Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-4520/2023 10.10.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlu, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (maraqlı şəxs X3) çıxarışın etibarsız sayılması və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında nəzərdən keçirərək, M ü ə y y ə n e t d i m: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, X1 verilmiş 0,08 ha torpaq sahəsinə dair seriya MA0107655 saylı çıxarışın etibarsız hesab edilməsi, JN-269A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə əsasən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı hazırki tələbin çıxarışın etibarsız hesab edilməsi (qeydin ləğv edilməsi) hissəsi ilə bağlı ilkin olaraq cavabdehə rəsmi qaydada müraciət etməsini təsdiq edən sübut təqdim etməmişdir. İddia ərizəsinə əlavə edilmiş cavabdehin imtina aktından görünür ki, imtinanın məzmunu yalnız JN-269A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə üzrə torpaq sahəsinin qeydə alınması ilə bağlıdır. Həmçinin iddiaçının diqqətinə çatdırılır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununda və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində yalnız inzibati aktların ləğv edilməsi, etibarsız sayılması, habelə qanuniliyinin yoxlanılması əsasları, prinsipləri nəzərdə tutulur və tənzimlənir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt hesab edilmir. Bu baxımdan çıxarışın etibarsız hesab edilməsi tələbi inzibati məhkəmə icraatının predmeti hesab edilə bilməz. Odur ki, cavabdeh quruma müraciət edərkən, habelə yenidən iddia qaldırdıqda daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğvi tələbi ilə çıxış etmək məqsədəuyğundur. Eyni zamanda izah edilir ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 27-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları iddiaçı, cavabdeh və inzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslərdir. Həmin Məcəllədə “maraqlı şəxs” prosessual statusu müəyyən edilməmişdir. Məhkəməyə təqdim etdiyiniz iddia ərizəsində isə X2 maraqlı şəxs qismində qeyd etmisiniz. Odur ki, iddia ərizəsində iddianı qaldıran şəxs “iddiaçı” qismində, tələbin yönəldiyi və yaxud tələbə cavab verməli olan inzibati orqan “cavabdeh” qismində, tələb üzrə hüquq və maraqlarına toxunulan subyekt isə “üçüncü şəxs” qismində cəlb edilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9-cu bəndində Plenum məhkəmələrə izah etmişdir ki, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə cavabdehə müraciət etməsi və iddianın verilməsi müddətinə əməl olunması yoxlanılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra-inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (maraqlı şəxs X3) çıxarışın etibarsız sayılması və torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınması tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə yenidən məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-4520/2023
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-4520/2023
10.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver