Məhkəmə qərarları › İş №2-1(114)-4503/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4503/2025

26.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4503/2025 26.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Gədəbəy rayonu Slavyanka bələdiyyəsinə qarşı əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçının İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Gədəbəy rayonu Slavyanka bələdiyyəsinə qarşı işlədiyi aylar üzrə (ödənilməmiş aylar, bu ilin fevral, mart və aprel ayları üzrə) ona ödəniləcək əmək haqqının öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Gədəbəy rayonu Slavyanka bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 20 nömrəli əmrinə əsasən İddiaçı xx.xx.2025-ci il tarixdən Slavyanka bələdiyyəsinin mühasibi vəzifəsindən azad edilmişdir.

2. Gədəbəy rayonu Slavyanka bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 64 nömrəli və xx.xx.2025-ci il tarixli 169 nömrəli arayışlarında göstərilmişdir ki, bələdiyyənin sabiq mühasibi İddiaçı veriləcək əmək haqqı yanvar ayı üçün 133.83 (bir yüz otuz üç manat səksən üç qəpik) manat, fevral ayı üçün 206.80 (iki yüz altı manat səksən qəpik) manat, axırıncı hesabın kəsilməsi 30.43 (otuz manat qırx üç qəpik) manat olmaqla cəmi 371.06 (üç yüz yetmiş bir manat altı qəpik) manat təşkil edir. Əlavə olaraq bildirilir ki, 23 may 2025-ci il tarixdə Azərpoçt vasitəsi ilə onun kart hesabına 130.00 (bir yüz otuz) manat 07 iyul 2025-ci il tarixdə 241.06 (iki yüz qırx bir manat altı qəpik) manat (sonuncu hesabın kəsilməsi) oul vəsaiti köçürülmüşdür. Beləliklə, bələdiyyənin sabiq mühasib İddiaçı heç bir borcu qalmamışdır. II. Məhkəmədə icraat

3. İddiaçı cavabdeh Gədəbəy rayonu Slavyanka bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək işlədiyi aylar üzrə (ödənilməmiş aylar, bu ilin fevral, mart və aprel ayları üzrə) ona ödəniləcək əmək haqqının öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci il tarixdə Gədəbəy rayonunda doğulub boya-başa çatmışdır. Orta məktəbi bitirdikdən sonra, xx.xx.1979-cu il tarixdə Gədəbəy rayonu Slavyanka kəndində Kənd Sovetində hesabdar kassir vəzivəsinə təyin edilmiş və xx.xx.1998-ci il tarixə kimi orada işləmişdir. Hesabdar kassir işlədiyi üçün hər hansı mühasibatlıqla bağlı diplom tələb edildiyindən 1993-cü ildə Gədəbəy rayonunda yerləşən mühasibatlıq kursuna daxil olmuşdur və 2 il 6 ay orada oxumuş və oranı müfəvvəqiyyətlə bitirmişdir. xx.xx.2000-ci ildə müddətsiz əmək müqaviləsi bağlanılmaqla Gədəbəy rayonu Slavyanka bələdiyyəsinə mühasib vəzivəsinə təyin edilmiş və bu ilin aprel ayının 24-nə kimi işələmişdir. Bu müddət ərzində işinin ödəsindən layiqincə gəlmiş və qüsursuz fəaliyyət göstərmişdir. Bu ilin yanvar ayının əmək haqqısını kəsirlə almış, fevral-mart aylarında əmək haqqısını almamış, aprel ayının 24-də aprel ayı üçün də əmək haqqı ala bilmədiyini görərək bu barədə bələdiyyə sədrinə öz etirazımı bildirmişdir. Bu ilin aprel ayının 25-də bələdiyyə sədri ona fevral ayının 17-dən onu işdən çıxartmağını ona bildirmişdir. O, buna öz etirazını bildirmişdir ki, onu necə işdən çıxardıblar ki, onun bundan xəbəri yoxdur, necə işdən çıxarılmışdır ki, bu günə kimi işə gəlib-getmiş və işə davamiyyət kitabına işə gəlib-getməyi barədə imza atmışdır. Bələdiyyə sədri bütün bu iradlarına əhəmiyyət verməyərək ona təkidlə işə gəlməməyini və ona hər hansı bir əmək haqqı ödənilməməsini bildirmişdir. Onu da qeyd edir ki, o, xx.xx.2025-ci il tarixdə işdən çıxarılarkən Slavyanka bələdiyyəsinin sədri X3 olmuşdur ki, bu hal bələdiyyənin 1 saylı protokolunda öz əksini tapır. Beləliklə, o, işlədiyi aylar üçün əmək haqqını ala bilmədiyini görüb Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət etmişdir. Ədliyyə Nazirliyinə müraciət etdikdən sonra, may ayının 29-da ona 130 manat pul ödənilmişdir. Hansı ki, aprel ayının 24-nə kimi ona 1235,54 (min iki yüz otuz beş manat, əlli dörd qəpik) əmək haqqı ödənilməli idi. Onun işlədiyi əmək haqqını Slavyanka bələdiyyəsi ödəmir. O, həmin əmək haqqını məhkəmədən kənar heç cür ala bilmədiyi üçün məcbur olub hazırki iddia ilə məhkəməyə müraciət edir. Odur ki, onun işlədiyi 2025-ci ilin fevral, mart və aprel ayları üçün ona ödənilməmiş əmək haqqını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh orqan Azərbaycan Respublikası Gədəbəy rayonu Slavyanka bələdiyyəsinin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. III. Prosessual məsələlər

5. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

6. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə məhkəmə baxışı iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

7. Cavabdeh orqanın iddia tələbi ilə bağlı yazılı münasibəti məhkəməyə daxil olmuş və onunla əsaslandırılmışdır ki, bələdiyyələrin birləşməsi ilə bağlı mülkiyyət, maliyyə və digər məsələlərin həlli üçün "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" Azərbaycan Respublikasının 2024-cü il 18 oktyabr tarixli 50-VİİQ nömrəli Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2025-ci il tarixli 13s nömrəli Sərəncamının icrası ilə əlaqədar bələdiyyələrin təhviltəslim prosesi, o cümlədən əvvəlki Slavyanka bələdiyyəsinin və sabiq Zəhmətkənd bələdiyyəsinin yeni yaranan Slavyanka bələdiyyəsinə birləşmə prosesi başlamışdır. Birləşmə prosesində birləşən Slavyanka bələdiyyəsinin məsul işçiləri X2 və İddiaçı Nazirlər Kabinetinin yuxarıda qeyd edilən Sərəncamın icrası ilə bağlı yaradılan xüsusi komissiyanın tərkibində fəaliyyət göstərmiş, təhvil-təslim prosesinin həyata keçirilməsində cavabdeh şəxs kimi iştirak etmişdirlər. Tərtib edilmiş "Yekun Aktı"nın surəti məktuba əlavə edilir. Əlavə olaraq onu da bildirir ki, 17 fevral 2025-ci il tarixdən 16 aprel 2025-ci il tarixədək təhvil-təslim prosesi və yeni bələdiyyənin formalaşması işləri getdiyindən yeni seçilmiş sədr X3 və sədr müavini X2 da daxil olmaqla heç bir bələdiyyə qulluqçusuna əmək haqqı hesablanmamışdır. Bu bələdiyyənin Dövlət orqanlarına 2025-ci ilin İ və İİ rübünə dair maliyyə, vergi, statistika və s. təqdim etdiyi hesabatlarda da aydın görünür. Bələdiyyənin 16 aprel 2025-ci il tarixli 04 saylı iclasının qərarı ilə bələdiyyə sədri seçilən X1 fəaliyyətə başlamasından sonra işçilərə əmək haqqı hesablanmağa başlanmışdır.

8. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddianı müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

Əsaslandırma hissəsi:

9. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.

10. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir.

11. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib- etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər.

12. Məhkəmə hesab edir ki, hazırkı mübahisə inzibati hüquq münasibətləri ilə bağlı olmayan mübahisə olduğundan ona inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, inzibati məhkəmədə inzibati icraat qaydasında həyata keçirilən fəaliyyətdən irəli gələn, yəni inzibati mübahisələrə baxılır. Həmin mübahisələrin predmetini isə inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.

13. Yəni, inzibati orqanla dövlət qulluqçusu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialar inzibati məhkəmə icraatının predmeti olmaqla, həmin iddialara baxılması inzibati məhkəmələrin səlahiyyətinə aiddir.

14. Hazırkı iş materialları, o cümlədən iddiaçının izahatı ilə müəyyən edilir ki, iddiaçı bələdiyyə qulluqçusu olmuş və cavabdehlə arasındakı münasibətlər publik hüquqdan irəli gələn münasibətlər olmamışdır.

15. İnzibati məhkəmə icraatı qaydasında isə inzibati orqanların publik (inzibati) sahədə fəaliyyəti (hərəkət və ya hərəkətsizliyi) ilə bağlı yaranan mübahisələrə baxılır. Başqa sözlə, inzibati orqan publik hüquq müstəvisində faəliyyət göstərdiyi və həmin hüquq normalarına əsasən şəxsə münasibətdə qərar qəbul etdiyi və ya ya belə qərarın qəbulundan imtin etdiyi və bunun şəxsin hüquqlarını pozduğu hallarda, belə mübahisələrə baxılması inzibati məhkəmələrin səlahiyyətinə aiddir.

16. Beləliklə, hazırkı işdə iddiaçı ilə cavabdeh arasında ümumi (publik) hüquq sahəsi ilə əhatə olunan inzibati hüquq münasibətlərinin mövcudluğu müəyyən edilmir.

17. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüququ münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüququ şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir.

18. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra – inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir.

19. Mübahisənin inzibati hüquq mübahisəsi olması iddianın əsas mümkünlük şərti hesab olunur. İnzibati hüquq münasibətlərindən yaranmayan və inzibati-hüquqi xarakter daşımayan mübahisəyə dair iddia inzibati məhkəmə tərəfindən mümkün sayıla bilməz. Hazırkı mübahisəyə münasibətdə iddiaçının tələbi inzibati hüquqa aid deyil, işəgötürən-işçi münasibətlərini əhatə edir və əmək hüquq sahəsinə əsaslanır.

20. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatına zəmanət yaradan şərtlərdən biri olduğundan, qanunla dəqiq müəyyən edilməlidir. Əks təqdirdə, məhkəmə aidiyyəti məsələsində qeyri-müəyyənlik yaranmış olur, bu isə məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında ciddi maneələr yarada və şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair" 28 mart 2013-cü il tarixli Qərarında qeyd etmişdir ki, "Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. (...) hüquq və azadlıqların məhkəmə təminatı hüququ ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. (...) Məhkəmə icraatının növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.

22. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli Qərarına görə: Bənd 15.2. ... İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bənd 15.3. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.

23. Beləliklə, hazırkı mübahisənin aidiyyəti mülki məhkəmə icraatı qaydasında işə baxan məhkəmələrə aid olduğundan və inzibati prosessual qanunvericilikdə mülki məhkəmə icraatı qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi nəzərdə tutulmadığından iddia mümkün sayılmamalı və iddiaçıya hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir.

24. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Nəticəvi hissə:

25. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia mümkün sayılmasın. İddiaçıya izah edilir ki, onun hazırkı tələblə ərazi aidiyyat qaydalarına riayət etməklə müvafiq şəhər (rayon) məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar