Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4490/2025 04.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “övladlığa götürülməyə dair rəyin verilməsi” tələbinə dair Giriş hissəsi: Gəncə İnzibati Məhkəməsinin hakimi Nurəli Hüseynov, İddiaçı Cavabdehnə qarşı “övladlığa götürülməyə dair rəyin verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq hazırlıq icraatı üzrə məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I.Məhkəmə araşdırmasının predmeti
1. İddiaçı cavabdeh tərəfindən iddia ərizəsinə əlavə edilmiş Cavabdeh xx.xx.2025-ci il tarixli, 3-17-3/2-H-10962/2025 nömrəli məktuba əsasən, övladlığagötürmə ilə bağlı xx.xx.2024-cü il tarixli 81-32547 reyestr nömrəli notarial qaydada təsdiq edilmiş ərizə əsasında Azərbaycan Respublikasının Ailə Məcəlləsinə və Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli, 946 nömrəli Fermanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”na uyğun olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən övladlığagötürmə ilə bağlı təşkil olunan və ya həyata keçirilən müvafiq prosedurlardan vətəndaş İddiaçı keçmişdir. Övladlığagötürmə ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş mərhələlərin nəticəsinə uyğun olaraq, övladlığa götürmənin əsaslandırılması məqsədi ilə, habelə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 347.1.7-ci maddəsinin tələbinə əsasən məhkəməyə təqdim edilmək üçün övladlığagötürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğun olmadığı barədə rəyi əlavədə təqdim edilir.
2. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-3/2- 35024/2025 nömrəli məktuba əsasən, İddiaçı övladlığagötürmə ilə bağlı Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə müraciət etmiş və xx.xx.2025-ci il tarixində uçota alınmışdır. xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118-ci maddəsinə uyğun olaraq, valideyn-namizədlə müsahibə keçirilmişdir. Övladlığagötürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı səbəbindən valideyn-namizəd Ailə Məcəlləsinin 119.10.2- ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixində uçotdan çıxarılmışdır.
3. Məhkəmə araşdırmasının predmetini aşağıdakı inzibati məhkəmə icraatı materialları təşkil etmişdir: - iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlər: - cavabdehin xx.xx.2025-ci il tarixli, 3-17-3/2-35024/2025 nömrəli məktubu.
II. Tərəflərin ərizəsi
4. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2017-ci il təvəllüdlü X1 övladlığagötürməyə dair rəy verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Kəlbəcər rayon 9 nömrəli tam orta məktəbdə müəllim işləyir, 49 yaşım var, tək anadır. İddiaçı bildirir ki, övladlığa götürülən uşaq xx.xx.2017-ci il təvəllüdlü X3 onun qız nəvəsidir, onun bir qardaşı və bir bacısı var. O, iddiaçının qızı X2 uşağıdır. İddiaçı qeyd edir ki, qızı Şəbnəmin 3 uşağı var və ağır formada keysəriyyə əməliyyatı keçirməklə uşaqlarını dünyaya gətirib. Nəvəsi Mələk uşaqların böyüyüdür və o, doğulan gündən hal-hazıradək iddiaçının yaşadığı Gəncə şəhəri, 1500 ailəlik qəsəbə, ev 13, mənzil 35-də yanında yaşayır və lap körpəlikdən hal-hazıradək iddiaçı ona baxıb böyütdüyündən iddiaçını “anası” bilir və “ana” deyir. İddiaçının nəvəsini övladlığa götürmə səbəbi onun tək yaşamağı və uşağın doğulduğu gündən bu günə kimi nəvəsinə onun baxıb saxladığından, ona qayğı göstərib böyütdüyündən iddiaçını “ana” gözündə görür. İddiaçı qeyd edir ki, o, məcburi köçkündür, Kəlbəcər şəhərində məcburi köçkün kimi ona ev tikilibdir, həmçinin nəvəsiylə birgə Kəlbəcər rayonuna köçmək istəyir. Bundan əlavə o qeyd edir ki, müəllim işləyir və pensiyaçı deyildir, dövlətdən yalnız əmək haqqı alır. İddiaçı uşağın maddi və mənəvi inkişafı üçün zəruri şərait yaratmağa qadirdir və daim onun qayğısına qalmağa hazırdır. İddiaçının yaşayış şəraiti və gəlir mənbəyi övladlığa götürülməyə imkan verir. İddiaçı bildirirki, buna baxmayaraq, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi 09 aprel 2025-ci il tarixli rəyi ilə guya övladlığagötürmənin övladlığa götürülən uşağın mənafeyinə uyğun deyildir. Rəydə qeyd olunur ki, uşaqlar biribirindəndən ayrı yaşamamaları üçün imtina edilir. İddiaçı həmin rəylə razı deyil və rəyi qanunsuz hesab edir. O bildirir ki, nəvələrinin atası hərbiçidir. Onsuz da nəvələri mütamadi olaraq biri-birləri ilə daimi ünsiyyətdə olurlar. Mələyin övladlığa götürməyi uşağın mənafeyinə zidd deyildir.
Əsaslandırma hissəsi:
III.İddianın mümkünlüyü
6. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 1.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1.Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 35.İddianın mümkünlüyü 35.1.Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3.İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
7. Göründüyü kimi, qanunvericiliklə inzibati məhkəmələrin səlahiyyətinə yalnız inzibati münasibətlərdən yaranan inzibati mübahisələrin məhkəmə qaydasında mübahisələndirilməsi aid edilmişdir.
8. Bu səbəbdən də iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır.
IV.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Qərarı 6.1.İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2.İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.
7. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.
17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarının 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 nömrəli “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Qərarı 15.3 Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.
9. Belə ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur ki, hazırki iddia predmet və mahiyyəti baxımından inzibati xarakterli olmadığından iddianın inzibati məhkəmə icraatı qaydasında əsaslılığının araşdırılması yolverilməzdir.
10. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
11. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının hüquqi marağı onun qızının qızını, yəni nəvəsini övladlığa götürülməsi olmuş, bununla bağlı səlahiyyətli dövlət orqanına müraciət etmişdir. Lakin iddiaçının ərizəsi təmin olunmamış və cavabdeh orqanın imtinaya əsas səbəbi övladlığa götürmənin məqsədinin uşağının mənafeyinə uyğun olmadığı müəyyən edilmişdir. Hazırda isə iddiaçı məhkəmədə iddia qaldıraraq qız nəvəsinin ona münasibətdə övladlığa götürmə barədə rəyin verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulmasını istəyir.
12. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir.
13. İddia tələbinin mümkün sayılması üçün: 1) inzibati orqanın fəaliyyəti publik hüquq sahəsinə aid olmalı; 2) inzibati orqanın qanunla bu hakimiyyət tədbirini həyata keçirmək səlahiyyəti olmalı; 3) inzibati orqan bu fəaliyyətlə qanunla daşıdığı vəzifələri pozmuş olmalı (səlahiyyətləri aşmalı, yaxud diskresion səlahiyyətləri yanlış icra etməli); 4) hüququ pozulan (maraqlı) şəxs bu vəzifənin əhatə etdiyi qorunma sferasına daxil edilmiş olmalıdır.
14. Məhkəmə qeyd edir ki, iddianın qeyd edilən mümkünlük şərtləri, eləcə də mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olması müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.
15. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarında qeyd edilir ki, publik hüquqi münasibətlər bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər ümumi maraqlar naminə və dövlətin adından fəaliyyət göstərən bir tərəfin – publik orqanın hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin – fərdin (fiziki və hüquqi şəxslərin) isə tabeçiliyinə əsaslanmaqla tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, publik orqanın tələbləri və şəxslərin vəzifələri müqavilədən deyil, qanundan irəli gəlir.
16. Qeyd olunmalıdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən hüquq mübahisəsinin məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir, inzibati prosessual qanunvericiliyin tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır.
17. Bu baxımdan həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibatı icraat haqqında" Qanun tələbləri baxımından inzibatı orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır.
18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir kı, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə hüquq münasibətinin inzibati hüquq münasibəti olmasını, mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasını, qanunvericiliklə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd), iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar (8.6-cı bənd).
19. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 04 nömrəli Qərarında qeyd edilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır (4-cü bənd). Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır (5.2-ci bənd). Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır (15.2-ci bənd). Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır (15.3-cü bənd).
20. Nəzərə alınmalıdır ki, uşağın övladlığa götürülməsi ilə bağlı mübahisə mülki xarakterli olmaqla, inzibati icraat qaydasında baxış predmeti ola bilməz. Uşağın övladlığa götürülməsi ilə bağlı mübahisələr inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də, mübahisə şəxsin mülki hüquq və vəzifələrinin təmininə xidmət etdiyindən irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2019-cu il tarixli 2-1(102)-2889/2019 nömrəli, xx.xx.2020-ci il tarixli 2- 1(102)416/2020 nömrəli, xx.xx.2020-ci il tarixli 2-1(102)-711/2020 nömrəli, xx.xx.2021ci il tarixli 2-1(102)-1635/2021 nömrəli qərarları).
21. Digər tərəfdən nəzərə alınmalıdır ki, övladlığa götürmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu fəsillərində ilə tənzimlənir.
22. Həmçinin övladalığa götürmə ilə bağlı müsbət və ya mənfi rəyin verilməsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19-cu fəsli ilə tənzimlənmişdir.
23. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “övladlığa götürülməyə dair rəyin verilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır.
24. Həmçinin iddiaçıya izah edir ki hazırkı iddia tələbi ilə Azərbaycan Rspublikası MPM-i ilə müəyyən edilmiş aidiyyət qaydalarına əməl etməklə ümumi məhkəmədə iddia qaldırmaq hüququ vardır.
25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 52.Məhkəmə baxışının hədləri Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.Sübutların araşdırılması qaydası 58.7.Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.1.Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1.Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
Nəticəvi hissə:
26.Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 52, 58, 68 və 85-ci maddələrini rəhbər tutaraq
Qərara aldı:
İddiaçı Cavabdehnə qarşı “övladlığa götürülməyə dair rəyin verilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya cavabdeh orqan tərəfindən övladlığagötürmə barədə verilmiş mənfi rəyin mübahisələndirilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında aidiyyəti üzrə səlahiyyətli rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, onun tam formada təqdim olduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (Gəncə şəhəri, Heydər Əliyev prospekti, 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Nurəli Hüseynov