına qarşı mübarizə apararkən yaralanmışdır. Sonuncuya aldığı xəsarətlərə görə 2-ci qrup Qarabağ əliliyi verilmişdir. Atası Qarabağ əlili və əmək qabiliyyətsiz olduğuna görə, həmçinin heç yerdən qazancı və gəliri olmadığındana görə onların yaşayış sahələri olmamış və yaşayış sahələri olmadan yaşamışlar. Bu səbəbdən də dəfələrlə X4 mənzil sahəsi ilə təmin olunmağı ilə bağlı müvafiq təşkilat və qurumlara müraciətlər etmişdir və hətta bir neçə dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin qəbulunda olmuşdur. Elə buna görə də atası mənzilə və yaşayış sahəsinə ehtiyacı olan şəxs kimi uçota alınmışdır və müvafiq siyahı ilə atasının adı qeydiyyata alınmışdır. X4 bir müddət bundan əvvəl vəfat etmişdir və vəfat etdiyinə görə iddiaçı hüquqi varis kimi mənzilə yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların, Qarabağ əlilərinin hüquqi varisi kimi Göygöl Rayon İcra Hakimiyyətinə müraciət etmişdir ki, həmin siyahıya Qarabağ əliliyinin ailə üzvü kimi onun adı yazılsın və siyahıda o mənzil tələb edən, yaşayış sahəsi tələb edən şəxs kimi göstərilsin. Lakin Göygöl Rayon İcra Hakimiyyəti müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı ona məhkəmədə iddia qaldıran zaman məsələ ilə bağlı sərəncam verilməsinin məlum olduğunu qeyd etmiş və həmin sərəncamın etibarsız hesab edilməli və onun uçota alınmalı olduğunu göstərmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Göygöl Rayon İcra Hakimiyyətinin 08 fevral 2022-ci il tarixli 24 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-3105/2022 nömrəli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-3105/2022 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı sərəncamın ləğv olunması tələbilə iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(114)-3105/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 15 fevral 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə etmiş və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X9 iddia etiraz edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsi X3 məhkəmədən qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Göygöl Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarixli, 125 nömrəli sərəncamı; - AZ-İİ 211949 və AZ-İİ 211944 nömrəli “ölüm haqqında” şəhadətnamələrin surətləri; - Göygöl Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2022-ci il tarixli, 24 nömrəli sərəncamı; - Göygöl Rayon İcra Hakimiyyəti Göygöl Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, 598 nömrəli arayışı; - xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin surəti; - X10 və X13 notarial qaydada tərtib edilmiş ərizələri; - iddiaçının xx.xx.2022-ci il tarixli ərizəsinin təsdiq edilmiş surəti; - Göygöl Rayon İcra Hakimiyyətinin başçısının aparatının xx.xx.2022-ci il tarixli, Ə- 933/18 nömrəli məktubu; Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının mərhum atası İİ qrup Qarabağ müharibəsi əlili X2 Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2020-ci il tarixli, 125 nömrəli sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların mənzil uçotuna alınmış, lakin iddiaçının X4 xx.xx.2021-ci il tarixdə, anası X6 isə xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Digər ailə üzvləri X16 və X15 isə miras əmlakının qəbul edilməmələri barədə ərizə vermişlər. İddiaçı isə bu ərizələr əsasında xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almışdır. İddiaçı mərhum atası Fazil Əliyevin əvəzinə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota götürülməsi üçün cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Göygöl Rayon İcra Hakimiyyətinin başçısının aparatının xx.xx.2022-ci il tarixli, Ə-933/18 nömrəli məktubundan görünür ki, iddiaçının atasının vəfatından 3 ay müddət ərzində ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri həmin uçotun onun ailə üzvləri üçün saxlanılmasına dair ərizə ilə müraciət etmədiyindən X2 Rayon İcra Hakimiyyəti başçısının 08 fevral 2022-ci il tarixli, 24 saylı Sərəncamı ilə Göygöl rayonunda yaşayan ve yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxslərin siyahısından çıxarılmışdır. Göygöl Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2022-ci il tarixli, 24 nömrəli sərəncamının nəticə hissəsində də qanunvericiliklə nəzərdə tutulmuş müddət ərzində ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri həmin uçotun onun ailə üzvləri üçün saxlanılmasına dair ərizə ilə müraciət etmədiyindən X12 yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxslərin siyahısından çıxarılması qeyd edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 24 iyul tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması” qaydasının 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən hazırlanmışdır və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydasını müəyyən edir. Həmin Qaydanın 1.2.2-ci bəndinə əsasən əlilliyi olan şəxsin ailə üzvləri dedikdə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə müəyyən edilən qanun üzrə vərəsələr sırasından olan və əlilliyi olan şəxs yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınarkən onun ailə üzvləri kimi qeydiyyata alınmış şəxslər nəzərdə tutulur. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən əlilliyi olan şəxsin uçotunun saxlanılması məqsədilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsinə uyğun olaraq vərəsələrin növbəliliyi nəzərə alınmaqla, ailə üzvlərinin birgə razılığı əsasında ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə bu Qaydaya 1 nömrəli əlavədə nəzərdə tutulmuş formada ərizə ilə müraciət edir. Həmin Qaydanın 2.3-cü bəndinə əsasən uçota alınmanı həyata keçirən orqan və ya Mərkəz tərəfindən təmsilçiyə qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuledilmə tarixi barədə qəbz verilir. Çatışmayan sənəd (sənədlər) olduqda, bu barədə qəbzdə müvafiq qeyd aparılır. Həmin Qaydanın 2.5-ci bəndinə əsasən göstərilən sənədlərin təqdim edildiyi gündən 30 iş günündən gec olmayaraq uçota alınmanı həyata keçirən orqan tərəfindən təmsilçinin əlilliyi olan şəxsin əvəzinə uçota alınması və ya bundan imtina edilməsi barədə qərar qəbul edilir. Uçota almanı həyata keçirən orqan qərarın qəbul edildiyi gündən 3 (üç) iş günündən gec olmayaraq qərarın surətini təmsilçiyə təqdim edir və ya göndərir, yaxud təmsilçiyə göndərilməsi üçün Mərkəzə təqdim edir. Həmçinin Qaydaların 3-cü bəndində əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina edilməsinin əsasları qeyd edilmişdir ki, həmin əsaslar kimi də bu Qaydanın 2.2-ci bəndində qeyd edilən sənədlər təqdim edilməməsi, əlilliyi olan şəxsin vəfat etməsi ilə onun ailə üzvlərinin sərəncamında olan yaşayış sahəsinin (sahələrinin) Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 49.5-ci maddəsi ilə müəyyən edilmiş uçot normasına əsasən ailə üçün kifayət etdiyi müəyyən edilməsi və təmsilçi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləyaqətsiz vərəsə hesab edilməsi qeyd edilmişdir. İşin faktiki hallarından görünür ki, iddiaçının mərhum X4 xx.xx.2021-ci il tarixdə vəfat etmiş və iddiaçı xx.xx.2022-ci il tarixdə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs, yəni atası vəfat etdiyindən həmin uçotun onun adında saxlanılması barədə cavabdehə müraciət etmişdir. İddiaçı edilmiş “Yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda həmin uçotun onun ailə üzvləri üçün saxlanılması” qaydasının 2.1-ci bəndinə, yəni ailənin yetkinlik yaşına çatmış üzvlərindən biri əlilliyi olan şəxsin vəfat etdiyi gündən etibarən 3 (üç) ay müddətində uçota alınmanı həyata keçirən orqana müraciət etmədiyinə əsaslanaraq müraciəti təmin etməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən görünür ki, iddiaçı X7 qanun üzrə vərəsəsi hesab edilmişdir. Cavabdehin imtinası ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının 8 gün gecikmə ilə müraciət etməsi hüququn müəyyənlik prinsipi baxımından qəbul ediləndir. Belə ki, sözügedən qaydada əlilliyi olan şəxsin uçotunun onun ailə üzvləri üçün saxlanılmasından imtina edilməsinin əsaslarından biri kimi təmsilçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ləyaqətsiz vərəsə hesab edilməsi qeyd edilmişdir. Sözügedən əsası aradan qaldıran fakt isə iddiaçıya “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsidir. Odur ki, cavabdeh orqan müddətə əməl edilərək, yəni 8 gün gecikmə olmadan da müraciət edilmə halında iddiaçının İddiaçı ləyaqətsiz vərəsə olub-olmaması faktını müəyyən edə bilməzdi. Bu səbəblərdən də məhkəmə belə nəticəyə gəlir ki, Göygöl Rayon İcra Hakimiyyətinin 08 fevral 2022-ci il tarixli 24 nömrəli sərəncamı qanunsuzdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 13.1-ci maddəsinə görə İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Qanunun 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Həmin normada “başqa hallar” ifadəsinin də əhatə dairəsi imperativ olaraq müəyyənləşdirilmişdir və həmin hallardan hər hansı biri işin faktiki hallarında öz əksini tapmamışdır. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun 68.2-ci maddəsində qanuni əlverişli inzibati aktın ləğv edilmə halları nəzərdə tutulmuşdur və qanunverici yalnız həmin əsaslarla qanuni inzibati aktların ləğv olunma dairəsini məhdudlaşdırmışdır: inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən 08 fevral 2022-ci il tarixli 24 nömrəli sərəncam qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən sərəncamın ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən mübahisələndirilən 08 fevral 2022-ci il tarixli 24 saylı sərəncamı qəbul etmiş inzibati orqan Göygöl Rayon İcra Hakimiyyəti həmin sərəncamın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Beləliklə, məhkəmə toplanılmış və şifahi məhkəmə baxışı iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Göygöl Rayon İcra Hakimiyyəti başçısının 08 fevral 2022-ci il tarixli 24 saylı sərəncamı ləğv edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Göygöl Rayon İcra Hakimiyyəti başçısının 08 fevral 2022-ci il tarixli 24 saylı sərəncamın ləğv edilsin və İddiaçı, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4nun ailə üzvü kimi Göygöl rayonunda yaşayan və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması vəzifəsi cavabdeh Göygöl rayon İca Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar