Məhkəmə qərarları › İş №2-1(114)-451/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-451/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-451/2021 13.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Ş.Bahəddin küçəsində yerləşən 2 saylı “Ekspress” kafesinin sökülməsinə görə vurulmuş maddi ziyan üçün 640.000 (altı yüz qırx min) manat kompensasiyanın ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonar mətndə iddiaçı) Cavabdehnə (bundan sonar mətndə cavabdeh) qarşı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuş 240.000 (iki yüz qırx min) manat dəyərində (xx.xx.2011-ci il tarixə bazar qiyməti ilə) “Ekspress” kafesinin əvvəlki yerində və ölçüsündə bərpa olunmasına dair sərəncamın verilməsi və ölçüsündə bərpa olunması və ona vurulmuş 336.000 (üç yüz otuz altı min) manat məbləğində maddi zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2-1(114)- 56/2020 nömrəli qərar ilə İddiaçı Cavabdehnə qarşı zərərin ödənilməsi tələbinə dair iddia təmin edilməmişdir. İddiaçı Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2- 1(114)-56/2020 nömrəli qərardan Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermiş, Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 2- 1(104)-755/2020 nömrəli qərardad ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(114)-56/2020 nömrəli qərarı ləğv edilmiş və inzibati iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi (vəkili) X5 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Ş.Bahəddin küçəsində yerləşən 2 saylı “Ekspress” kafesinin sökülməsinə görə vurulmuş maddi ziyan üçün 640.000 (altı yüz qırx min) manat kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 2-1(114)- 451/2021 nömrəli qərardad ilə İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Ş.Bahəddin küçəsində yerləşən 2 saylı “Ekspress” kafesinin sökülməsinə görə vurulmuş maddi ziyan üçün 640.000 (altı yüz qırx min) manat kompensasiyanın ödənilməsi barədə iddianın dəqiqləşdilməsinə dair iddiaçının nümayəndəsinin (vəkilinin) ərizəsi inzibati məhkəmə icraatına qəbul edilmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Karl Marks küçəsi (həmin küçə sonralar Əlibəy Hüseynzadə adlandırılmışdır, hazırda Şeyx Bahəddin adlandırılır) Gəncə şəhəri Əhaliyə Məişət Xidmətinin balansında olan ayaqqabı təmiri və tikişi pavilyonu Gəncə şəhəri İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli sərəncamı ilə Gəncə şəhəri X10 balansına keçirilmişdir. Gəncə şəhəri X14 üzrə xx xxxxxx 1994-cü il tarixli 95 nömrəli əmrlə fabrik mətbəxinin nəzdindəki 2 nömrəli təcili xidmət kafesi müstəqil iaşə müssisəsinə çevrilmişdir. Gəncə şəhəri İctimai İaşə müəssisəsi 2 nömrəli Ekspres kafesi Azərbaycan Respublikası Ədliyyə Nazirliyində xx xxxxxx 1993-cü ildə qeydiyyata alınıb, 459 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə həmin kafedən ticarət və ictimai iaşə obyektindən istifadə hüququ təsdiq edən sənəd kimi hüquq verdiyndən Gəncə şəhəri Texniki İnventarlaşdırma Bürosu tərəfindən həmin obyektə xx.xx.1995-ci il tarixdə texniki pasport verilmişdir. Qeyd olunan obyekt və onun torpaq sahəsi özəlləşdirilmişdir. Həmin obyekt və onun yerləşdiyi torpaq sahəsi 1-ci kateqoriyalı yerdə yerləşir və iddiaçı 43 həmin obyektdə işləmişdir. Pasporta ümumi sahə kimi 57.4 kv.m, 20.0 kv.m sahənin boş sahə olduğu göstərilmiş, 44.8 kvm satış zalının arası pərdə ilə örtülərək, 22.4 kv.m satış, 22.4 kv.m anbar kimi istifadə olunması göstərilmişdir. Tikinti altı sahəsi 15.9 metr x 5.7 metr göstərilmişdir. Əmlakın texniki inventarlaşdırılması bürosu tərəfindən həmin obyektə verilən xx xxxx 2006-cı il tarixli pasportda həmin tikintinin ümumi sahəsinin 83.2 kvm, satış sahəsinin 58.4 kv.m, köməkçi sahənin 24.8 kv.m, tikinti altı sahənin 88.2 kv.m olması göstərilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsi ilə bağlanmış xx.xx.2006-cı il tarixli müəssisənin (obyektin) alqı-satqısına dair 387 nömrəli müqaviləyə əsasən obyekt ona 2004 manata satılmış və müvafiq şəhadətnamə verilmişdir. İddiaçı xx.xx.2006-cı il tarixdən həmin obyekti işlətməklə ayda 3500 manat qazancı olmuşdur. Lakin 2011-ci ilin aprel ayında Cavabdeh tərəfindən həmin obyekt heç bir qanuni sənəd olmadan içərisində olan bütün avadanlığı, əmlakı ilə darmadağın edilmişdir. 2011-ci il tarixdən 8 il ərzində hər ay həmin obyektdən 3500 manat qazanc götürməklə ildə 42.000 manat hesabı ilə ona 336.000 (üç yüz otuz altı min) manat birbaşa ziyan vurulmuşdur. Bu təkcə ona vurulmuş ziyanın həmin obyektdən götürdüyü qazanca görə hissəsidir. İddiaçı obyektin özünü dəfələrlə təmir etdirmiş, orada yenidənqurma işləri aparmış, obyekt dağıdılarkən qeyd etdiyi kimi içərisində obyektə aid avadanlığı və digər əmlakı olmuşdur. Göstərilən əsaslarla iddiaçı hesab edir ki, Cavabdeh tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Ş.Bahəddin küçəsində yerləşən 2 saylı “Ekspress” kafesinin sökülməsinə görə vurulmuş maddi ziyan üçün 640.000 (altı yüz qırx min) manat kompensasiya ona ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxx 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. İddiaçı, iddiaçının nümayəndəsi (vəkili) X5 və cavabdehin nümayəndəsi X3 məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak etmiş İddiaçı və onun nümayəndəsi (vəkili) X5 ayrıayrılıqda iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişlər. İddiaçı həmçinin bildirmişdir ki, Prezident Administirasiyasına göndərilmiş ərizə onun tərəfindən göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi qeyd etmişdir ki, iddiaçı tərəfindən Prezident Administirasiyasına ərizə ilə müraciət olunmuş və həmin ərizə baxılması üçün Cavabdehnə göndərilmişdir. Nəticədə iddiaçıya xx.xx.2020-ci il tarixli, N-18/16-008/5 nömrəli məktub göndərilmişdir. Həmin məktubun başlığında iddiaçının müraciəti əks olunmuş və sonradan iddiaçının hüquqları izah edilmişdir. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - “Daşınmaz əmlakın hüquqi və fiziki şəxslərə satılmasına dair” xx.xx.2006-cı il tarixli, 000198 qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, Gəncə şəhəri, Şeyx Bahiyyədin küçəsi ünvanında yerləşən 2 saylı “Ekspress” kafesi qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı tərəfindən satın alınmış, əmlakın ümumi satış qiyməti 2004.0 manat olmuşdur. - “Özəlləşdirilən müəssisə və obyektlərin, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair” xx.xx.2007ci il tarixli, 000301 qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, Gəncə şəhəri, Şeyx Bahiyyədin küçəsi ünvanında yerləşən 2 saylı “Ekspress” kafesinin yerləşdiyi 88.2 kv.m olan torpaq sahəsi qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı tərəfindən satın alınmış, torpaq sahəsinin ümumi satış qiyməti 110.25 manat olmuşdur. - “Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair” xx.xx.2011-ci il tarixli, 01/7021 nömrəli arayışdan görünür ki, X9 Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı ünvan 1 ünvanında yerləşən 2 saylı “Ekspress” kafesi qiymətləndirilmiş və xx.xx.2011-ci il tarixə obyektin bazar qiyməti 240.000 manat müəyyən edilmişdir. - Cavabdeh başçısı Aparatının xx.xx.2019-cu il tarixli 19/2-150 nömrəli məktubun surətindən görünür ki, İddiaçı məxsus qeyriyaşayış sahəsinin sökülməsi ilə əlaqədar Cavabdeh tərəfindən hər hansı bir qərar verilməmişdir. - Cavabdeh xx.xx.2020-ci il tarixli, N-18/16-008/5 nömrəli məktubu. - İddiaçı tərəfindən Prezident Administirasiyasına ünvanlanmış ərizə. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Gəncə şəhəri, Şeyx Bahiyyədin küçəsi ünvanında yerləşən 2 saylı “Ekspress” kafesinin yerləşdiyi 88.2 kv.m olan torpaq sahəsi, eləcə də torpaq sahəsində yerləşən 2 saylı “Ekspress” kafesi qanunvericiliklə müəyyən edilmiş qaydada İddiaçı tərəfindən satın alınmışdır. İddiaçı hazırda ona məxsus obyektin məhz Cavabdeh tərəfindən söküldüyünü iddia edərək ona vurulmuş zərərin ödənilməsini tələb edir. Məhkəmə iclası zamanı tərəflərin və şahidlərin izahatları ilə, eləcə də Gəncə şəhərinin planından çıxarışın surəti ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus olmuş mübahisəli obyekt Gəncə Mehmanxanasının arxa hissəsində yerləşmiş, yəni obyektin kənar divarları həmin mehmanxananın divarları ilə eyni sıra xəttində olmuş və yol kənarına hər hansı çıxıntısı olmamışdır. Bu isə sözügedən obyektin cavabdeh orqan tərəfindən hansısa abadlıq işlərinə görə sökülməsi ehtimalını istisna edir. Başqa sözlə mübahisəli obyektə bitişik olan mehmanxananın hazırda da həmin ünvanda mövcudluğu sözügedən ərazidə cavabdeh orqan tərəfindən abadlıq işləri ilə əlaqədar sökülmə işlərinin həyata keçirilmədiyini deməyə əsas verir. Qeyd olunmalıdır ki, məsuliyyətin yaranması üçün ilk növbədə ziyan və onun hüquqa zidd hərəkət nəticəsində vurulması, eləcə də hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Bu şərtlər tam ödənildikdə məsuliyyət yaranmış olur. Eyni zamanda vurulmuş zərərin yaranmasının əsasında cavabdeh şəxsin təqsirli hərəkəti dayanmalı və məsuliyyət də bu təqsirə görə yaranmalıdır. Mübahisəli obyektin sökülməsi ilə bağlı Cavabdeh tərəfindən hər hansı bir göstəriş verilməsi məhkəmə qaydasında öz təsdiqini tapmamış, iddiaçı bu barədə sübut təqdim edə bilməmişdir. Hazırki iş üzrə iddiaçıya məxsus obyektin real olaraq mövcud olmaması iddiaçıya dəymiş ziyanın mövcudluğunu təsdiq etsə də, ziyanın vurulmasında cavabdeh orqanın təqsirli hərəkətinin olması məhkəmə qaydasında sübuta yetirilməmişdir. Məhkəmə qeyd edilən halları araşdırıb müəyyən etmək üçün məhkəmə iclasında şahidlər X4 və X6 dindirilmişdir. Şahid qismində dindirilən X4 ifadəsində qeyd etmişdir ki, kafedə işləmir, həmin kafenin qonşuluğunda yaşayır. 2 saylı “Ekspress” kafe kimi fəaliyyət göstərib. Sözügedən kafe dağıdılanda o, orada olmuş, dağıntının şahidi olmuşdur. İcra Hakimiyyətinin işçiləri ilə polis əməkdaşları birgə gəlmiş, 2 saylı “Ekspress” kafesini içərisindəki əşyalar ilə birlikdə dağıtmışlar. 2 saylı “Ekspress” kafesi dağıdılan zaman İddiaçı orada olmamışdır. 2 saylı “Ekspress” kafesinin dağıdılma tarixi dəqiq yadında deyil. 2 saylı “Ekspress” kafesini sökənlərin İcra Hakimiyyətinin işçilərinin olub-olmamasını dəqiq bilmir, ətrafda olan camaat İcra Hakimiyyətinin işçilərinin sökdürdüyünü demişdir. İddiaçı ilə “Gəncə” Mehmanxanasının sahibi olan Arif adlı şəxsin arasında olan konfilktdən xəbəri yoxdur, lakin aralarında narazılığın olması barədə eşitmişdir. Şahid qismində dindirilən X6 ifadəsində qeyd etmişdir ki, sözügedən kafe sökülənədək orada işləmişdir. Onları kafedən çölə çıxardıb, ərazidən uzaqlaşdırıb, söküntü işlərinə başlamışlar. Kafe sökülən zaman orada İcra Hakimiyyətinin işçiləri ilə polis əməkdaşları olmuşdur. Söküntünün vaxtı dəqiq yadında deyil. Kim tərəfindən sökülməsini dəqiq bilmir, lakin camaat kənardan icra hakimiyyətinin işçiləri olduğunu demişlər. İddiaçı ilə Arif adlı şəxsin ədavətlərinin olduğunu eşitmişdir. İddiaçı ilə Arif adlı şəxsin ədavətlərinin səbəbi başqa əmlak sahəsinə görə yaranıb. Sözügedən kafe heç bir yol kənarına və yaxud dövlət əhəmiyyətli bir plana düşmür. Söküntü işləri aparılanadək onlara söküntü işlərinin aparılması ilə bağlı rəsmi və ya qeyri-rəsmi heç bir xəbərdarlıq olunmayıb. Məhkəmə iclasında şahid qismində dindirilən şəxslərin ifadsindən müəyyən olunur ki, onların heç biri dəqiqliklə İcra Hakimiyyəti işçiləri tərəfindən kafenin sökülməsini sübuta yetirə bilmirlər və kafenin İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sökülməsini məsələsində yalnız fərziyyələrə əsaslanmışlar. Həmçinin ifadələrində “Gəncə” Mehmanxanasının sahibi Arif adlı şəxslə iddiaçının ədavətlərinin, yəni aralarında dəfələrlə kafe barədə narazılıqların olduğunu bildirmişlər. Bundan əlavə məhkəmə araşdırma aparan zaman müəyyən etmişdir ki, Gəncə Apelyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli qərarda məhkəməyə yenidən işə baxan zaman iddiaçıya ünvanlanmış Cavabdeh xx.xx.2020-ci il tarixli, N- 18/16-008/5 saylı məktubunun araşdırılması tövsiyyə olunmuşdur. Belə ki, bu hal ilə əlaqədar məhkəmə tərəfindən Cavabdehnə sorğu edilmiş və nəticədə İcra Hakimiyyətinin nümayəndəsi məhkəməyə İddiaçı tərəfindən tərtib edilərək Prezident Administirasiyasına göndərilmiş ərizəni təqdim etmiş və bildirmişdir ki, məhkəmə tərəfindən araşdırılan xx.xx.2020-ci il tarixli məktub İddiaçı müraciət ilə əlaqədar ərizəyə ünvanlanmışdır. Məhkəməyə təqdim edilmiş İddiaçı tərəfindən Prezident Administirasiyasına ünvanlanmış ərizədən müəyyən olunur ki, İddiaçı özü ərizəsində ona məxsus olan torpaq sahəsində “Ekspres” kafesinin dağıdılması ilə əlaqədar qeyd etmişdir ki, kafe “Gəncə” Mehmanxanasının sahibi və onun qohumu tərəfindən abadlıq işləri görülməsi məqsədi ilə sökülmüş və yerində ağac, gül əkilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırılma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçirəcəkləri ərazinin planlaşdırılması sənədlərinə, habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”na uyğun hazırlanmış, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təsdiq edilmiş “Şəhərsalma əsaslandırılması layihəsi”ni, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin şəhərsalma əsaslandırılmasına uyğunluğu barədə rəyi, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 103.1.6-cı yarımbəndində qeyd edilən Tikinti Dövlət reyestri tərəfindən verilmiş kodu İddiaçı tərəfindən Memarlıq və tikinti şöbəsinə təqdim edildikdən sonra İddiaçı xahişinə baxıla bilməsi qeyd edilmişdir. Bundan əlavə məhkəmə araşdrıması nəticəsində İddiaçı sübut növü kimi məhkəməyə tərəfindən müxtəlif dövlət orqanlarına ünvanlanmış ərizə təqdim etmişdir. Qeyd edilən ərizə araşdırılan zaman müəyyən edilmişdir ki, iddiaçı özü qeyd etmişdir ki, ona məxsus “Ekspres” kafesi “Gəncə” Mehmanxanasının direktoru Arif adlı şəxs və onun kürəkəninin təhriki ilə Cavabdeh rəhbərliyi tərəfindən dağıdılmışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacı üçün mülkıyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Məhəkəmə tərəflər tərəfindən məhkəməyə təqdim edilmiş sübutları araşdırıb onlara qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən təqdim edilmiş sübutlar onun tərəfindən iddia olunan tələbin təmin olunması üçün əsas ola bilməz və bu səbəbdən də, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 70, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən Gəncə şəhəri, Nizami rayonu, Ş.Bahəddin küçəsində yerləşən 2 saylı “Ekspress” kafesinin sökülməsinə görə vurulmuş maddi ziyan üçün 640.000 (altı yüz qırx min) manat kompensasiyanın ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar