Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4494/2025 06.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X8 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək hərbi xidmətdə yoluxduğu ağır və sağalmaz xəstəliyə görə ona dəymiş maddi ziyan kimi 2018-ci ildən 2025-ci ilin hazırki vaxtına qədər minimum aylıq əmək haqqı kimi hesablanmış 26580 manat pulun və mənəvi ziyanın əvəzi olaraq 30000 manat pulun ona ödənilməsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü ildən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Hərbi həkim komissiyası tərəfindən müayinə olunaraq tam sağlam və hərbi xidmətə yararlı olduğu müəyyən edilmişdir. Bununla da həmin tarixdən 2018-ci ilin sentyabr ayına kimi cavabdeh inzibati orqanın nəzdində olan N saylı hərbi hissədə hərbi qulluqçu kimi xidmət etmişdir. Sonuncu xidmət yeri N saylı hərbi hissə olmuşdur. 2018-ci ilin sentyabr ayında düzülüş zamanı ürəyində şiddətli ağrılar baş vermiş və yerə yıxılmışdır. Hərbi hissənin tibb məntəqəsinin həkimi tərəfindən dərinləşmiş müayinə üçün N saylı hərbi hospitala göndərilmiş və orada bir ay müalicə olunmuşdur. Bundan sonra N saylı hərbi hissəyə qayıdaraq xidmətini davam etdirmiş və 15-20 gün sonra yenidən müayinə olunması üçün N saylı hərbi hissəyə çağırılmışdır. Müəyyən olmuşdur ki, müalicə nəticə verməmişdir. Ona görə də Mərkəzi Hərbi Hospitala göndərilmişdir. Orada 38 gün müalicə edilmiş və müəyyən olmuşdur ki, xəstəliyi sağalmazdır. Bu səbəbdən tərxis edilmişdir. Göründüyü kimi ürəyində olan xəstəliyi hərbi xidmət dövrü almışdır. Ona görə də ona dəymiş ziyanın ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş və məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Odur ki, iddia ərizəsi ilə məhkməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, inzibati iş materiallarının ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməsinə etirazı yoxdur. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, ona əlavə edilən sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə hazırkı işə Gəncə İnzibati Məhkəməsi tərəfindən baxılmamalı və iş ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiyada təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olduğuna təminat verilir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun “Viktor Ozerovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2 iyul 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 aprel 2011-ci il tarixli Qərarı). Məhkəməyə müraciət etmək hüququ bu mənada xüsusi önəm daşıyır. Belə ki, sözügedən hüququn pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq hüquqi dövlət prinsipləri baxımından təfsir olunmalı, iş üzrə tərəflərin açıq və aydın məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur. Məhkəməyə müraciət emək hüququ həmçinin “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsinin məzmunundan irəli gəlir. BMT-nin İnsan Hüquqları Komitəsinin həmin maddəyə dair 2007-ci ildə qəbul etdiyi 32 saylı X5 göstərilmişdir ki, məhkəməyə müraciət etmək hüququnun iştirakçı dövlət tərəfindən məhdudlaşdırılması qanunvericiliklə əsaslandırılmazsa, ədalət mühakiməsinin həyata keçirilməsi kimi legitim məqsədləri güdməzsə və ya şəxsin müraciət etmək imkanları bu hüququn mahiyyətinə ciddi xələl yetirəcək həddə məhdudlaşdırılarsa, 14-cü maddənin pozulmasına səbəb olar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də məsələyə dair oxşar mövqelər ifadə etmişdir. Belə ki, X3rşı iş üzrə Qərarda qeyd olunmuşdur ki, məhkəmə araşdırması hüququnun bir aspektini təşkil edən məhkəməyə müraciət etmək hüququ Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində nəzərdə tutulan hüququn ayrılmaz elementidir (21 fevral 1975-ci il tarixli Qərar, § 36). Bu hüquq mütləq deyil və ona dair nəzərdə tutulan, xüsusilə də apellyasiya şikayətinin qəbuledilənlik şərtlərinə aid olan məhdudiyyətlər qoyula bilər. (X1rşı iş üzrə 28 may 1985-ci il tarixli Qərar, § 57). Lakin ona dair qoyulan məhdudiyyətlər bu hüququn mahiyyətinə xələl gətirəcək dərəcədə şəxsin məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmamalıdır. Onlar legitim məqsəd güdməli və istifadə olunan vasitələr və güdülən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (X4rşı iş üzrə 21 sentyabr 1994-cü il tarixli Qərar, § 65; Bellet Fransaya qarşı iş üzrə 4 dekabr 1995-ci il tarixli Qərar, § 31). Göründüyü kimi məhkəməyə müraciət etmək hüququ mütləq olmamaqla qanunla müəyyən edilmiş müəyyən məhdudiyyətlər çərçivəsində həyata keçirilməlidir. Hansı ki, bura İnzibati Prosessual Məcəllə ilə müəyyən edilmiş iddianın mümkünlük şərtlərinə əməl edilməsi və.s daxildir. Eyni zamanda aidiyyət qaydalarına riayət edilməsi də bu tələblərə daxildir. Məhkəmə diqqətə çatdırır ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Qeyd olunmalıdır ki, hazırki iddia tələbinə Gəncə İnzibati Məhkəməsində baxılması ərazi aidiyyəti qaydalarının pozulması ilə nəticələnər. Belə ki, iddia tələbinin mahiyyətinə baxılan zaman aşkar edilir ki, iddiaçıların tələbi İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsində qeyd olunan inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara aiddir. Həmin Məcəllənin məhkəmə aidiyyətinin müəyyənləşdirilməsindən bəhs edən 8-ci maddəsində iddia növlərinə uyğun olaraq iddianın hansı qaydada verilməli olması təsbit edilmişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 8.1-ci maddəsinə görə inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi iddia tələbi inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın (maddi və mənəvi) ödənilməsi tələbinə dair olduğundan yuxarıda qeyd olunan İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinin təsir dairəsinə düşür. Yəni iddia tələbinə ərazi aidiyyəti üzrə cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yerləşdiyi ünvan isə Bakı şəhəri, Parlament prospekti 3 ünvanıdır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Cavabdehin yerləşdiyi Bakı şəhəri Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»na əsasən Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidinə daxildir. İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə görə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğundan iş ərazi aidiyyəti üzrə həmin məhkəməyə göndərilməlidir. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş «qanunla müəyyən edilmiş məhkəmə» müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 8.5. Bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 2.2, 8.1, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə (üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti) qarşı «maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-4494/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4494/2025
06.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver