Məhkəmə qərarları › İş №2-1(114)-452/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-452/2021

12.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-452/2021 12.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissəyə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı əmrin ləğv edilməsi və hərbi xidmətə bərpa olunma tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin 1-ci taboru komandiri mayor Əhəd Quliyevin həmin hərbi hissənin komandirinə 27.03.N0-ci il tarixli raportundan görünür ki, Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanın göstərişinə uyğun olaraq koronavirusa qarşı profilaktik tədbirlərin görülməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin 30.01.N0-ci il tarixli 32 nömrəli sərəncamına, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 27.02.N0-ci il tarixli 3 nömrəli sərəncamına, N nömrəli hərbi hissə komandirinin 02.03.N0-ci ilı tarixli 84 nömrəli əmrinə əsasən xüsusi rejimli karantin elan olunmasına baxmayaraq 1-ci taborun maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsü, baş çavuş İddiaçı tələbləri kobud şəkildə pozaraq xidməti yerini özbaşına tərk etmişdir. Bu faktla əlaqədar olaraq “Hərbi vəzifə və hərbi xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, hərbi xidmətdən ehtiyata buraxılması barədə sərəncam verilməsi xahiş olunmuşdur. İddiaçı 193 saylı Hərbi Hissə komandirinin 29.03.N0-ci il tarixli, N7ƏÇ nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 193 saylı Hərbi Hissəyə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı 193 saylı Hərbi Hissə komandirinin 29 mart N0-ci il tarixli qərarının ləğv edilməsi, onun hərbi xidmətinə bərpa olunması və ona dəymiş zərərin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə buraxılmış prosessual müddətin bərpası haqqında ərizə təqdim edərək, iddia tələbi üzrə iddia ərizəsinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsi Məhkəməsinin 17.09.N0-ci il tarixli, 2-1(114)-1238/N0 nömrəli qərardadı ilə buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissəyə (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı əmrin ləğv edilməsi, hərbi xidmətə bərpa olunması və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin 03.11.N0-ci il tarixli, 2-1(1N)-725/N0 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsi Məhkəməsinin 17.09.N0-ci il tarixli, 2-1(114)-1238/N0 nömrəli qərardadı ləğv edilərək inzibati iş növbəti prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissə komandirinin 29.03.N0-ci il tarixli, N7ƏÇ nömrəli əmrinin ləğv edilməsi və hərbi xidmətinə bərpa olunmasına dair qərar çıxarılmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, 11.01.2002-ci il tarixdən 05.06.2003-cü il tarixədək Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətini keçmişdir. Müddətli həqiqi hərbi xidmətini bitirdikdən sonra 28.10.2005-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Silahlı Qüvvələr Təlim və Tədris Mərkəzində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kursunu bitirmiş və 28.10.2005-ci il tarixdə N nömrəli hərbi hissədə mina atan komandiri vəzifəsinə təyin olunmuş, 28.10.2005-ci il tarixdən bugünki günədək Tovuz rayonunda ön xətdə yerləşən postlarda müxtəlif vəzifələrdə xidmət etmişdir. Eyni zamanda 2016-cı ildə aprel döyüşləri gedən zamanda qeyd etdiyi kimi ön xətdə vəzifə borcunu yüksək səviyyədə yerinə yetirmişdir. 17.03.2013cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi yubiley medalı ilə, 24.06.2018-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi yubiley medalı ilə, 26.06.2019-cu ildə isə “Qüsursuz Xidmətə Görə 3-cü dərəcəli medal” ilə təltif olunmuşdur. Xidmət dövründə isə yuxarı komandanlıq tərəfindən dəfələrlə “Təşəkkür” ilə həvəsləndirilmişdir. 2019-cu ilin yekunlarına görə isə xidmətdə fərqləndiyinə görə əlavə olaraq yenə “Təşəkkür” ilə həvəsləndirilmişdir. Bütün bunları yazmaqda məqsədi 2005-ci ildən bugünədək onun xidməti haqqında qısa məlumat verməkdir. İddia ərizəsi ünvanlamağında səbəb isə 28.03.N0-ci il tarixdə xidmətində yaşadığı problem və onun ordudan tərxis olunması ilə nəticələnən hadisədir. Belə ki, 28.03.N0-ci il tarixdə ona təhkim olunmuş Ç 313 QQ nömrəli Kamaz markalı avtomobil ilə təyin olunmuş postlara su təminatını yerinə yetirdikdən sonra saat 20:00-da işini tamamlayaraq avtomobili park yerinə təhvil vermişdir. Daha sonra atasının (atası X7 ürək damar və yüksək təziq xəstəsidir) sağlamlığında problem yaşandığı üçün (təzyiqi yüksəlmişdir və həkim çağırılmasına ehtiyac duyulmuşdur, daha əvvəldə eyni problem olmuş və təzyiqi qalxdığı üçün baş beyin hissəsində damarlar zədələnmiş və aylarla yataq xəstəsi olaraq qalmışdır) tabor komandiri mayor Əliyev Əhədin icazəsi ilə evinə dönmüşdür. O, evə gəldikdən sonra hərbi hissədə toplanış elan edilmişdir, lakin o, tabor komandiri tərəfindən icazəli olduğu üçün kimsə heç bir məlumat verməmişdir. Gecə N:00 radələrində isə hərbi hissədən yoxlama gəlmiş və onun ştat yerində olmadığını qeyd etmişlər. Sabahı günü 29.03.N0-ci il tarixdə isə ona N nömrəli hərbi hissə komandirinin əmri ilə Azərbaycan Ordusunun sıralarından tərxis edildiyi məlumatı verilmiş, 02.N.N0-ci il tarixdə Tovuz rayon SHXÇDX İdarəsinə getməyi üçün təyinat vərəqəsi verilərək «Hərbi Xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxıldığını bildirmişlər. Qeyd etdiyi kimi toplanış barədə ona heç bir məlumat verilməmiş və intizam xətası törətmiş olsa belə, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 saylı qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 50-ci maddəsinə əsasən ona sıralı olaraq məzəmmət, töhmət, şiddətli töhmət, hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs, əlaçı döş nişanından məhrumetmə, öz vəzifəsinə tam uyğun olmama barədə xəbərdarlıq, aşağı vəzifəyə keçirmə və hərbi rütbəsini bir pillə aşağı endirmə cəzaları verilməli idi. Lakin ona qarşı intizam nizamnaməsinin və hərbi xidmətkeçmə haqqında əsasnamənin tələbləri pozularaq heç bir xəbərdarlıq edilmədən heç bir daxili məhkəmə keçirilmədən, heç bir izahat alınmadan, heç bir araşdırma aparılmadan birbaşa “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılma tətbiq edilmişdir. 16 ildən çoxdur ki düşmənlə üzbəüz yerləşən Tovuz rayonunun müxtəlif bölmələrində xidmət etmiş və nəticədə bütün bu illərini və xidmətini ciddi hüquq pozuntusu ilə heçə sayaraq tərxis edilmişdir. Ailəlidir, 4 övladı, yaşlı ata və anası var. Evin tək oğludur və ailədə çalışan tək odur və bütün ailənin yükü onun üzərindədir. Düşmənlə üzbəüz Əlibəyli kəndində yaşayırlar. Atası ağır ürək damar xəstəsidir, daimi dərman istifadə edir və həkim nəzarətindədir. Göründüyü kimi, N nömrəli hərbi hissə komandanlığının ona qarşı verdiyi “Xidməti uyğunsuzluqla ehtiyata buraxılma” qərarı qanunsuzdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissə məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu baş çavuş İddiaçı 26 iyul 2005-ci il tarixdə Tovuz rayon SHXÇDX tərəfindən hərbi xidmətə çağırılmış, 26.10.2005-ci il tarixdən 12.08.2019-cu il tarixədək N nömrəli hərbi hissədə müvafiq vəzifələrdə xidmət etmiş, 12.08.2019-cu il tarixdən 25.09.2019-cu il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, 25.09.2019-cu il tarixdə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissənin 1-ci taborunun maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsü vəzifəsinə təyin edilmişdir. 1-ci tabor komandiri mayor Əhəd Quliyevin N nömrəli hərbi hissə komandirinə yazdığı raportdan görünür ki, 27 mart N0-ci il tarixdə N nömrəli hərbi hissənin 1-ci taborunun maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsü vəzifəsində xidmət edən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu baş çavuş İddiaçı, Azərbaycan Respublikasının Prezidenti Silahı Qüvvələrinin Alı Baş komandanının göstərişinə uyğun olaraq koronovirus pandemiyasına qarşı profilaktik tədbirlərin görülməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirinin 30 yanvar N0-ci il tarixli 32 nömrəli əmrini, Müdafiə Nazirinin birinci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 27 fevral N0-ci il tarixli 3 nömrəli sərəncamının, N nömrəli hərbi hissə komandirinin N mart N0-ci tarixli 84 nömrəli əmrinin tələblərinə əsasən xüsusi rejimli karantin elan olunmasına baxmayaraq həmin tələbləri kobud şəkildə pozaraq hərbi hissəni özbaşına tərk etmişdir. N nömrəli hərbi hissənin komandanlığı tərəfindən İddiaçı xarakterizə olunarkən qeyd edilmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu baş çavuş İddiaçı, 26.10.2005-ci il tarixdən 12.08.2019-cu il tarixədək və 25.09.2019-cu il tarixdən N nömrəli hərbi hissənin 1-ci taborunun maddi-texniki təminat taqımının avtomobil manqasının sürücüsü vəzifəsində xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, funksional vəzifə borclarını bilməyən və onların öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkən bir hərbi qulluqçu kimi tanıtmışdır. Peşəkar bilik səviyyəsinin artırılması üzrə öz üzərində çalışqanlığı qənaətbəxş deyil. İşinə tənqidi yanaşma qabiliyyətinə malik deyil. İradlardan nəticə çıxarmağa çalışsa da, qismən nail olur. Sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu baş çavuş İddiaçı xidməti vərəqəsinə baxdıqda onun mənfi bir hərbi qulluqçu kimi xarakterizə olunduğu görünür. Belə ki, o, xidməti düzgün təşkil etmədiyinə, vəzifə borclarına laqeyd yanaşdığına görə, xidməti yerini özbaşına tərk etdiyinə görə və koronovirus pandemiyasına qarşı mübarizə aparılma qaydalarını pozduğuna görə dəfələrlə intizam qaydasında cəzalandırılmışdır. Sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu baş çavuş İddiaçı vəzifə borclarını layiqincə yerinə yetirə bilmədiyini, xidməti yerini özbaşına tərk etdiyini və koronovirus pandemiyasına qarşı mübarizə aparılma qaydalarını pozduğunu nəzərə alaraq N nömrəli hərbi hissə komandiri polkovnik-leytenant X11 vəsatəti əsasında "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması haqda qərar qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin N əç nömrəli 29 mart N0-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin N əç nömrəli 29 mart N0-ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılması qanunidir. Bundan başqa N nömrəli hərbi hissə komandirinin N əç nömrəli 29 mart N0-ci il tarixli əmri “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunun 41.0.6-cı bəndinə (xidməti uyğunsuzluğa görə) əmrin mətni uyğundur. İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil şifahi məhkəmə baxışı iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişlər. İddiaçı izahatında onu da qeyd etmişdir ki, o, hərbi hissə komandirindən deyil, tabeliyində olduğu tabor komandiri Ə.Quliyevdən icazə almış, sonuncu ona şifahi formada getməyi üçün icazə vermişdir. Axşam saat 20:00 radələrində hərbi hissədən çıxmış, səhər saat N:00 radələrində qayıtmışdır. Həmin gün atası insult keçirmiş, o, təcili yardım çağırmaq və atasına xəstəxanaya aparmaq üçün getməli olmuşdur. Evi hərbi hissəsinin yaxınlığında təxminən 200 m. aralıda yerləşmişdirö Tabor komandirinin icazə ilə bağlı hərbi hissə komandirinə məlumat verib-verməməsini bilməmişdir, sadəcə atasının vəziyyətində narahat olduğu üçün icazə aldıqdan dərhal sonra hərbi hissədən çıxmışdır. İllərdir qüsursuz xidmət etmişdir və dəfələrlə medallarla təltif olunmuşdur. Bununla yanaşı xidməti vərəqəsində qeyd olunan 18.01.N0-ci il tarixli töhmət barədə ona heç bir məlumat verilməmiş, izahatı alınmamış, həmin töhmətin olmasını məhkəmə iclası zamanı bilmişdir. Cavabdehin nümayəndəsi X8 əvvəlki məhkəmə iclasında etirazın məzmununa uyğun izahat verərək bildirmişdir ki, tabor komandirinin hərbiçiyə hərbi hissəni tərk etməsi üçün icazə vermək səlahiyyəti yoxdur. Hərbiçi icazə almaq üçün tabor komandirinə müraciət etməli, tabor komandiri isə bu barədə hərbi hissə komandirinə məruzə etməlidir. Hərbi hissə komandirinin icazəsi ilə hərbiçi hərbi hissəni tərk edə bilər. Hərbi hissə tərkibində olmayan əlavə tabor olduğu təqdirdə, möhür tabor komandirində olur və onun icazə vermək səlahiyyəti olur. İddiaçı ona buraxılış vərəqəsinin təqdim edilməsini gözləməli idi. İddiaçıya sıra düzülüşünə gecikdiyinə görə töhmət verilmişdir, töhmətlə bağlı iddiaçının izahatının alınması və s. barədə heç bir məlumatı yoxdur. Cavabdehin digər nümayəndəsi X9 əvvəlki məhkəmə iclasında izahatında əlavə olaraq göstərmişdir ki, Azərbaycan Respublikası Silahlı X2 bununla bağlı dəqiq müddəa olmasa da, tabor komandirinin hərbiçiyə hərbi hissəni tərk etməsi üçün icazə vermək səlahiyyəti yoxdur. Müddətdən artıq hərbi xidmət keçən şəxs icazə almaq üçün tabor komandirinə müraciət etməli, tabor komandiri isə bu barədə hərbi hissə komandirinə məruzə etməlidir. Bundan sonra ona buraxılış vərəqəsi yazılmalı və o, həmin vərəqi aldıqdan sonra hərbi hissəni tərk edə bilər. Hərbi xidmətkeçmə haqqında əsasnamədə hər bir iş üzrə şərəf məhkəməsinin keçirilməsi məcburi hal kimi nəzərdə tutulmamışdır. Bu iş üzrə də təqdimat verilmiş, söhbətlər aparılmış, lakin şərəf məhkəməsi keçirilmədən əmr qəbul edilmişdir. Bu hal isə pozuntu deyildir. Ola bilər ki, əvvəllər də şəxs evinə getmişdir və bu hansı əsasla olub bilmir. Amma hazırki halda kazarma şəraitində onun hərbi hissədən çıxmasına icazə olmamışdır və tabor komandirinin də belə bir səlahiyyəti yoxdur. Cavabdehə və üçüncü şəxsə hazırkı şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştirakını təmin etməmiş və səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, hazırkı iddia tələbi mübahisələndirmə haqında iddia tələbidir və iddia tələbi üzrə ümumi və xüsusi mümkünlük şərtlərinə əməl edilmiş, iddiaçı barəsində qəbul edilmiş əlverişsiz inzibati aktın ləğv edilməsini xahiş etmişdir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddianın məqsədi inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsinə və dəyişdirilməsinə yönəlməli; 3. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalı; 4. İddia qaldırmaq səlahiyyəti olmalı; 5. iddia qaldırmaq üçün müəyyən edilən müddətə riayət edilməlidir. (Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35.1, 38.1 maddələri, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73. maddəsi). Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) Yubiley medalı”nın vəsiqəsindən görünür ki, baş çavuş İddiaçı Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 017t nömrəli 07.03.2013cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə təltif olunmuşdur. - “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) Yubiley medalı”nın vəsiqəsindən görünür ki, baş çavuş İddiaçı Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0107t nömrəli 24.06.2013cü il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı ilə təltif olunmuşdur. - “Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal”ın vəsiqəsindən görünür ki, baş çavuş İddiaçı Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin 0158t nömrəli 26.06.2019-cu il tarixli əmri ilə “Qüsursuz xidmətə görə” 3cü dərəcəli medal ilə təltif olunmuşdur. - 342 nömrəli təyinat vərəqəsinin surətindən görünür ki, İddiaçı 193 saylı Hərbi Hissə komandirinin 29.03.N0-ci il tarixli, N7ƏÇ nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmış və təyinat vərəqəsi 02 aprel N0-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. - “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” N nömrəli hərbi hissənin təhqiqatçısı X4 08.05.N0-ci il tarixli qərarından görünür ki, Tovuz rayon sakini, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş çavuş İddiaçı əsassız olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması faktı öz təsdiqini tapmadığına görə həmin fakt üzrə cinayət olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd olunmuşdur. Tovuz rayon sakini, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş çavuş İddiaçı ona təhkim edilmiş Kamaz markalı G 313QQ hərbi dövlət nişanlı avtomobili N nömrəli hərbi hissənin 1-ci taborunun komandiri mayor X6 əmri ilə öz hesabına təmir etdirməsi barədə ərizədə qeyd olunan fakt öz təsdiqini tapmadığına görə həmin fakt üzrə cinayət olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd olunmuşdur. Tovuz rayon sakini, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş çavuş İddiaçı hərbi xidmətdə olarkən N mart N0-ci il tarixdə saat 20:00dan 29 mart N0-ci il saat 05:00-dək xidmət yerini özbaşına tərk etməsindən ibarət əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd olunmuşdur. - Tovuz Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin Əlibəyli kənd həkim məntəqəsinin 01.07.N0-ci il tarixli 5N nömrəli arayışından görünür ki, İddiaçı Balakişi oğlu həqiqətən 11.10.2019, 15.10.2019, 06.01.N0, 25.02.N0 və 28.03.N0-ci il tarixli Əlibəyli həkim məntəqəsində ambulator müalicə almışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin 1-ci taborunun komandiri, mayor Əhəd Quliyevin imzaladığı xidməti xasiyyətnamədən görünür ki, baş çavuş İddiaçı N nömrəli hərbi hissənin 1-ci taborunda 10.06.2019-cu il tarixindən 29.03.N0-ci il tarixinədək xidmət etmişdir. Xidmət etdiyi müddət ərzində nizamnamələrin tələblərini bilirdi və xidmətdə yerinə yetirməyi də bacarırdı. Öz yoldaşları ilə xoş ünsiyyəti var idi. Qərar qəbul etmək lazım olduqda qeyri standart və fərqli cavabları öz fikri ilə əsaslandırmağı bacarırdı. Problem və ziddiyyətləri görür və dərhal onları aradan qaldırmağı bacarırdı. Yüksək nüfuza malik idi, xarici görünüşünü daima səliqəli saxlayırdı, geyim formasına tam riayət edirdi. Fiziki cəhətdən hazırlıqlı idi. Dövlət sirrini qorumağı bacarırdı. - Baş çavuş İddiaçı adına tərtib olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin 01.01.N0-ci il tarixli 2118 daxil olma nömrəli xidməti vərəqədən görünür ki, 19.03.2019-cu il tarixdə 326 nömrəli əmr ilə İddiaçı Novruz bayramı münasibəti ilə “İİ təşəkkür” həvəsləndirmə tədbiri tətbiq edilmişdir. - Həmin xidməti vərəqəyə əsasən İddiaçı sıra düzülüşünə gecikdiyinə görə 16.01.N0-ci il tarixdə, 325 daxil olma nömrəsi ilə töhmət verilmişdir. İddiaçı sıra düzülüşünə gecikdiyinə görə verilmiş töhmət ilə əlaqədar məhkəmə tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissəyə 27.09.N1, 01.10.N1 və 06.10.N1-ci il tarixlərdə müvafiq sorğular verilmiş, N nömrəli hərbi hissənin 11.10.N1-ci il tarixli 1089 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, sabiq hərbi qulluqçu İddiaçı barəsində 01.01.N0-ci il tarixdən 31.03.N0-ci il tarixədək barəsində töhmət verilməsi barədə məlumat yoxdur. Bundan başqa, məhkəmənin 08.05.N1-ci il və 18.06.N1-ci il tarixli sərəncamları ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissədən və tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissədən İddiaçı «Hərbi xidmət keçmə haqqında» əsasnamənin 156-cı maddəsinin «e» bəndinə əsasən ehtiyata buraxılması zamanı toplanmış bütün sənədlərin - təqdimat, söhbət vərəqəsi, şərəf məhkəməsinin qərarı və s. təsdiqlənmiş surətlərinin məhkəməyə təqdim edilməsi tələb olunmuş, lakin məhkəmənin qeyd edilən sərəncamları icra edilməmişdir. Yalnız 09.09.N1-ci il tarixdə keçirilən şifahi məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi X3 Rasim Qasım oğlunun «Hərbi xidmət keçmə haqqında» əsasnamənin 156-cı maddəsinin «e» bəndinə əsasən ehtiyata buraxılması zamanı toplanmış təqdimatı, 1 və 2-ci söhbətlərlə bağlı söhbət vərəqələrini, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin 1-ci taboru komandiri mayor Əhəd Quliyevin həmin hərbi hissənin komandirinə 27.03.N0-ci il tarixli raportunu və N nömrəli hərbi hissənin əməliyyat növbətçisinin xaric olan telefonoqram kitabından çıxarışları məhkəməyə təqdim etmiş, izahatında isə şərəf məhkəməsinin keçirilmədiyini bildirmişdir. Bundan başqa, əvvəlki məhkəmə iclasında şahid X10 verdiyi izahatında bildirmişdir ki, N saylı hərbi hissənin MTT üzrə müavini vəzifəsində xidmət edir. N0-ci ilin mart ayında dünyada yayılmış COVİD-19 virusu ilə əlaqədar ölkədə sərt karantin rejimi tətbiq olunmuşdur. Sərt karantin rejiminin tətbiqi ilə bağlı hərbi hissəyə Azərbaycan Respublikası Baş Qərargah rəisinin teleqramı daxil olmuş, həmin teleqramda bütün hərbi hissələrdə kazarma şəraitinin tətbiq olunması qərara alınmışdır. Onlar da həmin əmri hərbi hissənin şəxsi heyətinə elan etmişlər. Həmin vaxtı tabor komandiri vəzifəsində xidmət edirdi və həmin gün axşam İddiaçı ona yaxınlaşaraq atasının ağır xəstə olduğunu bildirərək atasına dərman almaq üçün icazə istəmişdir. O, da tabor komandiri olaraq iddiaçıya icazə vermişdir. İddiaçı hərbi hissəni tərk etdikdən sonra yoxlama gəlmiş və şəxsi heyət yoxlanılarkən İddiaçı hərbi hissədə olmamışdır. Həmin vaxtı bu məsələni hərbi hissə komandirinə, hərbi hissə komandiri isə korpus komandirinə məruzə etmişdir. Bununla əlaqədar İddiaçı 29.03.N0-ci il tarixində N nömrəli hərbi hissə komandirinin əmri ilə Azərbaycan Ordusunun sıralarından tərxis edilmişdir. Həqiqətən də İddiaçı atası xəstə olduğundan icazə vermiş, tabor komandiri kimi onun icazə vermək səlahiyyəti olmuşdur. İddiaçı pis hərbçi olmamış və xidməti fəaliyyəti zamanı nizam-intizama əməl etmiş, xidməti fəaliyyəti zaman bir çox ağır işlərin öhdəsindən gəlmiş, ön cəbhədə yerləşən 22 postu su ilə təmin etmişdir. Onun barəsində Şərəf məhkəməsi keçirilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin 1-ci taborun madditexniki təminat taqımının avtomobil manqasının sürücüsü vəzifəsində, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətdə olarkən atası İddiaçı Balakişi oğlunun xəstəliyi ilə əlaqədar tabor komandiri X5 icazə alaraq yaxınlıqda (hərbi hissə ilə eyni kənddə) yerləşən evinə getmiş və 29.03.N1-ci il tarixdə saat 05:00 radələrində hərbi hissəyə qayıtmışdır. Bundan sonra, N nömrəli hərbi hissə komandiri polkovnik-leytenant X11 vəsatəti əsasında "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən Silahlı Qüvvələrdən ehtiyata buraxılması haqda qərar qəbul edilmişdir. N nömrəli hərbi hissə komandirinin N əç nömrəli 29 mart N0ci il tarixli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) ehtiyata buraxılmışdır. Məhkəmə hesab edir ki, cavabdehin N əç nömrəli, 29 mart N0-ci il tarixli əmri qanunsuzdur və aşağıda qeyd olunanlara əsasən ləğv edilməlidir. Belə ki, cavabdeh iddia tələbinə qarşı məhkəməyə təqdim etdiyi etirazında əmrin qanuni olmasını onunla əsaslandırmışdır ki, İddiaçı xidməti düzgün təşkil etmədiyinə, vəzifə borclarına laqeyd yanaşdığına, xidməti yerini özbaşına tərk etdiyinə və koronovirus pandemiyasına qarşı mübarizə aparılma qaydalarını pozduğuna görə dəfələrlə intizam qaydasında cəzalandırılmışdır. Hətta İddiaçı xidməti vərəqəsinə əsasən ona sıra düzülüşünə gecikdiyinə görə tabor komandiri tərəfindən 16.01.N0-ci il tarixdə 325 daxil olma nömrəsi ilə töhmət verilmişdir. Yuxarıda da qeyd olunduğu kimi iddiaçıya töhmət verilməsinə dair məlumatın əldə edilməsi ilə bağlı məhkəmənin etdiyi sorğular nəticəsində N nömrəli hərbi hissənin 11.10.N1-ci il tarixli 1089 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, sabiq hərbi qulluqçu İddiaçı barəsində 01.01.N0-ci il tarixdən 31.03.N0-ci il tarixədək töhmət verilməsi barədə məlumat yoxdur. Bundan başqa, cavabdehin etirazında qeyd edilmişdir ki, İddiaçı xidmət etdiyi müddət ərzində özünü bacarıqsız, funksional vəzifə borclarını bilməyən və onların öhdəsindən layiqincə gəlməkdə çətinlik çəkən bir hərbi qulluqçu kimi tanıtmışdır. Peşəkar bilik səviyyəsinin artırılması üzrə öz üzərində çalışqanlığı qənaətbəxş deyil. İşinə tənqidi yanaşma qabiliyyətinə malik deyil. İradlardan nəticə çıxarmağa çalışsa da, qismən nail olur. Sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu baş çavuş İddiaçı xidməti vərəqəsinə baxdıqda onun mənfi bir hərbi qulluqçu kimi xarakterizə olunduğu görünür. Cavabdehin etirazında İddiaçı mənfi xarakterizə olunması ilə bağlı dəlilinə də tənqidi yanaşan məhkəmə qeyd edir ki, işdə olan sübutlardan məlum olduğu kimi iddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı və sonuncu dəfə, 26.06.2019-cu il tarixdə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif olunmuşdur və bu da şəxsin qüsursuz xidmətinin göstəricisidir. Bundan başqa, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin 1-ci taborunun komandiri, mayor Əhəd Quliyevin imzaladığı xidməti xasiyyətnamə ilə baş çavuş İddiaçı xidmət etdiyi müddət ərzində müsbət xarakterizə olunmuş, nizamnamələrin tələblərini yerinə yetirmiş, nizam-intizamlı və fiziki cəhətdən hazırlıqlı olmuş, dövlət sirrini qorumağı bacarmışdır. X10 məhkəmə iclasında şahid qismində verdiyi izahatında da həmin xüsusatları təsdiq etmişdir. Belə olan halda, məhkəmə cavabdehin iddiaçının mənfi xarakterizə olunması ilə bağlı etirazında göstərdiyi dəlilləri əsassız hesab edir. «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun: - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 41.0.6-cı maddəsinə görə ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin: - 1-ci maddəsinə əsasən bu Əsasnamə «Hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq hərbi xidmət keçilməsinin qaydasını müəyyən edir. - 2-ci maddəsinə əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin (bundan sonra Silahlı Qüvvələr adlanacaq) hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir. - 156-cı maddəsinin “e” bəndinə əsasən hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. - 162-ci maddəsinin birinci abzasına əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. - 162-ci maddəsinin ikinci və üçüncü abzaslarına əsasən birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. Bu zaman həqiqi hərbi xidmətdən yaşına, səhhətinə və ya ştatların ixtisarına görə buraxılan hərbi qulluqçularla (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) adətən söhbət buraxılmadan 2 ay qabaq aparılır. - 162-ci maddəsinin on üçüncü abzasına əsasən ikinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. - 162-ci maddəsinin on dördüncü abzasına əsasən aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, cavabdeh orqan iddiaçının hərbi hissəni özbaşına tərk etdiyini qeyd etsə də, iddiaçı atasının səhhəti ilə bağlı hərbi hissəni tərk etmədən öncə tabor komandirindən icazə almışdır. Bu xüsusat Tovuz Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin Əlibəyli kənd həkim məntəqəsinin 01.07.N0-ci il tarixli 5N nömrəli arayışı və həmin tarixdə tabor komandiri işləmiş X6 məhkəmə iclas zalında verdiyi izahatı ilə öz təsdiqini tapmışdır. Bundan başqa, hərbi hissə komandirinin 27.03.N0-ci il tarixli təqdimatında, habelə iddiaçı ilə aparılan birinci söhbət vərəqəsində (sənədlərdə söhbət vərəqəsinin günü aydın görünməsə də, N0-ci ilin mart ayı olduğu məlumdur) və ikinci söhbət vərəqəsində (27 mart N0-ci il) iddiaçının xidməti uyğunsuzluğu əsaslandırılmamış, sadəcə olaraq, təqdimatın əsaslandırılması hissəsində İddiaçı xidməti fəaliyyəti ilə bağlı mənfi xarakterizə olunması göstərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin 1-ci taboru komandiri mayor Əhəd Quliyevin həmin hərbi hissənin komandirinə ünvanlandığı raportunda Azərbaycan Respublikası Müdafiə nazirinin 30.01.N0-ci il tarixli 32 nömrəli sərəncamına, Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 27.02.N0-ci il tarixli 3 nömrəli sərəncamına, N nömrəli hərbi hissə komandirinin 02.03.N0-ci ilı tarixli 84 nömrəli əmrinə əsasən xüsusi rejimli karantin elan olunmasına baxmayaraq İddiaçı həmin tələbləri kobud şəkildə pozaraq xidməti yerini özbaşına tərk etməsi qeyd edilmiş, həmin raportun tarixi isə 27.03.N0-ci il kimi gööstərilmişdir. Lakin iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı atasının səhhəti ilə bağlı tabor komandirindən icazə alaraq hərbi hissəni məhz N mart N0-ci il tarixdə saat 20:00 radələrində tərk etmiş, İddiaçı hərbi hissəni tərk etdikdən sonra yoxlama gəlmiş və şəxsi heyət yoxlanılarkən İddiaçı hərbi hissədə olmamışdır. Bu xüsusat “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” N nömrəli hərbi hissənin təhqiqatçısı X4 08.05.N0-ci il tarixli qərarında və X6 izahatında da öz əksini tapmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, İddiaçı N mart N0-ci il tarixdən 29 mart N0-ci il tarixə keçən gecə hərbi hissəni tərk etməsi ilə bağlı bir gün öncədən, yəni 27 mart N0-ci il tarixdən raportun və təqdimatın hazırlanması, birinci və ikinci söhbətlərin aparılması, qüsursuz xidmət etməklə dəfələrlə mükafatlandırlan şəxsə qarşı birbaşa intizam tənbehinin ən ağırı olan - “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılması barədə 193 saylı Hərbi Hissə komandirinin 29.03.N0-ci il tarixli, N7ƏÇ nömrəli əmrinin qəbul edilməsi işin hallarına, törədilən əməlin ağırlığına, iddiaçının illərdir qüsursuz xidmətinə uyğun və adekvat olmamışdır. Belə ki, əvvəldə qeyd olunduğu kimi iddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı və sonuncu dəfə, 26.06.2019-cu il tarixdə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medal ilə təltif olunmuş, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin 1-ci taborunun komandiri, mayor Əhəd Quliyevin imzaladığı xidməti xasiyyətnamə ilə xidmət etdiyi müddət ərzində müsbət xarakterizə olunmuş, nizamnamələrin tələblərini yerinə yetirmiş, nizam-intizamlı və fiziki cəhətdən hazırlıqlı olmuş, dövlət sirrini qorumağı bacarmışdır. Habelə İddiaçı xidməti vərəqəsinə əsasən ona sıra düzülüşünə gecikdiyinə görə 16.01.N0-ci il tarixdə 325 daxil olma nömrəsi ilə töhmət verildiyi qeyd edilsə də, məhkəmə araşdırılması zamanı N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu İddiaçı barəsində 01.01.N0-ci il tarixdən 31.03.N0-ci il tarixədək töhmət verilməsi barədə məlumatın olmaması müəyyən edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı həqiqi hərbi xidmətdən buraxılmağa təqdim edilərkən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin yuxarıda şərh olunan tələblərinə əməl edilmədiyindən iddiaçının tələbi əsaslıdır və təmin olunması qanunamüvafiqdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. - 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə icranın nəticələrinin aradan qaldırılması üsulu və qaydası barədə göstəriş (təkliflər) verməyə haqlıdır. - 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. maddəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyi 193 saylı Hərbi Hissə komandirinin 29.03.N0-ci il tarixli, N7ƏÇ nömrəli əmri ləğv edilsin. İddiaçı N nömrəli hərbi hissənin 1-ci taborunun maddi texniki təminat taqımının avtomobil manqasında sürücü vəzifəsinə bərpa edilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar, apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar