Məhkəmə qərarları › İş №2-1(114)-450/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-450/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-450/2021 14.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçının nümayəndəsi X3 və vəkili X1, üçüncü şəxsin nümayəndəsi X2 və vəkili X5 iştirakı ilə, İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə (üçüncü şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı xx.xx.1996-cı il tarixli sərəncamın ləğv edilməsi tələbinə dair iddia ərizəsinə şifahi məhkəmə baxış iclasında məhkəmənin binasında baxaraq müəyyən etdi: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının xx.xx.1996-cı il tarixli sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «xxxx» ASC-nin «Yeni Gəncə» filialının üç giriş-çıxış qapısının ikisi cavabdeh tərəfindən üçüncü şəxsə verilmiş xx.xx.1996-cı il tarixli sərərncama əsasən üçüncü şəxs tərəfindən mişar daşı ilə hörülüb bağlanmışdır. Halbuki cavabdehin xx.xx.1996-cı il tarixli sərəncamı öz qüvvəsini itirmişdir. Belə ki, həmin sərəncamın 5-ci bəndində bir il müddətinə istehsalat bazası yaradılmasa sərəncamın öz qüvvəsini itirmiş hesab ediləcəyi qeyd edilmişdir. Lakin üçüncü şəxsə 2018-ci il tarixdə çıxarış verilmiş və həmin çıxarışın verilməsinə əsas olmuş sərəncam onların konstitusiyon mülkiyyət hüquqlarını pozur. Üçüncü şəxs torpaq sahəsində qanunla tələb olunan müddətdə tikinti aparmadığı üçün çıxarış alınan zaman sənədlər saxtalaşdırılmış, cavabdehin «Gilavar-Xəzri» istehsal-ticarət müəssisəsinin adının «xxxx» MMC kimi rəsmiləşdirilməsinə dair xx.xx.2017-ci il tarixli sərəncamında sonradan mötərizədə tikintinin ümumi sahəsi 601.9 kv.m sözləri əlavə edilərək göstərilmişdir. Ona görədə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı iş üzrə «buraxılmış prosessual müddətin bərpa edilməsinə dair» ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və iddia mümkün sayılmamışdır. İddiaçının nümayəndəsi X6 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən apelyasiya şikayəti qismən təmin edilərək iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilmiş və iddiaçı tərəfindən ötürülmüş prosessual müddətin bərpası barədə ərizəyə yenidən baxılması üçün iş yenidən məhkəməyə göndərilmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı tərəfindən iddia qaldırmaq üçün buraxılmış prosessual müddət bərpa edilmişdir. Şifahi məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, iddia ərizəsində mübahisələndirilən torpaq sahəsinə iddiaçının Texniki Pasportunda iki yerdən yanğın çıxışı var. İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Şifahi məhkəmə baxış iclasında üçüncü şəxsin nümayəndəsi X4 və vəkili X8 iddia tələbinə etiraz edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarının dinləyib, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik hüquq sahəsində qüvvədə olan) qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx xxxxx 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Başqa sözlə iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır. Hazırki işin araşdırılan hallarından isə görünür ki, iddiaçının hazırki tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, iddiaçı mübahisələndirilən sərəncamla üçüncü şəxs «xxxx» MMC-yə ayrılmış 1800 kv.m torpaq sahəsinin məhz ona ayrılmış sahə olduğunu sübut etməlidir. Torpaq sahəsinə dair hüquqlar orada faktiki istifadə əsasında deyil, yalnız səlahiyyətli orqanların qanunvericiliklə nəzərdə tutulmuş qaydada torpaqayırmaya dair müvafiq qərarları, yaxud hüquqlarını reyestrdə qeydiyyata aldırmış şəxslərin bağladıqları mülki hüquqi əqdlər əsasında yarana bilər. İddiaçı yeganə sübut kimi ona məxsus xx.xx.2019-cu il tarixə olan vəziyyətə əsasən tərtib olunan texniki pasportun torpaq sahəsinin planında yol kimi göstərilən ərazidə iki yanğın qapısının mövcud olduğunu və həmin çıxışların üçüncü şəxs tərəfindən bağlandığına əsaslanmışdır. Həmin texniki pasportun torpaq sahəsinin təsnifatında sözügedən çıxışlar şərti olaraq İV rəqəmi ilə işarələnərək 2 ədəd dəmir darvaza kimi qeyd olunmuşdur. Məhkəmə həmin əraziyə yerində baxış keçirərkən həqiqətən dəmir darvazaların bağlandığını müəyyən etmişdir. Məhkəmə həmçinin üçüncü şəxsin adına daha əvvəl xx xxxxx 2018-ci il tarixdə tərtib edilmiş texniki pasportunun torpaq sahəsinin planında iddiaçının texniki pasportunda yol kimi göstərilən ərazinin üçüncü şəxsin faktiki istifadəsində olduğunu, həmin texniki pasportda qonşu obyektin («xxxx» ASC-nin) sözügedən yola hər hansı bir çıxışının olmadığını müəyyən etmişdir. Məhkəmə bunun da qeyd olunmasını vacib sayıb bildirir ki, mübahisələndirilən sərəncamla üçüncü şəxsə ayrılmış 0.18 ha torpaq sahəsi sonuncunun texniki pasportunun torpaq sahəsinin planı hissəsində onun faktiki istifadəsində olduğu göstərilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh başçısının xx xxxx 2017-ci il tarixli 374 nömrəli sərəncamı ilə Cavabdeh başçısının xx.xx.1996-cı il tarixli 3787 nömrəli sərəncamı əsasında Yeni Gəncə yaşayış sahəsi VAZ texniki xidmət stansiyasının yanında 1800.0 kv.m torpaq sahəsində fəaliyyət göstərən «Gilavar-Xəzri» istehsal-ticarət müəssisəsi «xxxx» MMC kimi rəsmiləşdirilmişdir. İşin yuxarıda şərh olunan həm hüquqi, həm də faktiki hallarından göründüyü kimi iddiaçı sözügedən inzibati aktı mübahisələndirmək üçün subyektiv hüquqa malik deyildir. İddiaçının adına tərtib olunmuş texniki pasportun torpaq sahəsinin planı hissəsi göstəricilərinə gəlincə məhkəmə qeyd edir ki, həmin sənəd sözügedən sərəncamdan xeyli sonra, daha dəqiq desək 23 il sonra tərtib olunduğundan, həm də hüquqi yox, texniki sənəd olduğundan məhkəmə həmin sənədi mübahisənin həlli üçün mötəbər sübut kimi qəbul etməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə (üçüncü şəxs «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyəti) qarşı xx.xx.1996-cı il tarixli sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev pr., 105) vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk pr., 252) şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar