Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4504/2025 16.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X11 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «veteranlar üçün nəzərdə tutulan Prezident təqaüdünün əmək pensiyasına əlavə edilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «veteranlar üçün nəzərdə tutulan Prezident təqaüdünün əmək pensiyasına əlavə edilməsi» tələbinə dair iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək mərhum əri X1 dövründə ona ödənilən veteranlıq pulunun onun aldığı əmək pensiyasına əlavə edilməsinin cavabdeh orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum əri X5 06 iyul 2004-cü ildə vəfat etmişdir. Sağlığında daxili işlər orqanında işləmiş, ona əmək pensiyası təyin edilmiş, habelə, veteranlıq pulu verilmişdir. Ərinin vəfatından sonra arvadı olaraq ailə başçısını itirməyə görə əmək pensiyası alsa da, cavabdeh inzibati orqan veteranlıq pulunu pensiyaya əlavə etməmişdir. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan verdiyi etiraz ərizəsində göstərmişdir ki, iddiaçının subyektiv hüququ yoxdur. Çünki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 36.6-cı maddəsində “iştirakçının şəxsiyyəti ilə birbaşa bağlı olan hüquqların hüquqi varislik qaydasında keçməsinə yol verilmir” qeyd olunmuşdur. Belə ki, iddiaçının iddia tələbi mərhum ərinin müharibə veteranlarına verilən Prezident təqaüdünün onun pensiyasına əlavə edilməsidir. Göründüyü kimi müharibə veteranlarının Azərbaycan Respublikasının Prezidenti təqaüdü əldə etmək hüququ vətəndaşların şəxsiyyəti ilə birbaşa bağlı olduğundan inzibati aktı mübahisənləndirmək üçün subyektiv hüquq qanunvericilik tərəfindən ona tanınmamışdır. Yəni ki iddia edilən hüquq iddiaçının mərhum ərinə eləcə də, xüsusi subyektlərə (müharibə veteranlarına) məxsus olduğundan iddiaçının iddia tələbi mümkün sayıla bilməz. Həmçinin onu da qeyd edirlər ki, müharibə veteranlarına verilən Prezident təqaüdünün müharibə veteranı vəfat etdikdə onun ailə üzvülərinə təyin edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. Odur ki, iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbini qəbul etmədi və etiraz ərizəsinin dəlillərini müdafiə edərək iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə xatırladır ki, istənilən inzibati işin mahiyyəti üzrə araşdırılmasından əvvəl, buna imkan verən iddianın mümkünlüyü şərtlərinin olub-olmadığı araşdırılmalıdır. Çünki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. («İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.1, 4.1, 4.2 və 5.1-ci bəndləri). İş materialları ilə müəyyən edilir ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx.xx.2014-cü il tarixdə ailə başçısını itirməyə gör əmək pensiyası təyin edilmişdir. İddiaçının mərhum əri X2 veteran statusu olduğu üçün hazırda iddiaçı veteranlar üçün müəyyən edilmiş Prezident təqaüdünün ona təyin edilmiş əmək pensiyasına əlavə edilməsinə nail olmağa çalışır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar. 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1.0.12. əmək pensiyasının sığorta hissəsi - fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. M a d d ə 4. Əmək pensiyasının növləri və tərkibi 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 4.4. Ailə başçısını itirməyə görə əmək pensiyası sığorta hissəsindən ibarətdir. «Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı: Bənd 1. Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği 80 manat müəyyən olunsun. Bənd 2. Müəyyən edilsin ki: bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Bənd 5. Bu Fərmanın 1-ci və 2-ci hissələri 2019-cu il aprelin 1-dən tətbiq edilir. Qanunvericiliyin tələbindən göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə iştirakçılarına həmin sosial müavinətin əvəzinə verilir. Məhkəmə sadalanan qanunvericilik normalarının tələblərini önə çəkərək hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları pozulmamışdır. Belə ki, müharibə veteranları üçün ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ailə başçısını itirməyə görə təyin edilmiş əmək pensiyasına əlavə edilməsi qanunla nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının ərizəsinin icrası cavabdeh orqan tərəfindən müsbət yöndə həll edilə bilinməmişdir. Yəni hər hansı hüquqpozma halı olmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarı: Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Bənd 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Odur ki, iddia tələbi mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-ProsessualMəcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «veteranlar üçün nəzərdə tutulan Prezident təqaüdünün əmək pensiyasına əlavə edilməsi» tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252)apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Əliyev
Məhkəmə qərarları › İş №2-1(114)-4504/2025
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4504/2025
16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver