Məhkəmə qərarları › İş №2-1(114)-4517/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-4517/2025

08.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-4517/2025 08.12.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ X13 Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Gəncə şəhər Qeydiyat Şöbəsinə qarşı «nikah və ölüm haqqında akt qeydlərinə düzəliş edilməsi» tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin binasında şifahi dinləmələr qaydasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə şəhər Qeydiyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, anası X5 doğum haqqında şəhadətnaməsinin ata qrafasında X1 düzəliş edilməsi barədə məhkəmə aktı çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü ildə vəfat etmiş mərhum anası X5 vəfatından sonra miras qalmış əmlaklara dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsinə nail ola bilməmişdir. Miras əmlaklara dair sənədləri toplayaraq 1 saylı Notariat ofisinə müraciət etmiş və məlum olmuşdur ki, anasına məxsus doğum haqqında şəhadətnamənin “ata” qrafasında uyğunsuzluq aşkar edilmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməyim məsləhət görülmüşdür. Əslində ana atasının adı Zeynal, soyadı Zeynalabdinzadə, ata adı isə Zeynalabdindir. Qeyd olunan yanlışlıqların aradan qaldırılması üçün cavabdeh orqana müraciət etmiş, lakin düzəliş edilməsi mümkün olmadığı üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra İddiaçı oğlu iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, babasının nikah və ölüm haqqında akt qeydlərində adının “Zeynalabdin”-dən “Zeynal”a düzəliş edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən iddia tələbinə dair hər hansı etiraz məhkəməyə ünvanlanmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iddia tələbini qəbul etdiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qərarın çıxarılmasına etirazının olmadığını bildirdi. Məhkəmə araşdırmasının predmetini Cavabdeh xx.xx.2025-ci il tarixli imtina məktubu, iddiaçının anasına məxsus xx.xx.2024-cü il tarixli, AZ-İİ №443425 nömrəli ölüm haqqında şəhadətnamənin surəti, iddiaçının anasına məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surəti, Kəpəz rayon Xalq Məhkəməsinin 2-318 nömrəli, 1985-ci il tarixli qətnaməsi, iddiaçının anasına məxsus AЗ №1727541 nömrəli doğum haqqında şəhadətnamə, Cavabdeh xx.xx.2025-ci il tarixli məktubuna əlavə olunmuş sənədlər, iddiaçının anasına məxsus fərdi uçot kartoçkasından çıxarış, iddiaçının babasına məxsus xx.xx.1962-ci il tarixli, 25 nömrəli ölüm akt qeydi və xx.xx.1985-ci il tarixli, 5 nömrəli nikah akt qeydi təşkil etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir. İddia üzrə Cavabdeh (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbəsləri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir. İddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.3 inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 8.1.2 mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur Maddə 34.1 Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh yerləşdiyi Gəncə şəhəri «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası»nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019-cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (İnzibati Prosessual Məcəllənin 58.1 və 58.7-ci maddələri). İşdə olan sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçının mərhum babası X4 və nənəsi X10 ilə 1948-ci ildən 1962-ci ilədək faktiki nikahda olmuşlar. Daha sonra Kəpəz rayon Xalq Məhkəməsinin qətnaməsi ilə onların faktiki nikah münasibətində olma faktı müəyyən edilmişdir. Həmin qətnamə əsasında xx.xx.1985-ci il tarixdə 5 nömrəli nikah haqqında akt qeydi tərtib edilmişdir. Lakin, nikah haqqında xx.xx.1985-ci il tarixli 05 nömrəli akt qeydində babasının adı “Zeynalabdin”, ata adı isə “Zeynal” kimi qeyd edilmişdir. Eyni zamanda, iddiaçının babası X3 məxsus ölüm haqqında akt qeydində də adı “Zeynalabdin”, ata adı isə “Zeynal” kimi qeyd edilmişdir. İddiaçı nikah haqqında akt qeydinə və ölüm haqqında akt qeydinə düzəliş edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin həmin orqan iddiaçının ərizəsinin müsbət yöndə icrasından imtina etmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən» Əsas Müddəalar: Bənd 1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyadı dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını dəyişdirdikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Məhkəmə qeyd edir ki, iş materiallarında olan müvafiq dövlət orqanları tərəfindən iddiaçının mərhum babası X3 verilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının mərhum babasının adı Zeynal, soyadı Zeynalabdinzadə, ata adı Zeynalabdindir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçının mərhum babası X3 aid nikah haqqında akt qeydində və ölüm haqqında akt qeydində iddiaçının mərhum babasının adı “Zeynalabdin” kimi qeyd olunsa da əslində onun adı “Zeynal”dır. Hansı ki, bu hal həmin şəxsin övladlarına məxsus doğum akt qeydləri ilə təsdiqin tapır. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçının babası X3 aid nikah və ölüm haqqında akt qeydlərində səhvə yol verilmiş və adı düzgün qeyd edilməmişdir. Sadalananlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı mərhum babası X2 xx.xx.1962-ci il tarixli, 25 nömrəli ölüm haqqında akt qeydində və xx.xx.1985-ci ildə tərtib edilmiş 05 nömrəli nikah haqqında akt qeydində adının “Zeynalabdin”-dən “Zeynal”-a düzəliş edillməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fərid Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar