Məhkəmə qərarları › İş №2-1(114)-4496/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4496/2025

04.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4496/2025 04.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Şəmkir Rayon Polis Şöbəsinə qarşı üçüncü şəxsin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının vəkil olan nümayəndəsi X2 və üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxs X3 ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-40/2-3707/2025 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı adına, evin yerləşdiyi 0.15 ha torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı, X4, X9, X10 və X5 adlarına qeydiyyata alınmışdır.

2. İddiaçı üçüncü şəxs X3 ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdiyi müraciətinə həmin İdarənin xx.xx.2025-ci il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2025-ci il tarixli ******* nömrəli arayışına və Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən xx.xx.1984-cü il təvəllüdlü X1 rayonu, Könüllü kəndi, Zakir Qarayev küçəsi, ev 4 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatdadır.

4. Məhkəmə sorğusuna Cavabdeh xx.xx.2025-ci il tarixli 3-13-110/2-18442/25 nömrəli cavab məktubundan müəyyən olunur ki, X8 xx.xx.2019-cu il tarixdə, Gəncə “Asan xidmət” tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına alınmışdır. II. Məhkəmədə icraat

5. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs X3 ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. Belə ki, ona həmin mənzilə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Üçüncü şəxs X8 onun gəlinidir. 3-cü şəxs ona məxsus evdə qeydiyyatda olsa da, orada yaşamır. Belə ki, o, 2018-ci ildə özünə həmin kənddən ev tikərək köçmüşdür. 3-cü şəxs ona məxsus evə 2002-ci ildə müvəqqəti köçmüşdür. Hazırda həmin evdən köçsə də hələ də pasport qeydiyyatında durur. Bununla bağlı o, Cavabdehnə müraciət edərək 3-cü şəxs X3 onun evindən qeydiyyatdan çıxarılmasını xahiş etdi. Lakin oradan ona bunun mülki məsələ olduğunu və buna görə də məhkəməyə müraciət etmək hüquqları izah olundu. O, 3-cü şəxsi başqa yolla mülkiyyətində olan evdən qeydiyyatdan çıxarda bilmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

8. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

9. Belə ki, iddiaçı sözügedən evin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

10. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.

11. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

12. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

13. Cavabdeh yerləşdiyi Şəmkir şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

14. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

15. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV. Prosessual məsələlər

16. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə X8 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.

17. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2025-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxsə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

18. İddiaçının vəkil olan nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasına gəlmiş, cavabdeh xx.xx.2025-ci il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxışı iclasına gəlməyən şəxssin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

19. İddiaçının vəkil olan nümayəndəsi X2 şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

20. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, üçüncü şəxs X8 iddiaçının gəlinidir, belə ki, o, iddiaçının oğlu X6 həyat yoldaşıdır, nikahları pozulmamışdır. Lakin buna baxmayaraq, həmin şəxs iddiaçıya məxsus evdə yaşamadığından və gəlin olaraq mülkiyyətçinin ailə üzvü olmadığından hesab edir ki, mübahisəli evə istifadə hüququ da yoxdur.

21. Üçüncü şəxs X8 şifahi məhkəmə baxışı iclasında iddia tələbinə etiraz edərək, onun rədd edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir

22. Üçüncü şəxsin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuş, etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı onun qayınatasıdır. Onun iddia ərizəsində qeyd etdiklərini əsassız hesab edir. Belə ki, iddiaçının qeyd etdiyi kimi, iddiaçının oğlu xx.xx.1977-ci il təvəllüdlü X9 ilə 2002-ci ilin dekabr ayında faktiki ailə qurmuş və ünvan 5 ünvanda palatkada toyları olub və cehiz əşyalarını da həmin ünvana gətirmişdir. Ailə qurduğu xx.xx.1977-ci il təvəllüdlü X17 05 sentyabr 2003-cü il tarixdə Şəmkir rayon Könüllü kənd İƏD nümayəndəliyinin 12 Neli qeydlə nikaha daxil olmuş və birgə nikahlarından (5 uşağı anadan olmuş, 2 uşağı körpə olan vaxt vəfat etmişdir) 3 uşağı xx.xx.2009-cu il tarixdə X11, xx.xx.2013-cü il tarixdə X12 və xx.xx.2017-ci il tarixdə Osmanov X15 şəhərində anadan olmuşlar və hər üç uşaqlarına Şəmkir rayon Könüllü kənd İƏD nümayəndəliyindən doğum haqqında şəhadətnamə almışlar. Bundan başqa qayınatası İddiaçı iddia ərizəsində qeyd edir ki, guya ünvan 6 ünvan onun şəxsi mülkiyyətindədir. Halbuki Azərbaycan Respublikası Əmlak Məsəllələri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən 25.042025-ci il tarixli,**********01-10301 reyestr nömrəli, Seriya PX №0624069 №-li Çıxarışında həmin ev torpaqla birlikdə paylı mülkiyyətdə olmaqla əri X6 da payı qeyd edilmişdir. Uşaqlarının ikisi xəstədir və onlardan xx.xx.2009-cu il tarixdə X11 2-ci qrup əlildir. İddiaçı özü onu 2017-ci ilin iyul ayının 10-da Gəncə "ASAN xidmət mərkəzində ünvan 6 ünvana pasport qeydiyyatına aldırmışdır və 3 uşağı da həmin ünvanda qeydiyyatdadır. Onu da qeyd etmişdir ki, kirayədə yaşasalar da onun cehiz əşyaları da həmin ünvandadır. Uşaqları və o da Elşadın birgə mülkiyyətdə olan ünvan 6 ünvana gedib-gəlirlər. İddiaçı məqsədi onu həmin evdən qeydiyyatdan çıxarıb evi qızı Leyla Osmanlıya vermək istəyir. Onu da qeyd etmişdir ki, onun həmin evdə istifadə hüququ və eləcə də həmin ev paylı mülkiyyət olduğundan onu 3-cü şəxs olaraq həmin ünvandan pasport qeydiyyatdan çıxarılmağı mümkünsüz hesab edilməlidir.

23. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır.

Əsaslandırma hissəsi:

VI. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

24. Məhkəmə sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

25. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur.

26. Üçüncü şəxs X8 iddiaçının gəlini olmaqla, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmış və hazırda da həmin ünvanda qeydiyyatdadır.

27. İddiaçı cavabdeh orqana müraciət edərək, üçüncü şəxsin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.

28. İddiaçı üçüncü şəxsin ona məxsus evdə qeydiyyatının formal olmasına və bu halın onun hüquqlarının məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

29. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

30. Yuxarıda göstərilən maddədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları sadalanmış, iddiaçı, üçüncü şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün həmin normada göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu sübuta yetirə bilməmişdir.

31. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün 2 şərt məcmu halda ödənilməlidir: - şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ olmamalıdır; - şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

32. İş materialları ilə müəyyən edilir ki, üçüncü şəxs sözügedən mənzilin mülkiyyətçisinin gəlini olmaqla, həmin evə qeydiyyata alınmışdır. Üçüncü şəxsin əri X9 ilə nikahı pozulmamışdır. X9 isə mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin paylı mülkiyyətçilərindən biridir.

33. Ona görə də, X3 mübahisəli evdən istifadə hüquqlarının mövcud olubolmaması mülki məhkəmə icraatı qaydasında müəyyən edilməlidir. Həmin icraat zamanı onun mübahisəli evə istifadə hüquqlarının olmadığı müəyyən ediləcəyi halda, həmin qətnamə onun qeydiyyatdan çıxarılması üçün əsas ola bilər.

34. Göründüyü kimi, hazırkı halda iddiaçı cavabdeh orqana “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində sadalanan əsaslardan hər hansı birini təqdim etmədiyinə görə cavabdeh orqanın üçüncü şəxslərin qeydiyyatdan çıxarmadan imtinası əsaslı olmuşdur.

35. Ona görə də, iddia təmin edilməməlidir.

36. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı: İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar