Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4500/2025 06.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X10 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı «mülkiyyət hüququnun qeydə alınması» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək Xanlar (indiki Göygöl) rayonu, Mixaylovka (indiki Bənövşəli) kəndində yerləşən ümumi sahəsi 2700 kv.m. torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xanlar (indiki Göygöl) rayonu, Mixaylovka (indiki Bənövşəli) kəndində yerləşən ümumi sahəsi 2700 kv.m. torpaq sahəsi və onun üzərində yerləşən üç otaqlı fərdi yaşayış evini Xanlar rayon Dövlət Notariat Kontorunun xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi üzrə X4 almışdır. Həmin müqavilə əsasında adına 10/322b nömrəli texniki pasport, eyni zamanda Qeydiyyat Vəsiqəsi tərtib edilmişdir. Sözügedən əmlaka mülkiyyət hüquqlarının qeydə alınmasına görə cavabdeh orqana müraciət etmiş, lakin onun müraciəti təmin edilməmişdir. Bundan sonra pozulmuş hüquqlarının bərpası üçün Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş və onun iddiası məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə təmin edilmişdir. Lakin məhkəmə yalnız fərdi yaşayış evinə münasibətdə hüquqlarının qeydə alınmasını qərara almışdır. Hansı ki, həm torpaq sahəsi, həm də üzərində olan fərdi yaşayış evinin vahid əmlak kimi qeydə alınmasını istəmişdir. İmtina məktubunda göstərilən torpaq sahəsinin başqa şəxsə məxsus torpaq sahəsi ilə üst-üstə düşən hissəsi məhz satıcı olan X7 aiddir. Mübahisəli torpaq sahəsi uzun illərdir ki, onun faktiki sahibliyindədir. Lakin cavabdeh orqan bunları nəzərə almamışdır. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Xanlar (indiki Göygöl) rayonu, Mixaylovka (indiki Bənövşəli) kəndində yerləşən ümumi sahəsi 2700 kv.m. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqan iddia ərizəsinə dair məhkəməyə etiraz göndərərək göstərmişdir ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1413 nömrəli qərarı ilə Göygöl rayonu, Bənövşəli kəndində yerləşən 0,012 ha bələdiyyə mülkiyyətində olan (torpaq sahəsi istifadə) fərdi yaşayış evinə iddiaçının adına xx.xx.2025-ci il tarixli, **********82-10301 reyestr nömrəli çıxarış və texniki pasport verilmişdir. Kompleks yerquruluşu planına (DWG) əsasən, qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi X5 adına qeyd olunmuş JN-17 F (0,26 ha torpaq sahəsi) nömrəli şəhadətnamənin ərazisidir. Xanlar rayonu, Mixaylovka kəndində yerləşən 0,26 ha həyətyanı torpaq sahəsinə dair X5 adına xx.xx.2002-ci il tarixli, JN-017 F KOD 50802028 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə tərtib edilmişdir. Xanlar rayon DNK-nin xx.xx.2005-ci il tarixli, 4Ə-2-298 nömrəli alqı-satqı müqaviləsində X5 etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən torpaq sahəsində yerləşən tikili (örtülü eyvan, mətbəx, qaraj, tövlə, hamam) İddiaçı satılmışdır. Həmin müqavilədə JN-017 F KOD 50802028 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə münasibət bildirilməmişdir. Şəhadətnamə 2022-ci ildə tərtib olunsa da, müqavilə 2005-ci ildə bağlanılmışdır. Odur ki, iddia tələbinin rədd edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 etiraz ərizəsinin dəlillərini müdafiə edərək iddia tələbinin rədd olunmasını xahiş etdi. İddiaçı məhkəmə baxış iclasına gəlməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə görə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini 10/322b nömrəli "Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu" və qeydiyyat vəsiqəsinin surəti, Xanlar rayon dövlət notariat ofisində xx.xx.2005-ci il də 40-2-298 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(114)-1413 saylı qərarı və cavabdeh inzibati orqanın xx.xx.2025-ci il tarixli imtina məktubu təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. Belə ki, iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmişdir. İddia üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqanın yerləşdiyi Gəncə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İş materialları əsasında müəyyən edilmişdir ki, Xanlar rayon Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2005-ci il tarixli, 4Ə-2-298 nömrəli alqı-satqı müqaviləsi ilə X5 etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən Xanlar (indiki Göygöl) rayonu, Mixaylovka (indiki Bənövşəli) kəndində yerləşən ümumi sahəsi 2700 kv.m. torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi İddiaçı satılmışdır. Bundan sonra İddiaçı adına 10/322b nömrəli fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu və qeydiyyat vəsiqəsi tərtib edilmişdir. İddiaçı alqı-satqı predmeti olan əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun müraciəti müsbət mənada təmin edilməmişdir. Daha sonra İddiaçı iddiası əsasında Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(114)-1413 saylı qərarı ilə Göygöl rayonu Bənövşəli kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evi üzərində sonuncunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmuşdur. Qərar əsasında fərdi yaşayış evinə münasibətdə iddiaçının adına çıxarış tərtib edilmişdir. Hazırda isə iddiaçı həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmasına nail olmağa çalışır. İddiaçı tərəfindən qeyd olunan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından ötrü cavabdeh inzibati orqana müraciət edilmiş, lakin onun müraciəti təmin edilməmişdir. Cavabdeh orqan bildirmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi X5 adına qeyd olunmuş JN-17 F (0,26 ha torpaq sahəsi) nömrəli şəhadətnamənin ərazisidir. Xanlar rayon DNK-nin xx.xx.2005-ci il tarixli, 4Ə-2-298 nömrəli alqı-satqı müqaviləsində X5 etibarnamə üzrə nümayəndəsi X2 tərəfindən torpaq sahəsində yerləşən tikili İddiaçı satılmışdır. Həmin müqavilədə JN-017 F KOD 50802028 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə münasibət bildirilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı;
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 88. Daşınmaz əmlaka dair əqdlərin bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri;
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.
3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə başqa hal nəzərdə tutulmayıbsa, müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar həmin evi əldə edənə keçir. Əgər yaşayış evinin özgəninkiləşdirilməsi haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, torpaq sahəsinin ev yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir (17 aprel 2007-ci il tarixli 315- İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 88-ci maddənin 3-cü bəndinin ikinci abzası çıxarılmışdır, üçüncü abzas ikinci abzas hesab edilmişdir). Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın etiraz ərizəsində qeyd etdiyi dəlillər iddiaçının müraciətini təmin etməkdən imtinaya əsas ola bilməz. Belə ki, Xanlar rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli, 4Ə-2-298 nömrəli alqı-satqı müqaviləsi ilə X9 tərəfindən iddiaçıya İddiaçı satılmış və alqı-satqı predmeti olmuş daşınmaz əmlak Xanlar (indiki Göygöl) rayonu, Mixaylovka (indiki Bənövşəli) kəndində yerləşən ümumi sahəsi 2700 kv.m. torpaq sahəsi və üzərində olan fərdi yaşayış evindən ibarət olmuşdur. Məhkəmənin bu yanaşması həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin 3-cü abzasına uyğundur. Çünki, alqı-satqı müqaviləsi təhlil edən zaman müəyyən edilir ki, tərəflər həmin vaxt müqavilədə başqa razılaşma nəzərdə tutmamışlar. Bu səbəbdən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən fərdi yaşayış evinə mülkiyyət hüququ keçərkən evin yerləşdiyi torpaq sahəsi üzrə də hüquqlar alıcıya keçmişdir. Eyni zamanda o da nəzərə alınmalıdır ki, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Yəni müqavilədən sonrakı hərəkətlər də müqavilənin mahiyyətinin nədən olmasından xəbər verir. Hansı ki, torpaq sahəsi ilə bağlı indiyə qədər tərəflər arasında hər hansı mübahisə olmamışdır. Bu amil özlüyündə alqı-satqı predmetinə torpaq sahəsinin də daxil edilməsi nəticəsinə gəlməyə əsas verir. Hazırda cavabdeh orqanın iddia etdiyi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin JN-017 F KOD 50802028 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında X7 məxsus torpaq sahəsi olması dəlili bu nəticəyə gəlməyə əsas vermir ki, torpaq sahəsi başqa şəxsin mülkiyyətindədir. Məhz elə X9 bu torpaq sahəsini alqı-satqı predmeti olaraq İddiaçı satmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə» Bənd 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Məhkəmə diqqətə çatdırır ki, torpaq sahəsi hazırki vaxta kimi İddiaçı qanuni əsaslarla sahiblik və istifadəsindədir. Onun tərəfindən torpaq sahəsi təyinatına uyğun istifadə edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; Məhkəmə diqqətə çatdırır ki, hazırki iddia üzrə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarından heç biri mövcud deyildir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin xx.xx.2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin Nizamnaməsi: Bənd 2.0.1. dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını (bundan sonra hüquqların dövlət qeydiyyatı) həyata keçirmək DƏDKR-in fəaliyyət istiqamətlərindən biridir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. Göygöl rayonu, Bənövşəli kəndində yerləşən ümumi sahəsi 2700 kv.m. torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fərid Əliyev