Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4507/2025 14.08.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Daşkəsən Regional Təhsil İdarəsinə qarşı “rus dilli təhsil bölməsinə qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Giriş hissəsi: Hakim Hüseynov Nurəli Əvəz oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Hüseynova Aləmzər İlkin qızının katibliyi, İddiaçının qanuni nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Daşkəsən Regional Təhsil İdarəsinə qarşı “rus dilli təhsil bölməsinə qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə:
1. İddiaçı məxsus elektron informasiya məlumatlarına əsasən, xx.xx.2025-ci il tarixdə keçirilmiş müsahibənin nəticəsi “mühasibədən keçə bilmədi” olmuşdur.
2. 09.02.2019-cu il tarixli, AZ-İV 233823 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2019-cu il tarixdə anadan olmuş İddiaçı “atası” qrafasında Qanuni nümayəndə və “anası” qrafasında “X3” göstərilmişdir.
3. İddiaçı iddia ərizəs ilə xx.xx.2025-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixli, 01 saylı protokol qərarının ona aid hissədə ləğv edilməsini və onun Gəncə şəhəri M.Mehdizadə adına 4 saylı məktəbin rus dili bölməsinin 1-ci sinfinə qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
4. Tələb onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2025-ci il tarixdə 1-ci sinfə getmək üçün Gəncə şəhəri 29 saylı məktəbdə müsabiqə imtahanı vermişdir. İddiaçı qeyd edir ki, o, suallara tam cavab versə də, müsbət nəticə əldə olunmamışdır. İddiaçı aidiyyəti üzrə məktəbə müraciət edib imtahanın keçirildiyi kameraya baxmaq istədikdə, ona kamera göstərilmiş, lakin kameraya baxan zaman səs çıxmamışdır. Bildirmişlər ki, kamerada problem var. Ona görə də iddiaçı məhkəməyə müraciət etməli olmuşdur.
5. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış sənədlərə əsasən: - Protokol 1, xx.xx.2025-ci il tarixli müsahibəyə əsasən, 30-cu sırada yerləşən İddiaçı barəsində “qeyri-məqbul” nəticəyə gəlinmiş, protokol X4 tərəfindən imzalanmışdır. - Protokol 1, xx.xx.2025-ci il tarixli müsahibəyə əsasən, 30-cu sırada yerləşən İddiaçı barəsində “qeyri-məqbul” nəticəyə gəlinmiş, protokol X10 tərəfindən imzalanmışdır. - Protokol 1, xx.xx.2025-ci il tarixli müsahibəyə əsasən, 30-cu sırada yerləşən İddiaçı barəsində “qeyri-məqbul” nəticəyə gəlinmiş, protokol X13 tərəfindən imzalanmışdır. - Protokol 2, xx.xx.2025-ci il tarixli müsahibəyə əsasən, 30-cu sırada yerləşən İddiaçı barəsində “qeyri-məqbul” nəticəyə gəlinmiş, protokol üzv 1 X13, üzv 2 X10, üzv 3 X4 tərəfindən imzalanmışdır. - Protokol 2, xx.xx.2025-ci il tarixli müsahibəyə əsasən, 31-ci sırada yerləşən İddiaçı barəsində “qeyri-məqbul” nəticəyə gəlinmiş, protokol X11 tərəfindən imzalanmışdır. - Protokol 2, xx.xx.2025-ci il tarixli müsahibəyə əsasən, 31-ci sırada yerləşən İddiaçı barəsində “qeyri-məqbul” nəticəyə gəlinmiş, protokol X7 tərəfindən imzalanmışdır. - Protokol 2, xx.xx.2025-ci il tarixli müsahibəyə əsasən, 31-ci sırada yerləşən İddiaçı barəsində “qeyri-məqbul” nəticəyə gəlinmiş, protokol X8 tərəfindən imzalanmışdır. - Protokol 2, xx.xx.2025-ci il tarixli müsahibəyə əsasən, 31-ci sırada yerləşən İddiaçı barəsində “qeyri-məqbul” nəticəyə gəlinmiş, protokol üzv 1 X7, üzv 2 X8, üzv 3 X11 tərəfindən imzalanmışdır.
6. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış sənədlərə əsasən: - Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə X17-Daşkəsən Regional Təhsil İdarəsinin əmrinə əsasən, 2025/2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan İ siniflərə qəbulla bağlı uşaqların rus dili üzrə şifahi bacarıqlarının qiymətləndirilməsi üçün 2 (iki) müsahibə və apellyasiya komissiyaları təşkil olunmuş, X1 şəhər Konstantin Uşinski adına 29 nömrəli tam orta məktəbi psixoloqu komissiya tərkibi kimi müəyyən olunmuşdur.
7. Cavabdeh tərəfindən iddia tələbi ilə bağlı etiraz məhkəməyə daxil olmamışdır.
8. İddiaçının özü məhkəmə iclasında iştirak etməmiş, qanuni nümayəndəsi vasitəsi ilə təmsil olunmuşdur.
9. Məhkəmə iclasında iştirak etmiş iddiaçının qanuni nümayəndəsi iddia ərizəsində qeyd olunanlara oşxar izahat verərək, cavabdeh orqanın qərarı ilə razılaşmadığını, iddianın tam təmin edilməli olduğunu bildirmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək, təmsil etdiyi inzibati orqanın mövqeyinin əsaslı saydığını, görüntüdə səsin olmamasını texniki məsələ olduğunu, aradan qaldırılmasının mümkün olmadğını bildirmiş və iddianın təmin edilməməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
Əsaslandırma hissəsi:
11. İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur.
12. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır.
13. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir.
- Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 42.Təhsil hüququ İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. İV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir.
15. Azərbaycan Respublikasının “Təhsil haqqında" Qanunu Maddə 2. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Maddə 2.1. Təhsil haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, "Məktəbəqədər təhsil haqqında", "Ümumi təhsil haqqında", "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının qanunlarından, təhsil sahəsinə aid olan digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Maddə 5. Təhsil hüququna dövlət təminatı Maddə 5.4. Dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət orta ixtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Maddə 7. Tədris dili Maddə 7.1. Azərbaycan Respublikasının təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir. Maddə 7.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır. Maddə 7.3. Tədris dilini zəif bilən təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və təhsil proqramlarına uyğun hazırlıq sinifləri və kursları təşkil olunur. Maddə 14. Təhsil müəssisəsi Maddə 14.5.2. ümumi təhsil müəssisələri (ibtidai, ümumi orta və tam orta ümumtəhsil məktəbləri, lisey, gimnaziya, inteqrasiya təlimli ümumtəhsil məktəbi, xüsusi ümumtəhsil məktəbi, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi, internat tipli lisey, internat tipli gimnaziya, inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi, internat tipli xüsusi ümumtəhsil məktəbi, internat tipli sanator ümumtəhsil məktəbi və digər məktəblər) təhsil müəssisələrinin tiplərinə aiddir. Maddə 19. Ümumi təhsil Maddə 19.1. Ümumi təhsil təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir. Maddə 19.14. Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. Xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
16. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. ümumi təhsil - təhsilalanlara elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edən təhsil pilləsi; 1.0.3. ümumi orta təhsil - ümumi təhsilin icbari hesab olunan və məzunlarına təhsil haqqında dövlət sənədinin verilməsi ilə başa çatan səviyyəsi; Maddə 6. Tədris ili 6.1. Ümumi təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir. 6.2. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq, ümumi təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları və ya beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları əsasında digər dillərdə də aparıla bilər. 6.4. Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilirlər. 13.22. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdən-sinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 22.2. Ümumi təhsil sahəsində təhsilalanların aşağıdakı hüquqları vardır: 22.2.2. təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri (fakültativ kursları) sərbəst seçmək;...
17. Sadalanmış qanunvericiliyin müddəalarından göründüyü kimi, hər bir vətəndaş konstitusiya hüququ baxımından təhsil almaq hüququna malikdir. Təhsil qanunvericiliyində təhsilin formaları və növləri müəyyən edilmişdir ki, onlardan biri də ümumi təhsil hesab olunur. Bu təhsil pilləsində təhsilalanlar elmlərin ümumi əsaslarının öyrədilməsini, zəruri bilik, bacarıq və vərdişlərin aşılanmasını, onların həyata və əmək fəaliyyətinə hazırlanmasını öyrənirlər. Ümumi təhsilin birinci səviyyəsini ibtidai təhsil təşkil edir ki, bu təhsil səviyyəsinə uşaqlar 6 yaşları tamam olduqda qəbul olunurlar.
18. Nəzərə alınmalıdır ki, qüvvədə olan qanunvericilik təhsilalanlara ümumi təhsil sahəsində təhsil müəssisəsini, tədris dilini, xarici dili, tam orta təhsil səviyyəsində təhsilin təmayülünü, tədris olunan dərsdənkənar məşğələləri (fakültativ kursları) sərbəst seçmək hüququnu vermişdir. Lakin ümumi təhsil sahəsində tədris dilini seçmək təhsilalanın sərbəst seçimi olsa da, qanunvericilikdə, dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi imperativ qaydada nəzərdə tutulmuşdur. Bu müsahibənin keçirilməsi qaydası isə müvafiq olaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən olunur.
19. Azərbaycan Respublikası Elm və Təhsil nazirinin “2025/2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə” 14 aprel 2025-ci il tarixli 3-29/3-2-180F/2025 nömrəli əmrinə əsasən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə tapşırılmışdır ki: 3.1. 2025/2026-cı tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu üçün uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə peşəkar və səriştəli müəllimlərdən ibarət müsahibə və apellyasiya komissiyaları təşkil etsin; 3.2. şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələrin keçirilməsini təmin etsin.
20. Həmçinin, həmin əmrlə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün hazırlanmış meyarların təsdiq edilməsi və Dövlət ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə uşaqların qəbulu müsahibə komissiyalarının müsbət yazılı rəyi əsasında aparılması qərara alınmışdır.
21. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əmri ilə 2025/2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrində tədris digər dillərdə aparılan İ siniflərə qəbulla bağlı uşaqların rus dili üzrə şifahi bacarıqlarının qiymətləndirilməsi üçün 2 müsahibə və apellyasiya komissiyaları təşkil olunması əmr edilmişdir.
22. “2024/2025-ci tədris ili üzrə müsahibələrin keçirilməsi barədə Təlimat”a görə: - Müsahibələrlə bağlı regional təhsil idarələri tərəfindən aşağıdakı işlər görülməlidir: - RTİ-nin müvafiq əmri ilə vahid müsahibə və paralel olaraq apellyasiya komissiyaları yaradılmalıdır. Müsahibə komissiyasınn tərkibi müsahibə aparılan dildə tədris aparan, təcrübəli, pedaqoji bacarıqları yüksək, yaradıcı, səbrli, nəzakətli, uşaqlarla işləmə bacarığı olan 2 nəfər müəllimdən və rus dili biliklərinə malik 1 nəfər RTİ əməkdaşından ibarət olmalıdır. Həmçinin müsahibə prosesində rus dilli psixoloqun (qiymətləndirmədə iştirak etmir) da iştirakı mütləqdir. - Müsahibənin vaxtı 10 dəqiqədən artıq olmamalıdır. - Hər bir komissiya üçün ayrıca 1 otaq, videoçəkiliş üçün avadanlıq, hard disk, 1 ədəd notbook və uşaqların marağını, sərbəstliyini təmin etmək üçün müxtəlif ləvazimat və əşyalar (rəngli rəqəmlər, həndəsi fiqurlar, əvvəlcədən hazırlanmış rəngli şəkillər, yumşaq və bərk oyuncaqlar və s.) RTİ tərəfindən təmin edilməlidir. - Videoçəkiliş TEAMS platforması ilə yanaşı, videokamera ilə aparılmalı, hər bir uşağın müsahibə videosu yaddaşa yazılmalıdır və video yazılar arxivdə saxlanılmalıdır. Müsahibə videosu olmayan uşağın nəticəsi etibarsız hesab ediləcək.
23. Göründüyü kimi, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin “2025/2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulunun aparılması barədə” 14 aprel 2025-ci il tarixli 3-29/3-2-180F/2025 nömrəli əmrinə əsasən Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu üçün uşaqların həmin dil üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədilə peşəkar və səriştəli müəllimlərdən ibarət 2 (iki) müsahibə və apellyasiya komissiyalarının təşkil edilməsi; şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün müsahibələrin keçirilməsinin təmin edilməsi; Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə uşaqların qəbulunun müsahibə komissiyasının müsbət yazılı rəyi əsasında aparılması əmr edilmişdir.
24. Həmin 1 nömrəli müsahibə komissiyası tərəfindən təlimat əsasında Gəncə- Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə uşaqların qəbulu üzrə iddiaçının sual-cavab şəklində müsahibəsi həyata keçirilmiş, müsahibənin nəticəsində iddiaçı Komissiya tərəfindən 5 meyarın hər biri üzrə (1. Fikrə münasibət bildirir; 2. Ünsiyyət zamanı fikrini sərbəst ifadə edir; 3. Ünsiyyət zamanı nitq etiketlərindən yerində istifadə edir; 4. Özü, ailəsi və vətəni haqqında məlumat verir; 5. Təqdim etdiyi şəkil və ya hadisə haqqında danışır və ya şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur) cavabı mənfi qiymətləndirilmiş və yekunda İddiaçı nəticəsi qeyri-məqbul hesab edilmişdir.
25. Məhkəmə xüsusilə qeyd edir ki, təhsil almaq istəyən şəxsin rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi cavabdeh inzibati orqanın diskresion səlahiyyətlərinə aid məsələ olmuşdur.
26. İnzibati Prosessual Məcəlləyə görə: Maddə 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda.
27. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyətin həyata keçirilməsi inzibati orqanların icra hakimiyyəti orqanları qismində fəaliyyəti çərçivəsində ilkin vəzifəsi və hüququ sayılır. Əgər məhkəmə inzibati orqanın qərarını qanunsuz hesab edirsə, onda o, elə hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. Məhkəmə inzibati orqanın diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. Başqa sözlə, məhkəmə yalnız inzibati orqanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Çünki məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşır.
28. Bununla yanaşı, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda da tam sərbəst deyildir. Əksinə, inzibati orqan diskresion səlahiyyəti düzgün həyata keçirmək öhdəliyi daşıyır və bu səbəbdən maraqlı şəxs inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququna malikdir ("İnzibati icraat haqqında" Qanunun 16.2-ci maddəsi).
29. Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini dəqiqliklə yoxlayır. Belə yoxlama zamanı müəyyən edilmişdir ki, 1 nömrəli müsahibə komissiyası tərəfindən 20 may 2025-ci il tarixdə İddiaçı ilə aparılmış müsahibənin videogörüntüsü mövcud olsa da, vidiogörüntüdə heç bir səs eşidilmir
30. Cavabdehin nümayəndəsi texniki nasazlıq səbəbindən müsahibənin videogörüntüsündə səsin olmadığını bildirmişdir.
31. 1 nömrəli müsahibə komissiyasının yekun qərarından iddiaçının valideyninin verdiyi apellyasiya şikayətinə 27 may 2025-ci il tarixdə baxılan zaman həmin müsahibənin videogörüntüsündə səsin olmadığı aşkar edilmiş, yenidən sual-cavab formasında 5 meyarın hər biri üzrə (1. Fikrə münasibət bildirir; 2. Ünsiyyət zamanı fikrini sərbəst ifadə edir; 3. Ünsiyyət zamanı nitq etiketlərindən yerində istifadə edir; 4. Özü, ailəsi və vətəni haqqında məlumat verir; 5. Təqdim etdiyi şəkil və ya hadisə haqqında danışır və ya şəkil üzrə 3-5 cümlədən ibarət qısa mətn qurur) qiymətləndirmə aparılmış və nəticədə qeyriməqbul qərarı qəbul edilmişdir.
32. Halbuki, “2024/2025-ci tədris ili üzrə müsahibələrin keçirilməsi barədə Təlimat”ın tələblərinə görə, müsahibələrlə bağlı yaradılmış hər bir komissiya üçün ayrıca 1 otaq, videoçəkiliş üçün avadanlıq, hard disk, 1 ədəd notbook və uşaqların marağını, sərbəstliyini təmin etmək üçün müxtəlif ləvazimat və əşyalar (rəngli rəqəmlər, həndəsi fiqurlar, əvvəlcədən hazırlanmış rəngli şəkillər, yumşaq və bərk oyuncaqlar və s.) təmin edilməli olması, videoçəkilişin TEAMS platforması ilə yanaşı, videokamera ilə aparılmalı və hər bir uşağın müsahibə videosunun yaddaşa yazılmalı, video yazıların arxivdə saxlanılmalı olması, xüsusilə müsahibə videosu olmayan uşağın nəticəsinin etibarsız hesab ediləcəyi ilə bağlı göstəriş olmuşdur.
33. Məhkəmə vidiogörüntüdə səsin olmamasını "2024/2025-ci tədris ili üzrə müsahibələrin keçirilməsi barədə Təlimat”ında əks olunan vidiogörüntünün olmaması kimi qiymət verir. Çünki məhkəmə qərar qəbul edərkən, imtahanda iştirak edən uşağın verdiyi cavablara əsalanır. Lakin təqdim edilmiş vidiogörüntü ilə cavabın verilməsi və ya verilməməsini müəyyən etmək mümkün olmamışdır.
34. Cavabdehin nümayəndəsi iclas zamanı ilkin müsahibə komissiyasının apardığı müsahibənin nəticəsində şikayət daxil olan zaman apellyasiya komissiyasının görüş təyin edərək, uşağın və valideynin iştirakı ilə həmin müsahibənin videogörüntüsünə baxaraq, yekun qərar qəbul etdiyini, lakin texniki nasazlıq və ya bu kimi digər səbəblərdən videogörüntü olmadığı halda apellyasiya komissiyasının yenidən uşağı müsahibəyə cəlb etmək səlahiyyətinə malik olduğu və buna müvafiq olaraq da valideynin şifahi razılığı əsasında iddiaçının barəsində yenidən müsahibə götürməklə qeyri-məqbul qərarının qəbul edildiyini bildirmişdir.
35. Məhkəmə bununla bağlı qeyd edir ki, əvvəla, apellyasiya komissiyasının belə bir səlahiyyətinin olmasına dair cavabdeh tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Digər tərəfdən,“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, apellyasiya komissiyası müsahibə komissiyalarının qərarlarından şikayət instansiyası olaraq şikayət olunan aktın qanunauyğunluğu və məqsədəuyğunluğunu araşdırmalı idi. Bu zaman, videogörüntü olmadığı üçün aktın qanunauyğunluğu və məqsədəuyğunluğunu araşdırmaq mümkün olmadığından onun nəticəsi ya etibarsız hesab (ləğv) edilməklə, yeni akt qəbul edilməli, ya da yenidən müsahibə götürülməsi üçün müsahibə komissiyasına göndərilməli idi.
36. Lakin işin hallarından məlum olur ki, apellyasiya komissiyası 20 may 2025-ci il tarixdə keçirilmiş müsahibənin nəticəsini etibarsız saymadan, bununla bağlı hər hansı protokol-qərar qəbul etmədən yenidən qiymətləndirmə aparmışdır.
37. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan apardığı qiymətləndirmə zamanı diskresion səlahiyyətini düzgün həyata keçirməmiş, cavabdeh inzibati orqan tərəfindən inzibati icraat düzgün aparılmamışdır.
38. Bu səbəbdən, iddia tələbi qismən təmin edilməlidir.
39. İddianın iddiaçının Gəncə şəhəri M.Mehdizadə adına 4 saylı məktəbin rus dili bölməsinin 1-ci sinfinə qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsi hissəsi yenidən keçiriləcək müsabiqənin nəticəsindən asılı olduğundan təmin edilməməlidir.
40. İPM-ə görə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
41. Aərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:
İddia qismən təmin edilsin.
2025/2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin tədris digər dillərdə aparılan birinci siniflərinə şagird qəbulu zamanı rus dili üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi məqsədi ilə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nəzdində yaradılmış 1 nömrəli müsahibə komissiyasının xx.xx.2025-ci il tarixli 2 nömrəli protokolqərarı İddiaçı aid hissədə ləğv edilsin. Müsahibə qaydalarının tələblərinə əməl edilməklə İddiaçı barəsində yenidən müsahibə keçirilməsi öhdəliyi Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X9-Daşkəsən Regional Təhsil İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilə bilməz.
Hakim Nurəli Hüseynov