Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-452/2022 17.03.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X6) dövlət aktında düzəliş edilməsi və çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 14.12.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, JN-1018, Kod 50401004 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onların ad və ata adına düzəliş edilməklə çıxarışın verilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 22.07.2003-cü il tarixli 97 saylı qərarı ilə Şəmkir rayonu Marol kəndinin ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə 0,36 ha torpaq sahəsi iddiaçıların mülkiyyətinə verilmiş və onların adına “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilmişdir. İddiaçılar qeyd olunan torpaq sahəsinə dair müvafiq çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etdikdə məlum olmuşdur ki, İddiaçı1 adı səhv olaraq “Elburus”, İddiaçı2 adı və ata adı “Hüseyn Elburus oğlu” və İddiaçı3 ata adı səhv olaraq “Elburus” olaraq qeyd edilmişdir. Hazırda sözügedən dövlət aktda yalnışlıq olduğuna görə iddiaçılar həmin torpaq sahəsinə dair heç bir hərəkət edə bilmirlər. Odur ki, qeyd olunan uyğunsuzluğun aradan qaldırılması məqsədilə DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsələr də, cavabdeh orqan bundan imtina etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçılar və üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş 13.01.2022-ci il tarixli, **********58 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıların müraciəti ilə bağlı onlara izah olunmuşdur ki, soyada, ada və ata adına düzəliş edilməsi idarənin səlahiyyətləri xaricindədir. Bu səbəbdən də onların ərizəsinin icrasından imtina edilmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş JN-1018 Kod 50401004 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 22.07.2003-cü il tarixli 97 saylı qərarına əsasən X5, X1, X2 və İddiaçı3 Elburus oğlunun mülkiyyətinə 0.36 ha torpaq sahəsi verilmişdir. -Şəmkir rayon Qeydiyyat şöbəsinin 23.10.2021-ci il tarixli 5027 nömrəli arayışından görünür ki, İddiaçı1 xx.xx.1962-ci il tarixdə anadan olmuş, bu barədə 22.02.1963-cü il tarixdə 32 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. -Şəmkir rayon Qeydiyyat şöbəsinin 23.10.2021-ci il tarixli 5024 nömrəli arayışından görünür ki, İddiaçı2 xx.xx.1987-ci il tarixdə anadan olmuş, bu barədə 18.09.1987-ci il tarixdə 599 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. -Şəmkir rayon Qeydiyyat şöbəsinin 23.10.2021-ci il tarixli 5027 nömrəli arayışından görünür ki, İddiaçı3 xx.xx.1989-cu il tarixdə anadan olmuş, bu barədə 05.07.1989-cu il tarixdə 501 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. -“Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin 25.02.2022-ci il tarixli **********99 nömrəli məktubuna surəti əlavə edilmiş “N.Nərimanov adına X10 balansında olan torpaqlardan pay alacaq subyektlərin siyahısı”ndan görünür ki, iddiaçıların adları və soyadları siyahının 1942-ci sırasında “X9”, “X8” və “İddiaçı3” kimi qeyd olunmuşdur. -DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin 18.10.2021-ci il tarixli, **********20 nömrəli məktubunun məzmunundan görünür ki, iddiaçıların ərizəsinin icrasından imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hər tərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçılar İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından qismən əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 22.07.2003-cü il tarixli 97 saylı qərarı ilə X7, X3, X4 və İddiaçı3 Elburus oğluna 0.36 ha torpaq sahəsi verilmiş və bununla bağlı JN-1018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib edilmişdir. İddiaçılar isə dövlət aktında adları qeyd olunan şəxslərin özləri olduğunu, sadəcə olaraq adlarında və ata adlarının yazılışında müəyyən səhvə yol verildiyini bildirərək dövlət aktında müvafiq düzəliş edilməsini tələb etmiş, cavabdeh orqan isə dövlət aktında onların adına və ata adlarına düzəliş edilməsinin idarənin səlahiyyətləri xaricində olduğunu bildirərək bundan imtina etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd edilməlidir ki, iddiaçıların dövlət aktında müvafiq düzəliş edilməsindəki hüquqi maraqları Şəmkir rayon Aqrar İslahat Komissiyasının 22.07.2003-cü il tarixli 97 saylı qərarı ilə verilmiş torpaq sahələri ilə bağlı hüquqi sənədlərin (çıxarışın) əldə edilməsidir. Qeyd olunur ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu ilə müəyyən edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Məhkəmə tələbin “dövlət aktında İddiaçı1 və İddiaçı2 adına düzəliş edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, JN-0061 kod 50208018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında, eləcə də “N.Nərimanov adına X10 balansında olan torpaqlardan pay alacaq subyektlərin siyahısı”nda İddiaçı1 adı “Elburus” kimi, İddiaçı2 adı “Hüseyn” kimi yazılmışdır. Göründüyü kimi həm dövlət aktında, həm də müvafiq siyahıda onların adı “Elburus” və “Hüseyn” kimi yazılmışdır. Bu səbəbdən də məhkəmə tələbi həmin hissədə əsassız hesab edir. Tələbin “dövlət aktında İddiaçı2 və İddiaçı3 ata adına düzəliş edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, JN-0061 kod 50208018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında həmin şəxslərin ata adları “Elburus” kimi qeyd edilsə də, “N.Nərimanov adına X10 balansında olan torpaqlardan pay alacaq subyektlərin siyahısı”nda ata adları “Elbrus” kimi qeyd olunmuşdur. Göründüyü kimi ilkin sənəddə onların ata adı düzgün qeyd olunsa da, dövlət aktında səhvə yol verilmişdir. Qeyd olunan hal dövlət aktlarını hazırlayan səlahiyyətli qurumun texniki səhvi və yaxud hər hansı qüsuru kimi qiymətləndirilməlidir. Bu səbəbdən də, məhkəmə tələbi həmin hissədə əsaslı hesab edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. -19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun:- -16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. -16.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə cavabdeh orqanın qeyd olunan arqumentlərini qismən əsassız hesab edir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, JN-1018, Kod 50401004 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında X2 və İddiaçı3 Elburus oğlunun ata adlarına “Elbrus” kimi düzəliş edilməklə çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə İddiaçılar cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. JN-1018, Kod 50401004 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında X2 və İddiaçı3 Elburus oğlunun ata adlarına “Elbrus” kimi düzəliş edilməklə müvafiq çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri üzrə Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-452/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-452/2022
17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver