Məhkəmə qərarları › İş №2-1(114)-449/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-449/2021

15.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-449/2021 15.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə qarşı iddia ərizəsi ilə 01.06.N0-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə komandirinin 31.03.N0-ci il tarixli əmrinin ləğv edilməsi və onun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi həmin korpusun N nömrəli hərbi hissəsində xidmətə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 20.04.2007-ci ildə müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə qəbul edilmiş, 02.08.2019-cu ilədək N saylı hərbi hissədə xidmət etmiş, həmin tarixdən xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmiş və 2-ci taborda xidmətə başlamışdır. Həmin taborda çavuş rütbəsində sürücü vəzifəsində xidmət etmiş, xidmət etdiyi N saylı hərbi hissə düşmənlə üzbəüz mövqedə yerləşdiyindən 2019-cu ilin sentyabr ayından avtomaşınlar qarın altında qalmasın deyə, sürücüləri xidmət etdikləri hərbi hissənin 2-ci taborundan qərargaha düşürmüşlər. Ona görə 2019-cu ilin sentyabr ayının əvvəlindən N0-ci ilin aprel ayının 01-nə kimi sürücülər N saylı hərbi hissənin qərargahında olmuşlar. Həmin müddətdə onlar qərargahın ərazisində 4-cü taborun kazarmasında onlara verilən yerdə yatmışlar. Sonradan hərbi hissənin bütün xidmətçiləri həmin kazarmada qaldığından onlara yer olmamış, komandanlıq tərəfindən göstəriş verilmişdir ki, harada yer tapsalar orada yatsınlar. Sonuncu dəfə 30 mart N0-ci il tarixində heç yerdə yatmağa yer olmadığından onlar bu barədə N saylı hərbi hissənin qərargah rəisi, polkovnik-leytenant Ədalət Hacıyevə məlumat vermiş, o, da bildirmişdir ki, hərbi hissənin yeməkxanasında xidmətçilər üçün nəzərdə tutulmuş istirahət otağında yatsınlar, lakin iddiaçı və digər 3 nəfər sürücünü oraya buraxmamışlar. Bu səbəbdən də səhərə kimi oyaq qalmış, səhəri günü, yəni 31.03.N0-ci ildə saat 12:00-da keçirilən sıra düzülüşündə iştirak etmişlər. Düzülüş qurtardıqdan sonra yatmağa yer olmadığından onlar gedib avtoparkda olan avtomaşının “kunqunda” yatmışlar. Əvvəlki gecə yuxusuz qaldıqlarından və bu səbəbdən yorğun olduqlarından, həm də onların yatdığı yer komandanlığa məlum olmadığından saat 13-də keçirilən sıra düzülüşü barədə onlara məlumat verilmədiyindən saat həmin sıra düzülüşündə iştirak etməmişlər. Onlar saat 16da yuxudan oyanıb hərbi hissə komandiri polkovnik Əflatun Nurəliyevə məlumat vermişlər, o, isə bildirmişdir ki, daha artıq gecdir, saat 13-də keçirilən sıra düzülüşündə onların olmamağı barədə korpus komandirinə məlumat vermişdir, Sonradan məlum olmuşdur ki, N nəfərdən birini bağışlamışlar, iddiaçını və digər 2 nəfər hərbiçini isə tərxis etmişlər. Xidmət etdiyi 14 il ərzində bir dəfə də olsun hərbi xidmət üzrə üzərinə qoyulmuş vəzifələrə görə cəza almamışdır. Hesab edir ki, əmrdə göstərilən dəlillərin heç bir hüquqi əsası yoxdur, o, heç vaxt öz xidməti işinə xələl gətirən hərəkət etməmişdir. Belə olan halda onun barəsində heç bir hüquqi əsası olmayan dəlillərə istinad etməklə onun işdən azad edilməsi qanunsuzdur. İddiaçı məhkəmə iclaslarında iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat vermişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən məhkəməyə göndərilmiş 30.06.N0-ci il tarixli 2768 nömrəli etiraz ərizəsində bildirilmişdir ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı xidmət etdiyi müddət ərzində üzərinə düşən vəzifənin məsuliyyətini dərk etməmiş, özünü intizamsız, bacarıqsız və öz işinin öhdəsindən gələ bilməyən hərbi qulluqçu kimi göstərmişdir, dəfələrlə müxtəlif vaxtlarda hərbi hissəni özbaşına tərk etmişdir və intizam qaydasında cəzalandırılmasına baxmayaraq heç bir nəticə çıxarmamışdır. N nömrəli hərbi hissənin 2ci tabor komandirinin 30.03.N0-ci il tarixli 257 nömrəli telefonoqramasına əsasən İddiaçı "COVİD-19" pandemiyasına qarşı profilaktik tədbirlər görülməsi ilə əlaqədar Azərbaycan Respublikası Müdafiə nazirinin 30.01.N0-ci il tarixli 32 nömrəli əmrinin, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 27.02.N0-ci il tarixli 3 nömrəli sərəncamının və N nömrəli hərbi hissə komandirinin 02. 03.N0-ci il tarixli 84 nömrəli əmrinin tələblərini pozaraq özbaşına xidmət yerini tərk etməsi aşkar olunmuşdur. Qeyd olunan səbəbdən o, yuxarıda qeyd olunan sərəncam və əmrlərin tələblərini pozduğuna görə N nömrəli hərbi hissə komandirinin N mart N0-ci il tarixli 049 əç nömrəli əmri ilə "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin 31.03.N0-ci il tarixli 049 əç nömrəli əmrindən görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. -13.01.2010-cu il tarixli Fəxri fərmanın surətindən görünür ki, 13 yanvar “Hərbi hissənin yaranmasının 18-ci il dönümü” münasibəti ilə döyüş hazırlığında, qoşun xidmətinin təşkilində əldə etdikləri nəaliyyətlərinə və nizam-intizamı yüksək səviyyədə saxladıqlarına görə İddiaçı N nömrəli hərbi hissə komandiri tərəfindən təltif olunmuşdur. -18.10.2013-cü il tarixli Fəxri fərmanın surətindən görünür ki, 18 oktyabr “Dövlət müstəqilliyi günü” münasibəti ilə nümunəvi hərbi xidmətinə, döyüş və ictimai-siyasi hazırlığında əldə etdiyi nəaliyyətlərə görə İddiaçı N nömrəli hərbi hissə komandiri tərəfindən təltif olunmuşdur. -26 iyun 2018-ci il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 0208t nömrəli 26.06.2018-ci il tarixli əmri ilə “qüsursuz xidmətə görə” 3-cü dərəcə medalı ilə təltif olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin 31.03.N0-ci il tarixli 049 əç nömrəli əmrindən görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə müvafiq olaraq (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. İddiaçı isə hesab edir ki, cavabdeh orqan tərəfindən onun barəsində heç bir hüquqi əsası olmayan dəlillərə istinad etməklə onun işdən azad edilməsi qanunsuzdur. Bu səbəbdən də hazırda qeyd olunan əmri mübahisələndirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. -N nömrəli hərbi hissə komandirinin 31.03.N0-ci il tarixli 049 əç nömrəli əmrində ümumi ifadələrlə iddiaçının xidməti uyğunsuzluğa görə ehtiyyata buraxılması qeyd edilmişdir. İşdə olan iddiaçı ilə söhbət vərəqəsindən də görünür ki, iddiaçı xidmət yerini tərk etdiyini etiraf etməmiş, “kunqda” yatdığını bildirmiş, lakin cavabdeh bu dələlili araşdırmadan qərar qəbul etmişdir. -İddiaçının məhkəmə iclasında verdiyi izahatından görünür ki, o və onunla birlikdə N nəfər hərbi hissənin ərazisində olan avtomobilin yük yerində yatmışlar, lakin cavabdeh bu halı araşdırmadan, onun hərbi hissəni özbaşına tərk etməsi əsası ilə onun ehtiyata buraxılması qənaətinə gəlmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun:- -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. -67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Bundan başqa “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 26.2-ci maddəsinə əsasən onlara qarşı qanunsuz hərəkətlər nəticəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, hərbi rütbədən məhrum edilmiş və ya hərbi rütbəsi kiçildilmiş zabitlər və müddətindən artıq həqiqi hərbi xidmət qulluqçuları məhkəmənin qərarı ilə əvvəlki rütbəyə, həqiqi hərbi xidmətə, əvvəlki xidmət yerində və ya hərbi təhsil müəssisəsində təhsil aldığı yerdə tutduğu vəzifədən aşağı olmayan vəzifəyə bərpa edilir. Həqiqi hərbi xidmətdən qanunsuz buraxılmaq günündən hərbi xidmətə bərpa gününədək keçən vaxt, qanunsuz həbsdə saxlanmaq və ya qanunsuz məhkumluğun nəticəsində cəza çəkmək vaxtı hərbi qulluqçuların həqiqi hərbi xidmət müddətinə, hərbi rütbədə xidmət müddətinə, müvafiq vəzifələrdə xidmət müddətinə, pensiya təyin edilmək üçün xidmət müddətinə, müddətli həqiqi hərbi xidmət qulluqçularının isə xidmət hərbi xidmət müddətinə daxil edilir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, N nömrəli hərbi hissə komandirinin 31.03.N0-ci il tarixli 049 əç nömrəli əmri ləğv edilməli, iddiaçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi tutduğu vəzifəyə bərpa olunmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. N nömrəli hərbi hissə komandirinin 31.03.N0-ci il tarixli 049 əç nömrəli əmri ləğv edilsin. İddiaçı müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi tutduğu vəzifəyə bərpa edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar