Məhkəmə qərarları › İş №2-1(114)-453/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-453/2022

28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-453/2022 28.04.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli, **********16 nömrəli məktubunun qanunsuz hesab edilməsi və JN-0263 KOD 50401004 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun adının düzəldilməklə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 97 nömrəli qərarı ilə Şəmkir rayonu, Morul (hazırda Şəmkir şəhər ərazisi) kəndinin ərazisindən kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.45 ha torpaq sahəsi onunn mülkiyyətinə verilmiş və adına “Torpağa mülkiyyət hüququna dair” JN-0263 KOD 50401004 saylı dövlət aktı verilmişdir. O, qeyd olunan torpaq sahəsinə dair müvafiq çıxarış almaq üçün DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etdikdə həmin idarədən bildirilmişdir ki, dövlət aktında adı səhv olaraq “Qədim” kimi qeyd olunmuşdur. Hazırda onun “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında yanlışlıq olduğuna görə o, mülkiyyətində olan torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmir. O, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etsə də, ona xx.xx.2021-ci il tarixli, **********16 nömrəli məktubla imtina edilmişdir. Qeyd olunan imtinanı qanunsuz hesab edir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ata adına düzəliş edilməsi ilə bağlı 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və iddiaçıya izah olunmuşdur ki, soyada, ada və ata adına düzəliş edilməsi idarənin səlahiyyətləri xaricindədir. Bu səbəbdən də ona aidiyyəti üzrə müvafiq məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: « Doğum haqqında » xx.xx.1962-ci il tarixli, AZ 206492 nömrəli şəhadətnamənin və AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, İddiaçı xx.xx.1944-cü il tarixdə Şəmkir şəhərində anadan olmuşdur. Şəmkir rayonu N.Nərimanov adına təsərrüfatında pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısının təsdiqlənmiş surətindən görünür ki, X3 və ailə üzvləri X1, X4, X6 və X5 0,12 ha pay torpaq sahəsi ayrılmışdır. “Torpağa mülkiyyət hüququna dair” xx.xx.2006-cı il tarixli, JN-0263 KOD 50401004 nömrəli dövlət aktının təsdiqlənmiş surətindən görünür ki, Şəmkir Rayon Aqrar İslahat Komissiyasının 22 iyul 2003-cü il tarixli, 97 nömrəli qərarı ilə X3 Şəmkir rayonu, Morul kəndində yerləşən 0.45 ha torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********16 nömrəli məktubunda iddiaçıya məxsus Şəmkir şəhərində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş Jn-263 saylı dövlət aktında səhv yazılmış ada düzəliş edilməsi 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, xx.xx.2006-cı il tarixli, JN-0263 nömrəli, 50101004 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Şəmkir Rayon Aqrar İslahat Komissiyasının xx.xx.2003-cü il tarixli, 97 saylı qərarı əsasında verilmiş 0.45 ha torpaq sahəsinin mülkiyyətçisi sırasında X2 adı qeyd edilsə də, iddiaçı “X7” kimi adının səhv göstərilməsini qeyd etmiş və “İddiaçı” kimi yazılmasını tələb etmiş, cavabdeh orqan isə bundan imtina etmişdir. Şəmkir rayonu N.Nərimanov adına təsərrüfatında pay torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısının təsdiqlənmiş surətindən görünür ki, X3 və ailə üzvləri X1, X4, X6 və X5 0,12 ha pay torpaq sahəsi ayrılmışdır. Beləliklə, iddiaçı xx.xx.2006-cı il tarixli, JN-0263 nömrəli, 50401004 kodlu “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında adının səhv göstərildiyini qeyd etsə də, iş materiallarında olan sənədlərdən görünür ki, həmin dövlət aktı X3 verilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın hərəkətlərində heç bir qanun pozuntusu yoxdur və mübahisə predmeti olan dövlət aktında düzəliş edilməsi onun səlahiyyətlərinə aid deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı dövlət aktında düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar