Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-45/2021 29.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakı, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqların dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı1, İddiaçı2, İddiaçı3 (bundan sonra mətndə iddiaçılar) 07.01.2020-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şəmkir rayonu, Qapanlı kəndinin ərazisində yerləşən, Şəmkir rayonu, Aqrar İslahat Komissiyasının 29.01.1998-ci il tarixli 47 saylı qərarı ilə tərtib edilmiş JN-0454 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 2,52 hektar pay torpaq sahəsinin iddiaçıların mülkiyyətinə verilməsinə dair dövlət qeydiyyatına alınması vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 29.01.1998-ci il tarixli 47 saylı qərarı ilə JN-0454 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında 2,52 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsi Respublikada aparılmış məlum torpaq islahatı zamanı Qapanlı kəndinin ərazisindən islahat komissiyasının əməkdaşları tərəfindən yerində mərzlənərək iddiaçıların faktiki sahibliyinə və Dövlət aktı əsasında mülkiyyətinə verilmişdir. Həmin cəmisi 2,52 hektar kənd təsərrüfatı təyinatlı pay torpaq sahəsinin bir hissəsi, yəni 18900,00 kv.m sahəsi olan 454 konturdakı hissəsi və 6300,00 kv.m sahəsi olan 454B konturundakı hissəsi 1999-cu ildən iddiaçılar əkib becərmişlər. Həmçinin, hər ildə həmin 2,52 hektar sahə üçün dövlət tərəfindən verilən subsidiyaları almışlar. Hazırda həmin pay torpaq sahəsini dövlət qeydiyyatına aldırmaqla üzərində mülkiyyət hüquqlarına dair Çıxarış alınması üçün iddiaçılar cavabdehə müraciət etsə də, cavabdeh 26.12.2019-cu il tarixli cavab məktubunda Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 29.01.1998-ci il tarixli 47 saylı qərarı ilə tərtib edilmiş JN-0454 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının sertifikat hissəsində 6300,00 kv.m kontorun qeyd edilmədiyi üçün iddiaçıların mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının mümkün olmaması göstərilmişdir. Halbuki, həmin Dövlət aktı artıq ləğv edilmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmnə Komitəsi və yerli Şöbəsi tərəfindən tərtib edilmişdir ki, onun tərtibatındakı qüsurun iddiaçılara heç bir aidiyyəti yoxdur. Hazırda həmin təşkilat ləğv edilmiş olmasına görə isə hüquqi varisi olaraq cavabdeh həmin qüsuru aradan qaldıraraq tam əsasla mülkiyətə verilmiş 2,52 ha pay torpaq sahəsini dövlət qeydiyyatına almaq əvəzinə imtina etmişdir. Başqa bir orqanın isə həmin vəzifəni, yəni pay torpaq sahəsi üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına almaq hüququ yoxdur. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 iddia ərizəsində qeyd olunanlarla eyni məzmunda izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq digər İddiaçı3 məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Məhkəmənin 27.01.2020-ci il tarixli 2-1(114)-562/2020 nömrəli sərəncamı ilə cavabdehdən iddiaya qarşı öz münasibətini (etirazını) yazılı şəkildə bildirmək tələb olunsa da, cavabdeh iddiaya dair münasibət bildirməmiş, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı3 və Cavabdehin nümayəndəsinin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməməsinə baxmayaraq, məhkəmə işə baxıb iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62-ci maddəsi). Məhkəmə araşdırmasının predmetini cavabdehin iddiaçıya ünvanladığı imtina məktubu, qeydiyyat kitabında 07.08.1998-ci il tarixdə 1604 nömrə ilə qeydiyyata alınmış JN-0454 nömrəli, 50407038 kodlu Dövlət aktının notariat qaydada təsdiq edilmiş surəti, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12.03.2020-ci il tarixli **********10 nömrəli məktubu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 05.06.2020-ci il tarixli **********08 nömrəli məktubu, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 08.09.2020-ci il tarixli **********19 nömrəli, 07.10.2020-ci il tarixli **********54 nömrəli, 30.10.2020-ci il tarixli **********29 nömrəli və 14.04.2021-ci il tarixli **********67 nömrəli məktubları, “Şəmkir rayon Qaracəmirli kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyin Qapanlı kəndində yaşayan pay almaq hüququ olan vətəndaşların siyahısı”ndan çıxarışın təsdiqlənmiş surəti təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad olunur. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də əsaslıdır. Belə ki, məhkəmədə tədqiq edilmiş sənədlərin məzmunundan müəyyən olunur ki, Şəmkir rayonu Aqrar İslahat Komissiyasının 29.01.1998-ci il tarixli 47 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3 gizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi üçün 2,52 hektar torpaq sahəsi verilmiş, bu barədə dövlət aktı qeydiyyatı kitabında 07.08.1998-ci il tarixdə 1604 nömrə ilə qeydiyyata alınmış Dövlət aktı tərtib edilmişdir. Həmin aktın cizgisində 18900,00 kv.m torpaq sahəsi 454 nömrə ilə, 6300,00 kv.m torpaq sahəsi isə 454B nömrəsi ilə göstərilmişdir. Lakin Dövlət aktının sonunda torpaq sahəsinin qaiməsi/ sertifikatında yalnız 0454 nömrəli sahə, yəni 18900,00 kv.m torpaq sahəsi qeyd olunmuşdur. İddiaçılar 2,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində hüquqların dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan Dövlət aktının sertifikat hissəsində 6300.00 kv.m olan kontur qeyd edilmədiyi üçün iddiaçılarının hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasından imtina etmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məhkəməyə təqdim etdikləri məktublardan görünür ki, mübahisəli 6300,00 kv.m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Lakin həmin torpaq sahəsi faktiki olaraq iddiaçıların istifadəsindədir. Beləliklə, işin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıların mülkiyyətinə qanunla nəzərdə tutulmuş qaydada pay torpaq sahəsi verilmiş, həmin torpaq sahəsi fasiləsiz və etirazsız iddiaçıların qanuni sahibliyindədir, mübahisəli torpaq sahəsi üzərində hər hansı şəxsin (dövlət, bələdiyyə, xüsusi) mülkiyyət hüquqları dövlət reyestrində qeydiyyatdan keçməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1-ci maddəsinə əsasən qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0.5-ci maddəsinə əsasən qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. 9.1 və 9.2-ci maddələrinə əsasən, Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Qeydiyyat orqanı bu qanunun 14.1-ci və 15.1-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, ərizənin və ona əlavə edilən sənədlərin təqdim edildiyi gündən 10 iş günü müddətində daşınmaz əmlak üzərində hüquqları dövlət qeydiyyatına alır və elektron qaydada dövlət reyestrindən çıxarış tərtib edir. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər. Bu halda ərizəçiyə bildiriş təqdim edilməlidir. 15.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin məhkəmə tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Dövlət aktının sertifikatında 6300,00 kv.m torpaq sahəsi qeyd olunmasa da, aktın ikinci səhifəsində və torpaq sahəsinin planında – cizgisində 6300,00 kv.m torpaq sahəsi göstərilmişdir. Həmin dövlət aktında texniki səhv olaraq dövlət aktının qaiməsində-sertifikatında torpaq sahəsinin bir hissəsinin qeyd olunmaması mülkiyyət hüquqların dövlət reyestrində qeydiyyata alınmaması üçün əsas ola bilməz. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. Bu Qanunun 19-cu maddəsinə görə, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar dövlət aktında qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınının qeydiyyata alınmasını tələb etməkdə haqlıdırlar. Beləliklə, məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən həll olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı1, İddiaçı2, İddiaçı3 Şəmkir rayonu, Aqrar İslahat Komissiyasının 29.01.1998ci il tarixli 47 saylı qərarı ilə verilmiş, JN0454 nömrəli, 50407038 kodlu torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 2,52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarınının dövlət reyestrində qeydiyyata alınması öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-45/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-45/2021
29.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver